Ölkədə ikiqat devalvasiya gözlənilir YENİLƏNİB

Mərkəzi Bank əhalini arxayınlaşdırır; banklar dollar satışını məhdudlaşdırıb; bəzi banklar dolları şəxsiyyət vəsiqəsilə satır

Bir neçə gündür ki, sosial şəbəkələrdə ekspertlər manatın ikinci devalvasiyasının baş tutacağı barədə proqnoz səsləndirir. Manatın məzənnəsinin düşəcəyindən narahat olan vətəndaşlar yenidən əlindəki manatı dollar çevirməyə tələsirlər. 

Bu gün isə bir neçə bankda dollar satışını dayandırılması ilə bağlı məlumatlar yayılmışdı.

Məsələni dəqiqləşdirmək üçün bir neçə bankın filialına baş çəkilib. Bildirək ki, “Rabitəbank”, “Bank VTB”, “Unibank”, “Yapıkredi bank”, “Muğanbank” dollar satışını dayandırmayıb. Sözügedən banklar Mərkəzi Bankın onlara tövsiyə etdiyi 1.0550 məzənnəsi ilə dollar satışını həyata keçirirlər.

“Atabank”, "Kapital Bank" və "Dəmir Bank"da isə dollar satışı dayandırılıb. 

Qeyd edək ki, “Unibank”da maksimim 2000 dollar almaq mümkündür (qafqazinfo.az).

***

Bazar ertəsi Mərkəzi Bank dolların məzənnəsini elan etdikdən sonra bəzi banklar məhdud həcmdə dollar satışına  başlayıblar. Bankdan asılı olaraq bir ələ  $1 mindən $5 minədək həcmdə dollar satışı ilə bağlı limit müəyyən edilib. Lakin valyuta tez qurtarır. Ekspertlər baş verənləri valyuta qıtlığının artması ilə əlaqələndirirlər. AMB-nin məlumatına görə, iyulda valyuta ehtiyatları $18,7 mln. azalıb.
Fevral devalvasiyasndan sonra martdan iyula qədər AMB-nin valyuta ehtiyatları
$11 mlrd. 4,4 mln.-dan  $8 mlrd. 501,5 mln.-dək azalıb.
Xatırladaq ki, 2014-cü il iyulun 31-i üçün AMB-nin valyuta ehtiyatları $15 mlrd. 193.4 mln. ekvivalentində olub. İllik zaman kəsiyində AMB-nin valyuta ehtiyatları $6 mlrd. 691,9 mln. tükənib. (contact.az)

 

***

Ərzaq məhsulları bahalaşandan sonra ölkədə dollar qıtlığı yaranıb. Buna səbəb hökumətin növbəti dəfə devalvasiyaya gedəcəyindən ehtiyat edən əhalinin sürətlə dollar toplamağa başlamasıdır. Doğrudur, Mərkəzi Bank yayılan məlumatları əsassız adlandırır. Bankın iddiasına görə, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. “Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər. Eyni zamanda bildiririk ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş fililal şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş recimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcəklər.

Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır", – deyə Mərkəzin Bankın məlumatında bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir.

İki günə 370 milyon dollar satılıb

Lakin reallıq Mərkəzi Bankın iddialarını alt-üst edir.

Məsələn, marja.az saytının əməkdaşları banklarda olaraq dolların satışı ilə maraqlanıb. Məlum olub ki, bir sıra bankların filiallarına baş ofisləri tərəfindən 22.08.2015-il tarixindən bütün valyutalar üzrə satışı dayandırmaq tapşırılıb. Bir sıra banklarda isə dolların satışına limit tətbiq olunub. Tətbiqə görə, bir nəfərə yalnız 2000 dollar satılır. Dollar alan vətəndaşların şəxsiyyət vəsiqəsi alınaraq sürəti çıxarılaraq götürülür.

Banklardan bildiriblər ki, dollar satışının dayandırılması həftənin bazar ertəsindən yeni məzənnə ilə satılacağı ilə izah olunur.

Bundan report.az məlumat yayıb ki, ötən iki iş günü ərzində banklar cari tələbata uyğun olaraq Mərkəzi Bankdn 370 mln. dollar alıb. Bunun 47 faizi və ya 176 mln. dolları avqustun 20-də, qalan 53 faizi və yaxud 194 mln. dolları isə avqustun 21-də satılıb.

Müşahidəçilər hesab edirlər ki, dollara olan tələbatın bu şəkildə artması təsərrüfat subyektləri və s. müştərilərin müvəkkil kommersiya bankları, həmçinin fiziki şəxslərin mübadilə məntəqələri vasitəsilə milli valyutanın ABŞ dollarına konvertasiya etmək istəyi ilə bağlıdır. Bəzi hallarda nağd valyuta bazarında artmış tələbatı nəzərə alaraq mübadilə məntəqələri əsassız olaraq dolların satış məzənnəsini icazə verilən normadan daha çox artırmağa çalışır.

Qeyri-rəsmi məlumatlara görə isə AMB ötən gün dolların maksimal satış məzənnəsini 1,0550 AZN/USD səviyyəsində məhdudlaşdırıb.

Bütün bu amilləri nəzərə alaraq avqustun 22-də əksər mübadilə məntəqələri artıq səhər saatlarında nağd dolların satışını dayandırıb. Müşahidəçilər bunu kommersiya banklarının AMB-nin bazar ertəsi, avqustun 24-ü üçün müəyyənləşdirəcəyi rəsmi məzənnələri gözləməsi ilə əlaqələndirirlər.

Fevral devalvasiyasından sonra Ilham Əliyev Mingəçevirdə bəyan etmişdi ki, devalvasiyanı zəruri edən bir neçə səbəb var idi. Onlardan biri gün ərzində bazarda 500 milyon dolların satışa çıxarılması və bu məbləğin alınması olub. Ilham Əliyevin Mingəçevirdə etdiyi məlum çıxışından sözügedən hissəni diqqətinizə çatdırırıq: “Müəyyən ajiotaj yarandı və bir qədər manatın məzənnəsində dəyişiklik olan kimi əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Son vaxtlar hər gün minimum 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın və əslində manat əvvəlki səviyyəyə enmişdir. Islahat başlayanda 1 manat 1 dollar idisə, indi də 1 manat təxminən 1 dollara bərabərdir”.

Nəinki ikinci, hətta üçüncü devalvasiya da baş verə bilər

Əgər fevral devalvasiyasını zəruri edən səbəblərdən biri 500 milyon dolların satılması idisə, o zaman yeni devalvasiyanın olması qaçılmazdır. Çünki indi də iki günə 500 milyondan bir qədər az, 370 milyon dollar satılıb. Ümumiyyətlə, ekspertlər hesab edir ki, Mərkəzi Bankın açıqlamalarına baxmayaraq devalvasiya zərurətə çevrilib. Məsələn, iqtisad elmləri doktoru Qubad Ibadoğlu “Facebook” səhifəsində yazıb ki, manatın nəinki ikinci, hətta üçüncü devalvasiyası da baş verə bilər. Ekspert hesab edir ki, hazırkı daxili iqtisadi vəziyyət və mövcud xarici konyuktura inzibati qaydada tənzimlənən və valyuta ehtiyatlarının azalmasını şərtləndirən manatın məzənnəsini yaxın dövrlərdə daim təzyiqlər altında saxlayacaq. “Nə qədər ki, Mərkəzi Bank milli valyutanı bazara müdaxilə yolu ilə tənzimləyəcək, bir o qədər də manatın taleyi ilə bağlı narahatçılıq qalacaq. Odur ki, Azərbaycan manatının xilas yolu ilk növbədə valyuta bazarının və bütövlükdə iqtisadiyyatın liberallaşmasından keçir. Əks təqdirdə, əgər islahatlar aparılmayacaqsa, manatın nəinki ikinci, hətta üçüncü devalvasiyası da baş verə bilər”, – deyə Qubad Ibadoğlu qeyd edib.

Onun fikrincə, hazırkı siyasətin davam etdirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının tamamilə xərclənməsinə gətirib çıxaracaq. “Bu halda həm valyuta ehtiyatlarını və həm də manatın dəyərini sürətlə itirə bilərik. Yeganə yol islahatlardan keçir, islahatların nəinki keçirilməməsi, hətta ləngidilməsi belə Azərbaycan maliyyə-bank sistemini iflasa aparacaq”, – deyə ekspert bildirib.

***

AXCP sədri Əli Kərimli də mövzuya münasibət bildirib. O, facebook səhifəsində yazıb:

"Deməli, xalqımız eşidən kimi ki, neftin qiyməti düşür, hücum çəkib valyutadəyişmə məntəqələrinə dollar almağa. İkicə günə 370 milyon dollar alıblar. Hökumət görüb ki, bu gedişlə bütün rezervləri bircə aya tükənəcək. Qorxub, valyuta satışını dayandırıb. Həm də bilirlər ki, belə məqamlarda öz ətraflarındakı oliqarxlar daha çox həyəcan yaradıb, daha çox qazanırlar. Xalqda o qədər pul hardadır ki, milyardlarla dollar alsınlar? Guya bunlar tədbirlidir axı, göstəriş veriblər ki, ancaq şəxsiyyət vəziqəsilə dollar satılsın. İndi bu ağılla bunlar guya oliqarxların dollar almasına mane olacaqlar. Ay “ağıllılar”, elə bugünlərdə “bandotdel”də qonaq etdiyiniz bir oliqarx Beynəlxalq Bankdan milyonlarla manat krediti min nəfər işçisinin şəxsiyyət vəsiqəsi ilə almamışdı? 

Heç rast gəlmisiniz ki, hansısa oliqarx valyutadəyişmə məntəqəsinə və ya banka gedib dollar alsın? Valyuta satışını dayandırmaqla manatın belini qırdığınızı başa düşmürsünüz? Bankları nə qədər bağlı saxlayacaqsınız? Banklar açılan kimi dünənə qədər dollar yadına düşməyənlər də dollar almağa qaçmayacaq? Sovetin taleyi sizə dərs olmadı? Bəlkə talon sisteminə keçəsiniz? Bazar iqtisadiyyatını belə idarə etməkmi olar? Ölkədə real islahatlara başlamaq əvəzinə valyuta satışını inzibati qaydada dayandırmaqla ancaq divar qurtarana qədər gedərsiniz".