Onların dinc etirazı olmasaydı…

Sağ olsunlar bu sadə və təəssübkeş gənclər. Onların dinc etirazı olmasaydı, Bəhruz Hacıyevin də qanı polis idarələrində ölən digərləri kimi tamamilə batırılacaqdı. Gəncləri döyüb dağıtsalar da, həbs etsələr də, tələblərinə tam biganə qala bilmədilər.
 
Mingəçevirdə Bəhruz Hacıyevin ölümünə görə şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadə həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin iki maddəsi üzrə – 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Düzdür, əməlin tövsüfi yenə də düzgün deyil. İşgəncə ilə adam öldürmüş qatilləri himayə etmək istəyi hələ də güclüdür. Amma bu, artıq töhmət vermək kimi adamları ələ salmaq da deyil.
 
İctimaiyyət prosesi izləməlidir. Bəhruz Hacıyevi bir nəfər öldürməyib. Onun ölümündə və bu ölümün ört-basdır edilməsində iştirakı olanların hamısı məsuliyyətə cəlb olunmalı, Mingəçevirdə «Qardaşımızın qanı yerdə qalmayacaq» şüarı ilə dinc etiraz etdiyinə görə həbs olunmuş 20 nəfərdən artıq günahsız insan dərhal azad edilməlidir.