“Yeni Müsavat”ın daha bir yalanı ifşa olundu FOTO

Qəzet AXCP-dən 2013-də həbsdəykən imtina edən birindən təzə "istefa bəyanatı" alıb

“Yeni Müsavat” qəzeti AXCP ilə bağlı növbəti yalana baş vurub. Qəzetin saytında bu gün keçmiş siyasi məhbus Rahib Hacıyevdən AXCP-dən istefa verib Razi Nurullayevin yanına getdiyi haqda açıqlama alıb dərc ediblər.

Bununla bağlı AXCP özünü facebook səhifəsində ifşaedici arayış yayıb.

“Hakimiyyət deyəsən, AXCP-yə aidiyyatı olmuş-olmamış kimi tapsa, ondan bu partiyadan istefa verdiyi haqda bəyanat alacağına and içib. Biz ifşa etməkdən bezdik, bunlar yalançı istefa açıqlamaları yaymaqdan yorulmadılar. Bu gün də AXCP-nin keçmiş üzvü, siyasi məhbus olmuş və həbsdəykən İlham Әliyevə məktub yazaraq, peşmançılığını bildirən, əfv diləyib AXCP-dən istefa verdiyini bəyan edən Rahib Hacıyevi tapıblar. Adamı göndəriblər "iqtidarın ən çox oxunan qəzeti", hazırda AXCP-yə qarşı "Razi əməliyyatı"nın informasiya dəstəkçisi olan "Yeni Müsavat"a ki, oradan bir "istefa" açıqlaması yay. O şər böhtan maşını da bu adamın türmədən İlham Әliyevə məktubunu hələ 2013-cü ilin dekabrında öz səhifəsindən tirajladığını unudubmuşcasına, ar eləmədən həmin açıqlamanı alıb, yayıb. Razi Nurullayevin mətbuat xidmətinə çevrilmiş o qəzetin yalanını elə onun öz arxivindən götürülən sübutla ifşa edirik. Buyurub, özlərini görsünlər” – deyə AXCP bildirir.

AXCP R.Hacıyevin həbsxanadan İ.Əliyevə məktub yazdığı haqda “Yeni Müsavat”ın saytında vaxtilə dərc olunmuş məlumatın fotosurətini də paylaşıb.