«Rusiya prezidentinin bəyanatlarına daha dostları da inanmır; O, ya hakimiyyətdən, ya da həyatdan getməlidir»
Rusiya prezidenti Vladimir Putinin yüksək reytinqinə baxmayaraq, Kremldəkilər çevriliş baş verə biləcəyini hiss edir. Bu barədə ABŞ-ın məşhur “Forbes” jurnalı yazır. Qeyd olunur ki, Kreml elitası vəziyyətin daha da pisləşməsini gözləmədən Putinin getməsini də düşünə bilər. Hətta Rusiyanın nüfuzlu “Kommersant” nəşrinin yaradıcısı da yaxın vaxtlarda köklü dəyişikliklərin olacağını proqnozlaşdırır və əlində vəsaiti olan rusiyalılara bir müddətlik ölkəni tərk etməyi məsləhət görür.
“Forbes” yazır ki, Putinin səhvləri günü-gündən daha da aydın görünür. Heç kim inkar etmir ki, Rusiya kleptokratik dövlətdir, ölkəyə rəhbərlik edənlər milli sərvətlərin böyük hissəsini oğurlayıb. Rusiya həmçinin rəsmən xalqı aldatmaqdan, beynəlxalq hüquq normalarını pozmaqdan da çəkinmir. Eyni zamanda, Rusiyanın beynəlxalq məhkəmələr qarşısında da böyük borcları var. Putinin Kremli belə düşüncə tərzini inkişaf etdirir, bu da dünya liderlərini ciddi şəkildə həyəcanlandırır.
“Forbes” qeyd edir ki, Putinin iqtisadi siyasəti də fəlakətlə nəticələnib. Diversifikasiya vədlərinə baxmayaraq, Rusiya dünya bazarında neftin qiymətindən asılı olan xammal iqtisadiyyatı kimi qalır. Neftin qiymətinin düşməsi, beynəlxalq sanksiyalar və ərzaq embarqosu nəticəsində Rusiyada altı rübdü iqtisadi geriləmə baş verir. Yaxın dövrdə isə ən yaxşı halda, cüzi artıma ümid edə bilər. Putinin iqtisadi artım və rifah vədlərinə baxmayaraq, əhalinin yaşayış səviyyəsi düşür. Investisiyaların yoxluğu Rusiyanın iqtisadi gələcəyini ağırlaşdırır. Yalnız Putinin bürokratik aparatı zərər çəkməyib. Tərifli ehtiyat fondu tezliklə bitəcək. “Qara gün”ə demək olar, heç nə qalmayıb. Putinin bəyanatlarına isə daha dostları da inanmır.
Putinin ardınca getməyə dəyərmi?
Rusiya xalqı bunun əvəzində nə əldə edib? Yalnız Krımı alıb. Putinin silahla təhdidi hamının diqqətini özünə cəlb etdi və qorxu yaratdı. Onun Rusiyaya böyük dövlət statusunu qaytarmaq planları SSRI-nin dağılmasından narazı qalanları məmnum etdi. Bir çox rusiyalı Putinin təbliğatının tələsinə düşdü.
Rusiya xalqından fərqli olaraq, Kremldə olanlar ölkə iqtisadiyyatının əslində hansı vəziyyətdə olduğunu yaxşı bilir. Neftin qiyməti artana qədər iqtisadiyyat ağır durumda olacaq. Bu isə çox uzun çəkə bilər. Borc içində batan Rusiya şirkətləri kredit ala bilmir. Çin isə köməyə gələ bilmir, heç bunu bacarmır da. Kremlin xarici ərzaqlara qoyduğu qadağa inflyasiyanın 15 faiz artmasına gətirib çıxarıb.
Ətrafı Putinin xarici siyasətində də yaxşı heç nə görmür. Rusiya Krımı güllə atmadan işğal etdi, əvəzində ölkə milyardlarla dollar itirdi. Hazırda da korrupsiya bataqlığındadır.
Qərbin köməyi effektiv olmasa da, Ukraynanın bərpası olması üçün yardımlar davam etdirilir. Putinin müharibəsi hələ bir neçə nəsil Rusiyaya nifrət edəcək vahid Ukrayna yaratdı. Ukrayna ordusu güclənib və Rusiyapərəst separatçıların onu məğlub edəcəyinə əminlik yoxdur.
Deməli Putinin ətrafındakılar özlərinə sual etməlidir: Putinin növbəti addımı necə olacaq və onun ardınca getməyə dəyərmi?
Putinin təklif etdiyi variantların heç birini “yaxşı” adlandırmaq olmaz.
Əgər separatçılara dəstək verməsə, özü və ətrafı “uğursuz” adı qazanacaq. Yeni hücuma dəstək versə, Qərb yeni sanksiyalar tətbiq edəcək və bu da iqtisadiyyatı tamam məhv edəcək. Bu sanksiyalar arasında SWIFT-dən çıxarılma da ola bilər, bu da maliyyə əməliyyatlarının dayandırılmasına və şirkətlərin müflis olmasına gətirib çıxaracaq.
Rusiya prezidentinin yaxın ətrafı hədəfdə
Daha sonra “Forbes” yazır: Bir çoxları Putin rejiminin sonunun qaçılmaz olduğunu deyir. Ancaq bunun nə vaxt baş verəcəyi hələ aydın deyil. Putin ya hakimiyyətdən, ya da həyatdan getməlidir. Bəzi əlamətlər ehtimal etməyə əsas verir ki, proses Putinin yaxın müttəfiqlərinə hücumdan başlayacaq. Görünür, bu da artıq başlayıb.
Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov müxalifətçi blogger Aleksey Navalnının hədəfinə çevrilib. O, iddia edir ki, Peskov həftəsi 500 min dollar olan yaxta kirayələyib və 620 min dollarlıq saat taxır. Peskov deyilənləri təkzib etsə də, sosial şəbəkələrdə yayılan şəkillər bunun əksini sübut etdi. Adətən Navalnının bu tip qalmaqallı reportajları tirajlanmasa da, bu dəfə bütün medianı dolaşdı.
Bu arada, Putinin yaxın ətrafında olan və Qərbin sanksiyalarının hədəfinə çevrilən Vladimir Yakunin Rusiya Dəmir Yolları Idarəsinin rəisi vəzifəsindən getdiyini bəyan edib. “Forbes”in yazdığına görə, onun istefaya getməsi son bir neçə gündə ciddi hadisələrin baş verməsinə işarədir. Bəzi media orqanlarının yazdığına görə, Yakunin gəlir mənbəyini açıqlamaqdan imtina edib. Lakin Navalnı Yakuninin əmlakının siyahısını dərc edib.
Eyni zamanda Putinin uşaqlıq dostu, iş adamı Gennadi Timçenko yarımrəsmi “Vedomosti” qəzetinin tənqid obyektinə çevrilib. Məqalələrin birində deyilir ki, Qərbin sanksiyaları səbəbindən Timçenko Cenevrədə göl sahilindəki villasına gedə bilmir, ona görə də SSRI-nin birinci katibi olmuş Nikita Xruşşovun iqamətgahına köçüb. Məqalədə onun işbirliyində olduğu şübhəli dairələrin də siyahısı təqdim edilir.
Putinin şəxsi mühafizəçisi və Daxili Qoşunların komandanı Viktor Zolotov da təhlükəsizlik xidmətilə sıx əlaqələri olan nəşr tərəfindən medianın hücumunun hədəfinə çevrilib. Onun da əmlakının uzun siyahısı dərc edilib.
Bəzi analitiklər bu hadisələri onunla izah edir ki, Putinin dostlarına marağı itir və o, yaxın ətrafını yeniləmək istəyir. Ancaq böyük ehtimalla, bu belə deyil. Çünki hazırkı vəziyyət nəzərə alınmaqla, Putinin dostlarına ehtiyacı var. Çətin vaxtlarda müttəfiqlərini atan diktatorların hakimiyyətdə qalmaq şansı yoxdur.
Böyük ehtimalla, hazırda hakimiyyət uğrunda mübarizə gedir və onun da hədəflərindən biri Putinin özüdür. Klassik hücum taktikasıdır: əvvəl bossun tərəfdarlarını aradan götürmək lazımdır. Doğrudur, bəziləri iddia edir ki, Putinin ətrafından çıxan yeni rəhbər ondan yaxşı olmayacaq. Ancaq rusiyalı analitik Andrey Piontkovski iddia edir ki, Rusiya elitasının üzvləri Qərbə hər şeyin yaxın həftədə həll ediləcəyilə bağlı siqnal göndərir.
Istənilən halda Putin rejiminin sonuna aparan yolu müzakirə etmək mümkündür.
Qeyd etmək lazımdır ki, Putin 19 avqust qiyamının ildönümünü Krımda keçirdi. Özü ilə hökumətin əsas dörd üzvünü apardı. Böyük ehtimalla, məhz bu adamlar onun varisini seçəcək.
Fizzə