Bu gün Əbülfəz Elçibəyin vəfatının ildönümüdür
O, böyük INSAN idi – hər kəsə könül açan sevgi dolu INSAN. O, böyük ŞƏXSIYYƏT idi – vətəninə, xalqına, torpağına, əqidəsinə, prinsiplərinə sadiq bir ŞƏXSIYYƏT. O, böyük LIDER idi – milyonları arxasınca apara bilən və layiqli davamçılar yetişdirən LIDER. O, böyük DEMOKRAT idi – milli dəyərlər ilə bərabər, bəşəri dəyərləri də dünyagörüşündə birləşdirib insanlığı qucaqlaya bilən DEMOKRAT. Bu gün o böyük INSANIN, Əbülfəz Elçibəyin vəfatının ildönümüdür. Sayğıyla anırıq.
Əbülfəz Elçibəyin xatirəsi və… Elçibəy xatirələrdə
Əbülfəz Elçibəy: “Tələbələrim mənim məhkəməm zamanı eşiyə yığılanda görürlər ki, bir maşın gəldi. Maşından düşənlər prokurorluq, DTK işçilərinə bənzəyirlər. Onlar tələbələrimdən soruşublar ki, bura niyə yığışmısız? Deyiblər ki, bəs müəllimimizi mühakimə edirlər. Soruşublar ki, müəlliminizi qurtarmaq üçün pulunuz varmı ki, rüşvət verəsiniz? Orada bir qız nişan üzüyünü çıxarıb deyib ki, ”Mən təzə nişanlanmışam, nişan üzüyümü verirəm".
Bir də məhkəməmdə öyrədilmiş tələbələrimdən birisi dedi ki, “Mən bu müəllimə nifrət edirəm. Bizi bunun əlindən xilas eləyin. Dərsdə bu bizə Sovet hakimiyyətinin əleyhinə danışır, bizi yolumuzdan çıxarır”. Bu vaxt bir tələbə qız dedi ki, “Sən əclafsan, biz sənə nifrət eləyirik!” Hakim soruşdu ki, kimdir onu deyən? Qız ayağa durdu, dedi: “Mənəm”. Hakim dedi ki, çıxın eşiyə. Qız hakimin yanından keçəndə yaylığını çıxarıb ona uzatdı ki, “Ver bunu, bəzi kişilər bağlasın başına!” Bu mənə çox təsir elədi. Bundan sonra düşünürdüm ki, qadını-qızı belə olan bir millətin kişisinin əfəl və fağır olması çox acınacaqlı görünür. Bax, bu cür gənclərimiz var idi. Yəni mən tək deyildim..!"
Elçibəyin sürücüsü Xəlil Qəni:
“Təxminən 1991-ci ilin söhbətidir. Qış idi. Axşam Bəyi evə aparırdım. Yolda bir nəfər əl qaldırdı. Bəy maşını saxlatdı. Həmin adam öz ünvanına aparmağımızı xahiş etdi. Bəy onun kor olduğunu görüb ”otur" dedi. Mən, doğrusu, Bəyə təklif etdim ki, bu adamı taksi ilə göndərim, ancaq o razılaşmadı. Yolda sərnişinimiz ona indiyədək arxa durmuş bir nəfərin vəfatından, kimsəsiz, arxasız, köməksiz qalmasından danışır, ağlayırdı. Onda güzgüdən Bəyin gözlərinə baxdım. Yalnız kədər, düşüncə, fikir… Deyilən ünvana gəldik. Bəy işarə etdi ki, qolundan tutub evə apar və qapını tanı. Elə də etdim. Qayıtdım, yola düşdük. Bəy dedi: “Xəlil, mən nə qədər sağam, ona kömək edəcəyəm. Bir gün mən bu dünyada olmayanda sən ona baş çəkməsən, heç kişi oğlu deyilsən. Ancaq gərək o bilməsin ki, bunu kim edir”. Həmin adama müxtəlif cür yardım Bəy xəstələnənə kimi davam etdi. Xəstəlik başlayanda isə narahatlıq, üzüntü məni o adamdan uzaq saldı. Bəyin dəfnindən sonra imkan tapıb ona baş çəkdim. Lazım olan azuqəni və… ehsan aşını da apardım. Xeyir işlərdə olanda toy aşından da ona həmişə pay düzəltdirib aparırdım. Təbii ki, toyda bişən aşla ehsan aşı fərqlənir, ona görə bir-iki qaşıq alandan sonra dayandı və soruşdu: “Oğul, bu kimin aşıdır?” Ağlamaq məni tutdu. Tez eyvana çıxdım, guya siqaret çəkirdim. Nə baş verdiyini ondan gizlətmək istədim. O, dönə-dönə “oğul, bura gəl, cavab ver görüm”- deyə inad göstərdi. Israrını və həyəcanını görüb, daha ona əzab verməmək üçün göz yaşları içində “bu, doqquz il sənin hər ehtiyacını ödəyən şəxsin ehsanıdır” söylədim".
Şərqi Avropa Demokratiya Institutu"nun direktoru Irena Lasota:
“Əbülfəz Elçibəy həmişə insanlara hədsiz inam bəsləyib. O inanırdı ki, insanlar mahiyyət etibarı ilə yaxşı keyfiyyətlərə sahibdir, onlara yaxşı şərait yaradıldıqda, ağıllı hərəkət edəcək, təmiz yaşayacaq, doğru işlər görəcəklər. Bəzi insanlar onu sadəlövh adlandırır, bir çoxları isə bugünə kimi o adam nə üçün bu vəzifəyə təyin etdiyini və yaxud başqa birinə nə üçün etibar etdiyini ona bağışlaya bilmirlər. Prezident seçildikdən sonra o, vəzifəyə o qədər çox adam təyin etmədi, keçmiş dövlət məmurlarının 80%-ni öz işində saxladı, bir neçə əfv fərmanı imzaladı. O, öz ifadəsi ilə desək, ”kimisə tutub-basmağın" əleyhinə idi. Yenə öz ifadəsi ilə “vətəndaş sülhü” naminə. O, Azərbaycana, azərbaycanlılara inanırdı, inanırdı ki, yeni müstəqil Azərbaycan dövlətində hamı ümumi rifah naminə çalışacaq. Güvəndiyi insanların haçansa onu, daha betəri bu vətəni satacaqlarını ağlına belə gətirmirdi. Təcrübəsi olmayan həqiqi demokratların çoxu bu cür səhvlərə yol verir. Ancaq bunlar təsadüfi səhvlər deyildi. Bunlar onun, digərlərindən fərqli olaraq, böyük fəlsəfənin, insan təbiəti haqqında fəlsəfənin nəticələri idi. Hər bir fərd özlüyündə yaxşı keyfiyyətlərə sahibdir və hər bir fərdin təbii istəyi demokratiyadır. Hər bir insan vicdanlı, düz olmağa meyllidir və yanlış, səhv bir hərəkət edən adam həmişə öz əməlindən xəcalət çəkir. Bəlkə də onun bu fikirləri yanlışdır, amma hər bir xalqın yaşamı dövründə heç olmasa bir dəfə ona güvənən və onu qeyd-şərtsiz sevən bir insana ehtiyacı vardır".
“Azadlıq”
1 illik Elçibəy hakimiyyəti dönəmi (8 Iyun 1992 – 15 Iyun 1993)
Ilk və hələ ki, tək azad və demokratik prezident seçkiləri keçirildi (7 iyun 1992)
Brüsseldə Avropa Ittifaqı Dağlıq Qarabağa dair ilk bəyanat qəbul etdi (22 may 1992-ci il)
Qarabağ müharibəsi zamanı genişmiqyaslı uğurlu hərbi əməliyyatlar aparıldı (13 iyun 1992)
Ermənistanı ilk təcavüzkar ölkə kimi tanıyan təşkilat “Islam Konfransı Təşkilatı” oldu (17 iyun 1992)
Azərbaycan Respublikası YUNESKO təşkilatına daxil oldu (3 iyul 1992)
Azərbaycanda milli valyutaya keçid həyata keçirildi (15 iyul 1992)
Təhsil sahəsində özəl müəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı (4 sentyabr 1992)
Dünyanın bir çox məşhur transmilli şirkətləri ilə neft sənayesi sahəsində sazişlər imzalanmağa başlandı (7 sentyabr 1992)
Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı haqqında fərman imzalandı (16 sentyabr 1992)
Azərbaycan Silahlı Qüvvələri yaradıldı və ilk milli parad keçirildi (9 oktyabr 1992)
Keçmiş Sovet Dövlətləri arasında ilk dəfə test üsulu ali təhsil ocaqlarına imtahanın keçirilməsi baş tutdu (15 noyabr 1992)
Mindən çox gəncə onlarca xarici ölkədə nadir ixtisaslar üzrə təhsil almaq imkanı yaradıldı (12 dekabr 1992)
Uzun müddət müzakirə obyekti olmuş latın əlifbasına keçidə nail olundu (22 dekabr 1992)
Azərbaycan “Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı”na (ATƏT) qoşuldu (30 yanvar 1992)
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına qoşuldu (2 mart 1992)
Sovet Respublikaları arasında rus ordusu ilk olaraq Azərbaycan Respublikası ərazisindən çıxarıldı (25 may 1993)
Milli Bankda valyuta ehtiyatı 156 milyon dollara çatdı (1 iyun 1993)
1.5 ton qızıl və digər qiymətli metalların toplandığı Dövlət Ləl-cəvahirat Fondu yaradıldı (16 iyul 1992)