Hökumətin R(azi) əməliyyatina cəmiyyətdən sərt təpki

Nüfuzlu ziyalılar satqınları ifşa etdi; sosial şəbəkə fəalları onları ələ saldı; ağır bir qapaz da həbsxanadan gəldi

Azərbaycan hakimiyyətinin AXCP-yə qarşı son addımları ciddi ictimai qınağa tuş gəlib. Söhbət partiya sədrinin keçmiş müavini Razi Nurullayevin başçılığı altında bir neçə nəfər AXCP-dən çıxarılmış şəxsin mətbuat konfransı keçirib təşkilatın adına və möhürünə iddia etmələrindən gedir.

AXCP-yə qarşı oxşar əməliyyat bir neçə dəfə keçirilib və hər dəfə uğursuzluqla nəticələnib. Bu əməliyyatların hamısı hakimiyyət mətbəxində hazırlanıb. Ölkənin bütün ictimai-siyasi sferası bundan xəbərdardır. AXCP adına yeni iddialıların da hakimiyyətdən aldıqları sifarişi ifa etdiklərini müəyyənləşdirməyə də cəmiyyət çətinlik çəkmədi. Partiya rəhbərliyi və fəalları ilə yanaşı onlarla ictimaiyyət nümayəndəsi də AXCP-yə qarşı istifadə olunan bu adamların üzərinə sərt getdi, sosial şəbəkələrdə çoxlu sayda rəylər və açıqlamalar yayıldı.

Dönüklərin mətbuat konfransı başa çatandan bir az sonra facebook-da onları kütləvi və nümayişkarənə şəkildə dostluqdan çıxarmaq kampaniyası başlandı. Yüzlərlə AXCP fəalı ilə yanaşı bir sıra kənar ictimaiyyət nümayəndəsi də statuslar yazaraq, tutduqları əmələ görə həmin adamları dostluq siyahılarından sildiklərini, bloka atdıqlarını bildirdilər, başqalarını da belə etməyə səslədilər. Bu adamların xəyanətkar davranışını pisləyən, ən müxtəlif ifadələrlə lənətləyən rəylərin isə sayı-hesabı yoxdur. Bunların sırasında ilk yerdə təbii ki, AXCP fəallarının və Milli Şura üzvlərinin qeydləri gəlir.

Milli Şura sədri Cəmil Həsənli baş verənlərə çox sərt və öldürücü ironiya ilə yanaşaraq, Razi Nurullayevi də, onun yanında yer alan adamlara da layiqli qiymətlərini verib. Onun yazdıqları artıq oxucularımıza tanışdır.

Alnının ortasına satqın damğası yazılanlar möhürü neynir?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də baş verənləri sərt şəkildə pisləyib. "Razi Nurullayevin brend və mandat xəstəsi olduğunu bildik. Rafiq Daşdəmirlinin xəstə oğlunun hakimiyyətin girovluğunda olduğunu da bildik. Onların qabındakı bu qədərmiş, sürünmək üçün yarananlar, zatən, uça bilməzlər. Məni daha çox başqa sual düşündürür. Öz gələcəyini bu ölkədə görən hakimiyyət niyə kürəyini dağa yox, kol-kosa söykəsin axı?! Axı o kol-kosun bircə küləklik canı yoxdur. Necə ki, razikimilər bircə mətbuat konfransı ilə rüsvayi-cahan oldular. Ancaq mən onlardan çox, onlara möhtac qalanların gününə acıdım", – deyə o, facebook səhifəsində yazıb.

Tanınmış ssnenarist Eldəniz Quliyev isə bu məsələyə bir neçə status həsr edib. "Bilmirəm kimə və nəyə güvənib növbəti dəfə AXCP-nin saxta dublikatını yaratmaq istəyirlər, amma onu dəqiq bilirəm ki, bu gülməli və perspektivsiz işə qol qoyanlar, yəni özləri kadr arxasında qalaraq bu işi qurub-qoşmağa cəhd edən nadanlar qanmalıdılar ki, şahmatı şaşki kimi oynayanda "peşka"nın vəzirə çevrilməsi qeyri-mümkün məsələ olur!";

“Bu gün məni o satılanlar qətiyyən maraqlandırmır. Mənim üçün, onları satın alanlar maraqlıdır… Yəni onlar doğrudanmı görmürlər ki, aldıqları adamlar nəfərlə yox, dənə ilə sayılır?!”;

“Alnının ortasına satqın damğası yazılanlar möhürü neynir?".

“Əli Kərimli yeni iş yerləri açıb…”

Tanınmış vəkil Qurban Məmmədov da baş verənlərə münasibət bildirib. Vəkil məsələyə ironik yanaşıb: "AXCP sədri Əlı Kərimli yeni iş yerləri açıb. AXCP-yə üzv olmaq və hay-küylə istefa vermək ağıllı-başlı gəlir gətirir".

"Azadlıq" qəzetinin köşə yazarı Şahvələd Çobanoğlu isə AXCP-yə qarşı bu əməliyyatın hakimiyyətin uğursuzluğu olduğunu yazıb: "Razilərin son tədbirinin uğursuzluğu əslində onların deyil, hakimiyyətin uğursuzluğudur. Gör kimlərə və nələrə ümid edirlər. Tutaq ki, təzə bir təşkilat da elan elədiniz, ölü doğulmuş varlıq yaşamır axı. Qoynuna möhür, ştamp qoymaqla deyil ki…

Müxalif təşkilat olmaq üçün gərək mübarizə aparasan, mübarizə adamlarını yanına çəkmək üçün gərək mübariz olasan… O qədər ştamplı təşkilatlar, möhürlü Razilər var ki…

Ölkə yarğanın qırağına gəlib, böhran qapıda dayanıb, görün bu iqtidar hələ də çıxışı nədə görür, nə işlə məşğul olur…"

“Möhürə yazığım gəldi…”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı isə bu əməliyyatı iyrənc hadisə adlandırıb: "Bu gün növbəti iyrənc hadisənin şahidi olduq. Razi Nurullayev mətbuat konfransı keçirib AXCP-nin möhürünü Əli Kərimlidən aldıracağını (alacağını yox) bəyan etdi. Görünür ipini tərpədənlərdən beli bağlıdır. Bir anlıq AXCP-nin möhürünü Razinin əlində təsəvvür etdim və möhürə yazığım gəldi. Day Razi yox dəəə… Böyründə utana-utana büzüşüb oturan Rafiq Daşdəmirlini ora gətirən səbəbləri bilmirəm, elə təxmin edirəm, amma orada oturubsa Razi Nurullayevdən heç nə ilə fərqlənmir.

Mənim dostlarım çoxdur və mən insanlarla münasibət quranda siyasi dünyagörüşləri elə də önəm daşımır, önəmli onların insan olması, kişi olmasıdır. Əks halda…

Razi Nurullayev və Rafiq Daşdəmirlini mənimlə "fb" dostluğuna layiq bilmədim və sildim dostluqdan".

Ədliyyə generalı Vidadi Mirkamal isə yazıb: "Bir nəfər yolda durub dostu ilə söhbət edərkən gözlənilmədən bir qadın gəlib onun qarşısında dayanır və diqqətlə onun üzünə baxmağa başlayır. Beləcə xeyli müddət onun sifətinə tamaşa eləyəndən sonra çıxıb gedir. Həmin adam tez nökərini qadının dalınca göndərir ki, bu qəribə hərəkətin səbəbini öyrənsin. Nökər bir azdan qayıdıb bildirir: "Ağa, qadın dedi ki, onun gözü çox böyük bir günah edibmiş ona cəza vermək üçün bir çirkin sifətə baxmaqdan daha ağır cəza tapmayıbmış". Mənim gözüm hələ ki, böyük bir günah sahibi olmadığı üçün dostluğumda olan Razi Nurullayevi, Rafiq Daşdəmirlini və Vəli Xramçaylını dostluğumdan silirəm”.

“Adı POXCP olacaq”

"Yeni Müsavat"ın yazarı Zamin Hacı isə bu olaya ironik köşə həsr edib. Köşənin bir hissəsini təqdim edirik: "AXCP-dən çıxarılan, qovulan, istefa verən, kirə çıxan, yolda qalan, beli qırılan, saçı yolunan, dişi çıxarılan, başı şişən, cibi yırtılan (keyfiyyətlər çoxdur, hamısını sadalasam gərək ayrı yazı olsun) bir qrup insan dünən iclas qayırıblar, deyirlər əsl AXCP bizik.

Bu ssenarini uca millətimiz bir neçə dəfə yaşayıbdır, lakin yorulmayıbdır. Güman edə bilərik bu təzə Cəbhənin də adı POXCP olacaqdır, yəni Postmodernist Xalq Cəbhəsi Partiyası. Partiya quruculuğuna girişmiş Razi və narazi bəylərin həyat yoluna baxarkən bu qənaətə gəlmək mümkündür, çünki indiyə qədər əlimizdə Cəbhənin klassiki var idi, onu seyidlər yaratmışdı. Bunlar isə gəncdir, perspektivlidir, dünya aeroportlarına çıxmış insanlardır. O baxımdan postmodernist cəbhə qayırmalıdırlar".

Facebook-un tirajlı istifadəçilərindən biri Nail Zeynalov (Ley-pey Qəmbər) isə olayı bu şəkildə ələ salıb: “Hökumət "Hərəyə bir AXCP yaradaq!" kampaniyasına başlayıb…”.

“Onlara yazıqlar olsun”

AXCP-yə qarşı xain planın icraçılarına sarsıdıcı bir zərbə də həbsxanadan gəlib. AXCP sədrinin həbsdəki müavini Seymur Həzi dostlarından biri ilə telefon danışığında hadisəyə münasibət bildirib və bu mesajının ictimailəşməsini istəyib: “Razinin yanında duranlara yazıqlar olsun!”. Bu açıqlama həmin adamlar üçün ona görə öldürücü zərbə sayılmalıdır ki, onlar çirkin əməllərində Seymur Həzinin də adını hallandırıb, guya onun da onlarla həmrəy olduğu şaiyəsini yayıblar.

İnformasiya şöbəsi