Elton Məmmədovun “tamadalığı”

Ziya Məmmədovun qardaşı hansı mənəvi haqla ölkəyə müstəqillik gətirmiş təşkilat haqqında danışır?

“AXCP və Müsavat bitmiş, özünə hörmət etməyən şəxslərin rəhbərlik etdiyi küçə partiyalarıdır”. Bu sözləri Aktual.az-a açıqlamasında nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov bildirib.

Onun iddiasına görə, hər iki partiya siyasət meydanında yoxdur: “Siyasi partiya o zaman güclü olar ki, onun ətrafında sosial bazası olsun. Minlərlə tərəfdarı olsun, üzvlər arasında partiyaya inam olsun. Başqa sözlə desək, ideologi həmrəylik olmalıdır. Yox əgər, bir partiyanın rəhbəri partiyaya, üzvlərə gəlir mənbəyi kimi baxırsa, onun sonu belə də olmalıdır. Mənim üçün, elə cəmiyyət üçün də bu partiyalar çoxdan bitib”.

Elton Məmmədovun AXCP-yə hücumunun səbəbi bəllidir. Qarşıdan parlament seçkiləri gəlir. Mandat qazanmaq üçün müxalifəti söymək lazımdır. Amma baxın kim Azərbaycana müstəqillik bəxş etmiş bir təşkilat haqqında aşağılayıcı fikirlər işlədir. Bu adam deputat olana qədər toylarda tamadalıqla məşğul olub.

Bir qardaşı Loğman Məmmədov dəfələrlə həbs olunub, residivist kimi tanınır. Başqa bir qardaşı Nəriman Məmmədovun adı Qusarda namus üstündə baş verən qətldə hallanır. Digər qardaşı Ziya Məmmədov və oğlu Anar Məmmədov haqqında mətbuatda nələrin yazıldığını təkrarlamağa ehtiyac yoxdur. Öz oğlunun avtoşluğu və jurnalist döydürməsi barədə də çox yazılıb. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.