Tariel Şirinli «Azadlıq»a növbəti məktubunu yollayıb
“Qəzetinizin 7, 8, 9 avqust 2015-ci il tarixli saylarında ”Saxtakarlığa işıq tutan məktub" başlıqlı yazı gedəndən sonra mənə müxtəlif peşə adamları müraciət etdi. Əsasən də Qarabağ müharibəsi əlilləri və şəhid ailə üzvləri. Yazını təqdir edən də oldu, irad bildirən də. Irad bildirənlərin arqumenti əsasən ondan ibarətdir ki, şəhid ailəsi üzvü statusu alan ailələrin kimlərininsə “erməni təcavüzkarlarının gülləsindən ölməsi” ön plana çəkilir. Bidirirəm ki, belə ailələr bir-iki olsa, bəlkə də göz yummaq olar. Amma bir-neçə səbəb var ki, hesab edirəm ki, buna görə susmaq olmaz!
1.Əvvala, bu naqislik tək Imişlidə yox, respublikanın hər yerində var.
2.Qarabağ müharibəsi hələ bitməyib. Çoxlu sayda insan var ki, bu naqisliyi görür. Demək olar, televiziyalarımız vətənpərvərlik haqqında verilişlər hazırlamır. Şou verilişlər üstünlük təşkil edir. Sabah müharibə başlasa, həmin insanlar müharibəyə getmək istəməyəcək. Çünki, onlar kimin kim olduğunu – döyüşənlə döyüşməyəni gözəl tanıyır.
3.Çoxlu sayda canını, həyatını vətən yolunda qoyan Qarabağ müharibəsi döyüşçüləri var ki, veteranlıq vəsiqəsini, Qarabağda döyüşdüklərini təsdiqləyən adicə arayışı ala bilmirlər.
4.Həmin bu saxta “statuslar” – istər Qarabağ müharibəsi əlilliyi olsun, istər şəhid ailəsi üzvü olsun, istərsə digər statuslu (20 Yanvar, Çernobıl, Əfqanıstan və s.) elə-belə, həmin vətəndaşların kasıb olmasına, doğrudan çətinliklə dolanmasına və s. görə humanistlikdən verilmir. Bu statusları həmin “yazıq” adamlar rüşvət verib, pulla alıblar. Özü də az pul vermirlər. Şüarları da, özlərinə haqq qazandırmaları da belədir: “Donuzdan bir tük də qənimətdir”. Statusu “satan” məmurların arqumenti və özünə haqq qazındırma şüarı isə: “Neftin pullarıdır, fürsət varkən istifadə elə”.
5.Pulla “saxta” statuslar alanlar sabahı gün, halallıqla status qazananların haqqını pulla alırlar. Istər minik avtomobili olsun, istər torpaq sahəsi olsun, istər dövlət hesabına pulsuz mənzil olsun və s. Hələ bir az bərkə düşsə, həqiqi Qarabağ əlilinə “xox” da gəlir.
6.Bu gün pula vicdanını satan nə qədər desən məmur ordusu var. Onların arasında eləsi var ki, erməniyə də status verməyə hazırdır. Təki pul olsun.
7.Daha bir detal ondan ibarətdir ki, pis də olsa, yaxşı da olsa QANUN deyilən bir şey var. Bu Qanunların ərsəyə gəlməsi üçün yüzlərlə insan həyatını qurban verib, dövlət müstəqillik əldə edib, milyonlarla pul xərclənib və xərclənir! QANUN pis, naqis olsa da, bəyənməsək də, işləməlidir!
Bax, bu saydığım və saya bilmədiyim naqislikləri göstərmək üçün Sizə daha bir yazı göndərirəm. Inana bilmirəm ki, Qarabağ müharibəsində döyüşmüş, əlil olmuş və ya həqiqi şəhid ailəsi üzvü məni qınasın. Başqa irad bildirənlərlə işim yox. Onları təbii qəbul edirəm. Nə isə…
Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvlərinin kimliyi ilə maraqlananda daha bir faktla qarşılaşdım.
Aydınlıq olsun deyə bildirirəm ki, Imişlidə olan Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvlərinin siyahısını əldə etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Imişli rayon şöbəsinə (keçmiş hərbi komissarlıq) müraciət etdik. Şifahi şəkildə bizə dedilər ki, onlarda elə siyahı yoxdur. “Dürüst siyahı istəyirsənsə, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Imişli rayon şöbəsinə müraciət et. Bizə (oxu: ”hərbi komissarlığa" – T.Ş.) də lazım olanda ƏSMM-ə müraciət edirik. Pul-təqaüd alınan yer ƏƏSMM olduğu üçün hamı sənədini ora verir".
Belə də etdim. Şifahi şəkildə müraciətimə cavab ala bilmədim. Bilgi almaq məqsədilə informasiya sorğusu ilə yazılı şəkildə müraciət etdim. Yenə cavab ala bilmədim. Şirvan Inzibati-Iqtisadi Məhkəməsinə müraciət etdim. Informasiya sorğusuna 7 iş günündə, ehtiyac olarsa, daha 7 gün də müddət artırıla bilər. Lap uzağı 30 gün müddətində cavab verilməlidir. Qanun belə deyir. Amma bir il vaxt keçməsinə baxmayaraq məhkəmə ilə də cavab ala bilməmişəm. Bütün məhkəmə instansiyalarını bir “dövrə” vurmuşam, amma 7 iş günündə verilməli olan cavabı hələ də ala bilməmişəm. Azərbaycan Respublikası Baş Prokurorluğuna, Məhkəmə-Hüquq Şurasına müraciətlərim də cavabsızdır. Həmin qurumlara yazdığım və damla-damla topladığım faktlara istinad edərək, “şəhid”lərdən daha biri haqqında araşdırmamı diqqətinizə çatdırıram.
Imişlidə Qarabağ müharibəsi əlili və şəhid ailələri təxminən 400 nəfərdir. Imişli çox da böyük olmadığından, demək olar, bu ailələr bir-birini tanıyır.
Siyahı ilə tanış olanda daha bir “şəhid” – Hacıyev Sahib Saday oğlunun adı diqqətimi cəlb etdi. Sahib Hacıyevi şəxsən tanıyırdım. Onun Qarabağ döyüşlərində iştirak etmədiyini bilirdim. Ona görə də maraqlandım və kiçik araşdırmadan sonra öyrəndim ki, 01 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikası adından Imişli Rayon Məhkəməsində çıxarılmış (Iş N 2(036)-309/2012) Qətnamə, onun “şəhid” statusu almasına yardımçı olub.
Əslində, diqqət edilsə görmək olar ki, məhkəmə qətnamələrinin qərar hissəsində birbaşa “şəhid oldu” sözü yazılmır. Qətnamələrdə “ölüm faktının qeydə alınması” göstərilir. Yəqin hakimlər bunu qəsdən edirlər ki, sonralar “başları ağrımasın”.
Araşdırma nəticəsində öyrəndim ki, Imişli şəhəri, R.Bağırov küçəsi, 26 ünvanında qeydiyyatda olan, 1952-ci il təvəllüdlü Hacıyev Sahib Saday oğlu 05 noyabr 1992-ci il tarixdə iş yerində olub. 1992-ci ilin noyabr ayının 6-da idarə etdiyi Imişli rayon Gigiyena və Epidemologiya Mərkəzinə məxsus UAZ-452 markalı, dövlət nömrə nişanı 10-02 AJK olan xidməti avtomobillə səhər işə gəlmək əvəzinə, iş yoldaşı ilə birlikdə Qarabağ bölgəsinin Füzuli rayonunun boşalmış kəndlərindən birinə öz “şəxsi iş”lərini həyata keçirmək üçün səfər edib və o gündən də yoxa çıxıb.
Təbii ki, Sahib Hacıyevin doğmaları onun axtarışına başlayırlar. Onu heç yerdə gördüm deyən olmur. Neçə illər keçəndən sonra Sahibin ailə üzvləri Bərdədə yerləşən Beynəlxalq Qızıl Xaç Komitəsinə (bundan sonra BQXK) müraciət edirlər. BQXK-da Sahib Saday oğlu Hacıyevin adı olmur. BQXK-nın siyahısında Sahib Hacıyev adlı vətəndaş adı olursa da, həmin Sahib Hacıyev Imişlidən yox, başqa bölgədən olur. Həm də BXQK-nin siyahısında olan Sahib Hacıyevin atasının adı Saday olmur. BXQK-nın siyahısında bir Hacıyev Sahib Saday oğlu tapılır ki, həmin vətəndaşın da təvəllüdü və anadan olduğu yer uyğun gəlmir və s. Tarixini dəqiq bilməsəm də, bildiyimə görə, bu “yoxaçıxma” barədə əlaqədar orqanlarda araşdırma aparılıb…
Üstündən 20 il keçəndən sonra – yəni 01 iyun 2012-ci il tarixdə Sahib Saday oğlu Hacıyevin həyat yoldaşı Bənövşə Malik qızı Hacıyeva Imişli Rayon Məhkəməsinə müraciət edir.
Azərbaycan Respublikası adından Imişli Rayon Məhkəməsi 01 iyun 2012-ci il tarixdə Iş N 2(036)-309/2012 saylı iş üzrə Qətnamə çıxarır:
“Ərizə tələbi təmin edilsin.
Hacıyev Sahib Saday oğlunun erməni işğalçılarının Azərbaycan torpaqlarına hucumu zamanı gedən döyüşlərdə vəfat etməsi faktı müəyyən edilsin.
Imişli rayon Qeydiyyat Şöbəsinə havələ edilsin ki, Hacıyev Sahib Saday oğlunun ölümünü qeydə almaqla, müvafiq şəhadətnamə verilməsini təmin etsin.
Qətnamədən 1 ay müddətində Imişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Süleyman Ağayev".
Iş materiallarındakı sənəd-sübutlarla tanış olanda, bunun heç bir əsasa söykənməyən məhkəmə qətnaməsindən başqa bir şey olmadığı göz önündədir.
Məhkəmə “araşdırma” nəticəsində Sahib Hacıyevin guya Qarabağa “könüllü” olaraq, “vuruşmağa” getdiyini və erməni hucumu zamanı “vəfat etməsi faktı”nı müəyyən etmişdir.
Əvvala, iş materiallarındakı BQXK və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasından məhkəməyə təqdim edilən sənədlərə istinad olunur və hakim onu sübut kimi götürür, həmin sənədlərin özü mübahisəlidir. Həmin sənədlərdə heç bir möhür yoxdur. Hələ bilmək olmaz ki, bu sənədləri həmin qurumlar məhkəməyə təqdim edib, ya yox!
Bundan başqa, Azərbaycan Respublikasının Qanunları var ki, çıxarılan qərarlar, qətnamələr bu qanunlarla tənzimlənməlidir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03.09.1993-cü il tarixli Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən: “şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir”.
Xatırladaq ki, Müdafiə Nazirliyinin rəsmiləri həlak olmuş hərbçilərə şəhidlik statusunun verilməsi üçün onların yaxınları və qohumlarının bu nazirlikdə yaradılan müvafiq komissiyaya müraciət etmələrini vacib sayırdılar.
Döyüş tapşırığını yerinə yetirən zaman həlak olmuş şəxslərə şəhidlik statusunun verilib-verilməməsini vətəndaşlarla birgə yerli icra orqanları və sosial müdafiə mərkəzləri araşdırır.
Gizir və zabit heyətinə Şəhid statusunun verilməsini isə yerli icra orqanları və hərbi komissarlıqlar həyata keçirir.
Müdafiə Nazirliyinə həmin qurumlardan həlak olmuş şəxslərlə bağlı sorğu göndərilir. Nazirlik digər sorğular kimi bu sorğuları da araşdıraraq cavablandırır.
Həmin qurumlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhidlik statusu almış şəxslərlə bağlı arayış təqdim olunur. Nazirliyin Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin rayon(şəhər) şöbələri nəzdində yaradılmış müvafiq komissiyalar isə status verilmiş şəxslərin ailələrinə müavinət və prezident təqaüdünün verilməsini təyin edir.
Sahib Saday oğlu Hacıyevin “şəhid” statusu alması haqqında çıxarılan məhkəmə qətnaməsində isə Müdafiə nazirliyi, hərbi hissə, hərbi komissarlıq, ümumiyyətlə, güc strukturları ilə bağlı sənəd yoxdur.
Məhkəmə qətnaməsində Sahib Hacıyevin ölüm faktını sübut edən dəlil kimi onun həyat yoldaşının dedikləri və “şəhər ərazi nümayəndəliyinin” 10.01.2011-ci il tarixli AKT-ı əsas götürülüb(?!).
Ümumi şəkildə “könüllü vuruşmağa getdi”, “döyüş oldu”, “itkin düşdü” və s. kimi umumi sözlər, absurd fikirlər ölüm faktını qeydə almaq üçün dəlil ola bilməz!
Sahib Hacıyevin Qarabağa gedib, döyüşlərdə iştirak edə bilməsi qanuna əsasən iki şəkildə rəsmiləşə bilərdi:
a)güc strukturlarının birindən (MN, DIN, MTN) Sahib Hacıyevin işlədiyi təşkilata rəsmi məktub göndərilir və Sahib Hacıyev xidmət etmək üçün həmin qurumlardan birinin tabeliyinə ezam olunur;
b)Sahib Hacıyev özü hərbi komissarlığa müraciət edir və komissarlıq onu hərbi hissələrdən birinə ezam edir.
Mən özüm imişlilərdən ibarət “Kürdü qartalları” könüllü dəstəsinin komandiri olmuşam.
1.Adı “könüllü” olsa da, hər bir işin qanunla tənzimlənmə qaydası var. Könüllü döyüşçü olmaq “başıpozuq” olmaq anlamına gəlməməlidir.
2.Könüllü də digər vətəndaşlar kimi Hərbi komissarlıqda qeydiyyata alınmalı və döyüş bölgəsinə ezam olunmalıdır ki, bu hərəkətlərin hamısı sənədləşdirilməli, rəsmiləşdirilməli və əmrləşdirilməlidir.
3.Könüllü əsgər Hərbi komissarlıqdan ezam olunduğu Hərbi hissədə qeydiyyata alınmalı və hərbi biletində müvafiq qeydlər edilməlidir.
4.Könüllü əsgərin adı Hərbi hissənin təchizat (yemək-içmək, yatmaq, geymək və s.) siyahısına salınmalıdır.
5.Könüllü əsgərin adına tabel silahı olmalıdır.
6.Cəbhədə döyüşlər müəyyən əmrlə, konkret kod adı altında həyata keçirilir və sonradan əskərin hərbi biletində qeyd edilir.
Ümumiyyətlə, iş materiallarında Sahib Hacıyevin Qarabağa getməsini təsdiqləyən bircə nəfər də olsa şahid yoxdur!
Məhkəmə heç Sahib Hacıyevin iş yeri ilə də maraqlanmayıb. Çünki, iş materiallarında bu baradə də söz açılmayıb.
Sahib Saday oğlu Hacıyevin işlədiyi Imişli rayon Gigiyena və Epidemologiya Mərkəzinə bilgi almaq məqsədilə informasiya sorğusu ilə müraciət edib və sorğuma həmin idarənin rəhbəri Zakir Abbasovun imzaladığı cavab almışam. Həmin məktub sorğuma natamam cavab versə də, Sahib Hacıyevin Qarabağ bölgəsinə getmədiyini subut edən daha bir faktdır.
“Imişli şəhəri L.Vəliyev küçəsi ev 37-də yaşayan Şirinli Tariel Adışirin oğluna. Sizin 29.09.2014-cü il tarixli informasiya sorğunuza cavab olaraq aşağıdakıları bildiririk: Hacıyev Sahib Saday oğlu Imişli GEM-də sürücü işləmişdir. Hacıyev Sahib haqqında Əmr kitabında axırıncı qeyd 11.08.1993-cü il tarixdə verilmiş 54 saylı Əmrdi. Əmrdə sürücünün Bakı şəhərindən qayıtması haqqında Əmrdir. Başqa heç bir məlumat yoxdur. Həmin vaxtlar onunla işləmiş iş yoldaşlarının dediyinə görə, Hacıyev Sahib 1993-cı il noyabr ayının 6-da Qarabağa cəbhə bölgəsinə vuruşmağa gedib və bir daha qayıtmayıb.
Imişli rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru: Z.Abbasov".
Bu araşdırmanı apararkən daha bir maraqlı detal ortaya çıxdı. Mən Qarabağ müharibəsi əlili kimi Imişli Rayon Icra Hakimiyyəti başçısının 02.03.2009-cu il tarixli 38 saylı sərəncamı ilə mənzil növbəsinə götürülmüşəm. Həmin 38 saylı sərəncamla daha bir neçə nəfərin adı mənzil növbəsinə qeydə götürülənlər arasındadır. Həmin vətəndaşlardan da biri Imişli Rayon Məhkəməsinin o zamankı sədri Süleyman Əhməd oğlu Ağayevdir ki, haqqında danışdığımız Sahib Hacıyevin “şəhid” statuslu olması haqqında qətnamə çıxarıb. Özlüyündə hər bir vətəndaşın mənzil uçotuna götürülmək hüququ var. Amma iş ondadır ki, mənzil uçotuna götürülmə qanunvericilik əsasında həyata keçirilməlidir. Mənzil Məcəlləsinin tələbinə görə, uçota götürülən vətəndaş daimi qeydiyyatda olduğu və yaşadığı ərazidə mənzil növbəsinə uçota götürülə bilər. Imişli Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev də, Imişli Icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil komissiyasının (komissiyanın katibi Imişli RIHB hüquq şöbəsinin müdiri Rahim Zaidovdur) komissiya üzvləri də bunu bilməmiş deyil. Imişli Rayon Məhkəməsinin sədri Imişli mənzil komissiyasına hansı sənədləri təqdim edib, bunu bilmirəm. Amma bu məlumdur ki, Süleyman Əhməd oğlu Ağayev həmin vaxt (bəlkə indi də) Sumqayıt şəhəri IV mikrorayonda qeydiyyatda olub. Bu faktı ona görə xatırladıram ki, belə bir hakim hansı qərar, qətnamə və s. desən, çıxara bilər. Çünki, belə hakimlər üçün qanun yox, qayda mövcuddur. Necə ki, Sahib Hacıyevin “şəhid” olmasına şərait yaradan qətnamə çıxarıb. Həmçinin, digər hakim ki, feldşer-mama məntəqəsinin rəyi əsasında qətnamə çıxarıb. Hədəfim Imişli RIH mənzil komissiyasının qanunazidd əməlləri haqda yazmaq olmadığı üçün (inşaalah ki, bu naqisliklər haqqında növbəti yazılarım olacaq) yeri gəlmişkən yazdım.
Məhkəmə qətnaməsinin alınması və digər sorğuların əldə edilməsi üçün məhkəməyə, Məhkəmə-Hüquq Şurasına, Baş prokurorluğa, AR prezidentinə, Imişli rayon ƏSMM-nə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Imişli rayon şöbəsinə, Imişli rayon Gigiyena və Epidemologiya Mərkəzinə göndərdiyimiz sualları ya cavablandıran olmadı, ya da cavabdan qaçılır".