Qadir Ibrahimli: «Müdafiə Nazirliyində maliyyə strukturlarına rəhbərlik edən şəxslərin vəzifədən uzaqlaşdırılmasında neft gəlirlərinin azalmasının payı var»
Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycan hakimiyyətini ciddi maliyyə problemləri ilə üz-üzə qoyub. Məhz bu dönəmdə Azərbaycanın hasilatının da azalması ölkəyə gələn neft pullarına ciddi şəkildə təsir edib.
Ekspertlərin fikrincə, məhz bu üzdən hökumət bir sıra sahələrdə ixtisarlara getməyə məcbur olub. Hakimiyyət üzləşdiyi maliyyə böhranında öz gələcəyi üçün ciddi təhdid görür. Redaksiyamıza daxil olan məlumata görə,
Müdafiə Nazirliyində başlanan kadr dəyişiklikləri, yüksək rütbəli zabitlərin işdən azad edilməsi prosesi də hökumətin üzləşdiyi maliyyə problemi ilə bağlıdır.
Belə ki, MN-dən çıxarılan son kadrların tutduğu sahələrə diqqət yetirin.
Hərbi hava hücumlarından müdafiə qoşunlarının rəisi, polkovnik-leytenant Tofiq Abbasov, Silahlı Qüvvələrin Avtomobil Xidməti rəisi, polkovnik Kamran Məlikov, Silahlı Qüvvələrin Yanacaq Xidməti rəisi, polkovnik Hüseyn Vəliyev, Silahlı Qüvvələrin Zirehli Tank Xidməti rəisi, polkovnik Elxan Hüseynov, Silahlı Qüvvələrin Ərzaq Xidməti rəisi, polkovnik Malik Qurbanov, Silahlı Qüvvələrin Maddi-texniki təminat baş idarəsinin rəis müavini, polkovnik Yaqub Əhədov.
Rəhbərləri azad edilən strukturların əksəriyyəti ciddi maliyyə resursu ayrılan istiqamətlərdir. Bu istiqamətlərdəki yeyinti isə hazırkı dönəmdə yolverilməz sayılır. Hətta o da ehtimal edilir ki, Beynəlxalq Bankdakı maliyyə problemləri ilə bağlı başlanılan araşdırmaya bənzər proses Müdafiə Nazirliyində də baş verə bilər. Bu baxımdan yaxın zamanlarda bu strukturda bir sıra həbslərin olması istisna edilmir.
Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsi səviyyəsindədir. Amma artıq bu öyünmə yeri də böhranla əlaqədar olaraq heçə enə bilər.
Iqtisadçı Qadir Ibrahimli də hesab edir ki, Müdafiə Nazirliyində maliyyə strukturlarına rəhbərlik edən şəxslərin vəzifədən uzaqlaşdırılmasında neft gəlirlərinin azalmasının xüsusi payı var. Büdcədən ən böyük pay alan strukturun məhz MN olduğunu deyən Q.Ibrahimli bildirdi ki, nazirliyin büdcəsi təxminən 3 milyarda bərabərdir: “Təbii neft gəlirləri azaldıqca, bütün nazirliklər kimi Müdafiə Nazirliyinin də büdcəsi azalacaq. Daha doğrusu, artıq bu büdcə qeyri-rəsmi azaldılıb. Artıq proqnoz üzrə nəzərdə tutulan xərclər Müdafiə Nazirliyinə tam ayrılmır. Belə bir vəziyyətdə mövcud resurslardan daha səmərəli istifadə olunması zərurəti meydana çıxır. Bu isə o deməkdir ki, maliyyə ilə bağlı idarələrin daha şəffaf işləməsi zərurəti meydana çıxır”.
Q.Ibrahimli hesab edir ki, bu məsələ ilə bağlı Müdafiə Nazirliyində müəyyən maraqlı qruplar da var. Ekspertin sözlərinə görə, müəyyən bir qrup maliyyə sahələrini öz əlində saxlamağa, digəri isə onu ələ keçirməyə çalışır. “Qeyri-rəsmi olsa da, belə məlumatlar səsləndirilib. Mən də bu məlumatları reallığa uyğun hesab edirəm. Əgər Müdafiə Nazirliyi büdcədən ən böyük pay alan strukturdursa, təbii ki, orada da maliyyə axınına nəzarət uğrunda mübarizə kəskin olmalıdır”, deyə Q.Ibrahimli vurğuladı.
Hikmət