"Böyük neft pulları erası başlayandan sonra hakimiyyət heç bir seçkini indiki qədər ağır iqtisadi şərtlər altında keçirməyib. Əksinə, 2005, 2008, 2010, 2013-cü illərdə keçirilən seçkilər neftin yüksək qiymətləri şəraitində, büdcənin özündən əvvəlki ilə nisbətən kəskin artımı şəraitində baş tutub. Məsələn, 2005 – ci ildə büdcə 32%, 2008-ci ildə 60%, 2010 – cu ildə 14%, 2013-cü ildə 13% artmışdı.
2016 – cı ildə hökumətin büdcəni ixtisar etməkdən savayı yolu yoxdu – bu ixtisar 10 – 15% də ola bilər, 25 – 30% də – bu asılı olacaq siyasi qərardan. Bizdə büdcə artıq lap çoxdan siyasi mövzudur.
Ölkəyə gələn pul kəskin azalır, gedən pul kəskin artır. Ölkənin onsuz da yaxşı olamayan başqa mühüm iqtisadi göstəriciləri – yerli istehsalın vəziyyəti, dünyaya çıxarılan qeyri – resurs məhsullarının həcmi azalır (ən yaxşı halda yerində sayır).
Millli valyuta növbəti dəfə çox kəskin təzyiq altına düşüb, belə vəziyyətdə seçkiyə qədər ehtiyyatların yenidən əriməsi sürətlənəcək.
Fevral devalvasiyasında inzibati yollarla qiymət artımının qarşısına alan hökumət bu dəfə bunu bacarmayacaq – çünki biznesin dözüm limiti artıq xərcləndi. Belə vəziyyətə əhalinin sosial durumu xeyli ağırlaşacaq.
Növbəti devalvasiya isə banklar üçün "edam kəndiri" olacaq. Özü də təkcə bankların durumu mövzu deyil – banklara bağlı milyonlarla subyektin taleyi də var ortada.
Ən maraqlısı odur ki, bu qədər ağır durumda belə hökumət inadkarcasına islahatlara, cəmiyyətə açılıma tələsmir. Amma çətin iqtisadi durum təkcə insanların, biznesin deyil, hakimiyyətin də mənafelərini alt-üst edir.
Ziyanın harasından qayıtsan fayda var…"