Möhür sırası

O sırada boy göstərən birisinə xitabım

İsa Sadıqov

Dünən Xalq Cəbhəsindən möhür istəyənlərin sırasına baxdım. Sözün düzü, məni ən çox təəccübləndirən Rafiq oldu. Rafiq Daşdəmirli. Biz bir-birimizlə müntəzəm olaraq yazışırdıq, bir- birimizə “eloğlu” deyirdik. Şəxsən mənim münasibətim çox səmimi idi. Bilirdim ki, uzun illərdir, Xalq Cəbhəsinin üzvüdür və bu təşkilatda məsul vəzifələrə layiq görülüb. Bilirdim ki, cəbhəçilərlə əqidə dostudur, onlarla, bizim hərbi leksikonla desək “səngər dostu”dur.

İndi orada “möhür davası” döyənlərin sırasında Rafiq bəyi görəndə çox pis oldum. Sən demə, uzun illər ərzində gördüyün işlərin, daşıdığın əqidənin üstündən bu qədər rahatlıqla xətt çəkmək olarmış, o səngərdə dayanan dostlara qarşı belə namərdlik etmək olarmış, nəhayət, mənə qarşı bu qeyri-səmimiliyi edə bilərmiş…

Rafiq bəy, bilmirəm sənin mənə münasibətin necə olub, amma mən səmimi idim hər zaman. İndi isə daha şübhədən də keçib, təəssüf ki. Sən atdığın addıma bir az kənardan bax, məsələn, get Gürcüstandan bax. Gör necə görünür? Niyə özünü bu kökə saldın? Niyə əqidə dostlarının kürəyinə bıçaq saplayanların sırasında dayandın? Axı, mən də bu partiyanın üzvüyəm və sənin bu davranışın mənim də kürəyimə saplanan bıçaqdır!

Sırasında dayandığın o birilərini tanımıram, onlara heç nə deyə bilmirəm. Hansı məkri nə zamandan daşıdıqlarından xəbərim yoxdur. Amma sənə bağışlamıram!

Mən ümumiyyətlə, belə şeyləri başa düşmək istəmirəm, anlamlram və bağışlamıram. Lap doğma qardaşım olsa da, bağışlamıram.

Rafiq bəy, sən çox eybəcər görünən və eybəcər olan bir oyuna qoşuldun. Ola bilsin, təzyiqlər altındasan, səni şantaj ediblər. Elə idisə, siyasi mühitdən çəkilib gedərdin. Bu 5 manatlıqların, siyasi oyuncaqların sırasına qoşulmamalı idin! Özünü çox gülünc vəziyyətə saldın, eloğlu! Barmaqla göstəriləcək gülünc günə!

Sənə oğlunlamı təzyiq etdilər? Axı, sənin oğlunu Əli Kərimli və ya cəbhəçilər həbs etməmişdi. Ölkədə hamını həbs edən, şərləyən, aclıqla sınağa çəkən,.. bütün bunların hamısını edən bir yaramaz rejimdir və sən də həmin rejimə qarşı idin. Necə oldu ki, birdən birə həmin rejimi kənara qoyub şərə qarşı savaşan insanlara tərəf silah çevirdin? Ölkədə şərəf davası gedərkən bir möhür davasına qədər enməyi özünə necə sığışdırdın?

Amma Xalq Cəbhəsinə qalib gələ bilməyəcəksiniz. Bunu heç biriniz edə bilməyəcəksiniz. Xalq Cəbhəsini parçalayacaq güc heç kimdə olmayacaq. Bu təşkilatın əsası azadlıq ideyalarından yoğrulub, köləliyi qəbul edənlər, başqasının qulluq şərtlərini qəbul edənlər bu təşkilatdan irin kimi sıxılıb rədd edilə bilər….Azadlıq ideyaları ləkə götürməz!

Elə 5-6 nəfərlə də ortalıqda qalacaqsınız və bundan sonra sənə verəcəyim bir tövsiyyə var: özünü daha gülünc duruma salıb o 5-6 nəfərin sırasında boy göstərməkdən çəkin. Çəkil uzaq bir guşəyə, siyasətin olmadığı yerlərə, başını saxla. Burası sənlik olmadı. Sən qoruya bilmədin o idealları.

Mən hərbçiyəm, keçmiş hərbçiyəm. Uzun müddət belə düşünürdüm ki, siyasətdə olmaq mənlik deyil. Hərbçi olduğuma görə belə düşünürdüm. Sontra isə yanlışımı düzəltdim. Anladım ki, Vətənin bu ən ağır günlərində ictimai ləyaqət uğrunda mübarizə aparan insanların sırasənda olmaq, onların gücünə güc qatmaq lazımdır və əlbəttə, tərəddüdsüz olaraq Xalq Cəbhəsini seçdim.

Bu qədər kin və küdurət üstündə qurulan xaniman uzun müddət davam edə bilməz. Millətin azadlıq istəyi bu xanimanı qəhr edəcəkdir. Həm də o günə çox qalmayıb.

Mən yerlipərəst deyiləm, ola bilməmişəm, Azərbaycanın hər bir qarışını öz torpağım bilərək yaşadım. Amma hər halda, mənə “eloğlu” deyən, mənim “eloğlu” dediyim Rafiq Daşdəmirlinin o yaramaz sırada boy verməsini ağrılı qarşıladım. Çünki o el bir oğulu da belə itirdi…