3 milyonluq imarət…

İşsiz-gücsüz şəkililər

Gecə Nuxaya – bizim tərəflərə yağan yağış Şəkinin aşağı məhəllələrinin yanından ötmüşdü. Xalq şairi Bəxtiyar Vahabzadənin büstü olan parkda gecə yağan yağışdan əsər yoxdu. Aşağı tərəfin adamları özlərini sındırmayıb “axşam bura da yağdı” desələr də, o yağış bu yağışdan deyildi.
Nuxa Şəkinin əzəlki adıdır, şəhərin yuxarı hissəsini əhatə edir. Içərişəhərdəki məşhur kitab mağazasının sahibi hörmətli Elman müəllimin qardaşı, təzə tanışımız Vaqif müəllimin (onların qardaş olduğunu təsadüfən öyrəndik) dediyinə görə, güclü yağıntılar, çay daşmaları, sel zamanı yuxarı məhəllələr aşağı ərazilər qədər ziyan çəkmir. Qışda yuxarı məhəllə problemli, yayda ələdüşməzdir. Tarixin yaddaşı, 1762-ci ilin abidəsi Xan sarayı, Yuxarı karvansara məhz təhlükəsizlik baxmından şəhərin yuxarı məhəlləsində tikilib. Aşağı tərəflərlə yuxarılar arasında iqlim fərqi var. Yuxarılara qalxdıqca hava sərinləyir, oksigen kəllə-çarxa qalxır. Evlərin arxa otaqları buzxanaya dönür. Yeri gəlmişkən, yuxarı məhəllədə kimsənin evində kondisioner yoxdur.
Xan sarayı turistlərin ən çox gəldiyi yerdir. Karvansarada da qələbəlikdir. Gözəl məkanda yerləşən Kiş kəndindəki qədim alban məbədində isə kimsəni görmədik. Tur Heyerdalın büstü yanında minnətdarlıq şəkli çəkdirdik. Şəkidə Mirzə Fətəli Axundzadənin ev muzeyinə isə son günlər, deyəsən, bizdən savayı kimsənin ayağı dəyməyib. Bələdçi xanımın çox həvəsli danışığından bilinirdi. Xan sarayının bələdçisinə baxanda buranın sözçüsü Məhəbbət xanım işinin vurğunu kimi görünürdü. Bütün bu abidələr Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Onların hamısına giriş pulludur – bir nəfərə 2 manat. Buna sözüm yox. Amma Xan sarayının həyətində kafe tikilməsi ürəyimcə olmadı. Kafeni şəhərə yaraşıq verən qala divarlarından bayırda tikmək olardı. Bilmirəm nazir Əbülfəs Qarayevin ordakı yeyib-içməkdən xəbəri var, ya yox, mən onun yerinə olsaydım bir kafeylə adıma söz dedirdizməzdim. Hər dəfə o tərəflərdə tüstü qalxanda əlbət Çələbi xanın goru çatlayır.
Şəkidə ən çox gözə dəyən nəqliyyat vasitəsi “Qazel”, “Niva” və “Jiquli”dir. Əslində buralara velosiped yaraşardı. Xarici maşınlar Bakı nömrəlidir – gəldi-gedərdi. “Jiquli”lər əhaliyə taksi xidməti göstərir. “Niva”lar dağ yollarında meydan sulayır. Şəkinin hər tərəfi dağdır. “Qazel” ictimai nəqliyyat vasitəsi sayılır. 12 nəfər oturacaqlarda əyləşir, 15 nəfər ayaq üstə gedir. Əslində dar küçəli şəhər üçün balaca avtobuslar əlverişlidir, amma ən azı yay aylarında bizim kimi kasıb turistlərin sayı artan zaman marşrutların da sayını artırmaq olar. Marşrutların məlumat lövhəsində dayanacaqların adları yazılıb. Məsələn, Köhnə bazar, Avtovağzal, Təzə bazar. Şəkidə cəmi bir bazar var, iki ad. Köhnə bazarın adı qalıb. Burda adamlar yerləri özləri bildikləri kimi adlandırırlar. Küçələrə aydınlaşdırıcı istiqamət lövhələri yerləşdirilsə də sürücülər-sərnişinlər öz dillərində danışırlar: “Azadın ovoşnoyu”, “Əliəhmədin tükanı” (Əliəhməd Şəkinin ən məşhur halvaçısı olub),  şahmatın yanı, moyka, bolnisa, poşt, uqlavoy, spusk və s. Avtobus sürücüləri mədəni xidmət göstərirlər, taksiçilər yolu uzatmaqda, mağazalara müştəri aparmaqda fırıldağın ustasıdırlar. Şəhərdə avtomobil qəzası üçün heç bir şərait yoxdur.
Bu yerdə bir lətifə: “Bakıdan Şəkiyə qonaqlar gəlir. Şəhəri yaxşı tanımadıqlarından maşınla yolu əks istiqamətdə gedirlər. Yolda maşını saxlayıb bir şəkilidən polis bölməsinin yerini soruşurlar. Şəkili cavabında belə deyir: ”Hayindi siz habı yolu həblə getmağa davam eliyin, özləri gelib sizi aparacihdiler". Öz aramızdır, bir həftədə Şəkidə nə polis gördüm, nə də QAI. Bircə dəfə tanış səs eşitdim, baxdım: təcili yardımdı.
Nicat adlı təzə tanışın məsləhəti ilə piti yemək üçün  “Qaqarin” restoranına getdik. Nicat demişdi ki, “Şəçiyə cəlib piti yeməmisuuz, elə bil buralarda olmamısuuz”. “Qaqarin”i “Şəki palase”nin arxasında tapdıq. Girəcəkdə belə yazılmışdı: Yuri Qaqarin adına mədəniyyət və istirahət parkı. Heç demə, bir ara restoran yiyələri Qaqarinin adından imtina edib daha müasir bir ad seçiblərmiş. Amma hamı buranı “Qaqarin” deyə çağırdığından məcbur olub köhnə ada qayıdıblar. Böyür-böyürə “Şəki palase”-"Qaqarin" restoranı – Şəkidə belə şeylər olur. Turşulu, şabalıdlı kartofsuz Şəki pitisi çox ləzzətli idi. Bir gündə üç öynənin yerinə bir dopu piti yemək bəs edir, heç acmırsan. “Qaqarin”də bir dopu 5 manatdır.
Şəki tarixən ticarət şəhəri olub, elə də qalır. Ticarətdə kimsə bir şəkilini aldada bilməz. Ferma toyuğunu həyət cücəsi, keçi ətini quzu əti, Sabirabad qarpızını Şəki qarpızı, inək qatığını camış qatığı adına satmağa çalışan ticarətçi istədiyin qədərdir. Burda da onlara alverçi deyirlər. Ticarətin mayası alıb-aldatmaqdır – çoxları belə düşünür. Şəkiyə təzə gələn gün pendiri mənə 8 manata satan Əhməd kişi bu dəfə eyni məhsulu 6 manata verdi, məni də tanımadı. Bir həftə qabaq məni aldatdığını üzə vurmadım, onsuz da sübut edə bilməyəcəkdim. Bazardan qıraq yerlərdə adam sarıdan seyrəklikdir. Ya adamların sayı azdır, ya da evdən bayıra çxmağa səbəbləri yoxdur. Iş yox, pul yox. “Şəki palase”, Şəki saray, “Soyuq bulaq” tərəf – bunlar Şəkidən olan deputatların obyektləridir. Onların arasında Əli Məsimlinin obyekti yoxdur. Ipək kombinatı, tütün zavodu işləmir. Insanların ən böyük ehtiyacı iş yerinədir. Qocalar günü parkda, cavanlar çayxanada keçirir. Çayxanaya getməyə pulu olmayanlar da veyil-veyil gəzir. Azərbaycan rayonlarının tipik reallığı.
Hacı dayıdan da bir lətifə:
“Hacı dayı yanğınsöndürmə idarəsinə zəng edir.
– Salam, qardaş. Mən keçən il həyətimdə kartof əkmişdim, şaxta vurdu, məhsul zay oldu.
Idarə işçisi:
– Ay qardaş, siz hara zəng vurmusuz? Bura yanğınsöndürmə idarəsidi e. Kənd Təsərrüfatı nazirliyi deyil.
On dəqiqə sonra Hacı dayı yenə zəng edir.
– Hə, qardaş, deməli, belə. Mən bu il də kartof əkmişəm, inanıram ki, yaxşı məhsul olacaq…
– Əgər bir də zəng etsəniz, sizdən polisə şikayət edəcəm.
Iyirmi dəqiqə sonra Hacı dayı yenidən zəng vurur.
– Ay qardaş, bir qulaq asın da mənə. Düzü, mənim qonşumun evi yanır, zəng etdim deyim ki, siz o evi söndürməyə gəlib əlinizdə şlank ora-bura qaçanda ehtiyatlı olarsız, kartofları tapdalamıyasız, zayı çıxmasın".
Bu da bugünki Şəkinin mənzərəsi. Indi siz deyin; Hacı dayıda, elə şəkililərdə günah varmı: bu ölkədə onların sözünü sonacan dinləyən olsa, Şəki də Şəki olar.
Fimar
P.S.Şəkinin indiki icra başçısını televizordan tanıyıram. Şəkidə görmədim. Dedilər, “adam arasına çox çıxmır, çıxanda mütləq televizorda göstərirlər”. Şəki ANS-in kurasiyasındadır. Kimsə başçının atasına rəhmət oxuyub “sağ olsun, Şəki üçün bunu elədi” demədi. Dedilər 3 milyona özünə imarət tikdirib, həyətinə iki artezian qoydurub. Insafən, icra başçısı Elxan Usubovun Marxal yolundakı villası nazir Fikrət Məmmədovun qonşuluqdakı qara-boz silsilə villalarının yanında toya getməlidir. Amma şəkililəri Fikrət Məmmədov maraqlandırmır, onların ümidi təzə başçının gələcəyi günədir.