Rəsmi Bakının etiraz etdiyi təşkilat BMT-nin xüsusi məsləhətçisi statusunda qeydiyyatdan keçdi
Azərbaycan, Sudan, Rusiya və s. ölkələrin etirazlarına baxmayaraq, BMT-nin ən əsas orqanlarından biri “Freedom Now” beynəlxalq hüquq-müdafiə təşkilatının akkreditasiyası – BMT-nin xüsusi məsləhətçisi statusunda qeydiyyatdan keçməsilə bağlı müsbət qərar verib. ABŞ-da yerləşən bu təşkilat dünyanın müxtəlif ölkələrində vicdan məhbuslarının azadlığa buraxılması istiqamətində fəaliyyət göstərir.
Keçən ay BMT-nin QHT-lərin qeydiyyatıyla məşğul olan komitəsi bu təşkilatın akkreditasiyası ilə bağlı müraciəti rədd etmişdi. Qeyd edək ki, bu komitəyə 19 dövlətin təmsilçisi daxildir. Komitədə “Freedom Now”un akkreditasiyasının əleyhinə səs verən ölkələr Çin, Rusiya, Kuba, Venesuela, Sudan, Iran, Nikaraqua və Azərbaycan olub. Çünki bu ölkələrin bir neçəsinin hökumətləri “Freedom Now”nun kampaniyalarının hədəfi olub.
Lakin bu komitənin ali orqanı sayılan BMT-nin Iqtisadi və Sosial Şurası akkreditasiyadan imtina qərarını ləğv etmişdi. Daha doğrusu, Ictimai və Sosial Şuranın 54 üzvü məsələni bir daha səsverməyə çıxarmaq qərarı vermişdi. Dünən səsvermə keçirilib və təşkilatın akkreditasiyasına qərar verilib.
Qeyd edək ki, “Freedom Now” təşkilatının BMT-də akkreditasiyası üçün Birləşmiş Ştatlar kampaniyaya başlamışdı.
Eyni zamanda, “Freedom Now”nun fəxri sədri, Nobel mükafatı laureatı Desmond Tutu Şuranın hər bir üzvünə məktub yazaraq, onları səsvermədə “hə” deməyə çağırmışdı. Qeyd etmişdi ki, bu təşkilatın fəaliyyət və missiyası BMT-nin ruhuna, təməl prinsiplərinə tam uyğundur.
“Freedom Now” zorakılığa məruz qalan, öz baxışlarına görə həbsxanaya düşən ayrı-ayrı şəxslərin müdafiəsilə məşğul olur.
Bu təşkilatın azadlığı üçün kampaniya apardığı şəxslərdən biri də 2010-cu ildə Nobel mükafatı laureatı olmuş, Çində “hakimiyyət çevrilişinə cəhd” ittihamı ilə 11 il azadlıqdan məhrum edilən Liu Xiaobodur.
Informasiya şöbəsi