Əvvəllər bütün binalarda mənzillərin ünvanı yazılmış poçt qutuları olurdu. Insanda gözəl duyğular yaradan şeylərdən biri idi o qutular. Evin qapısına qonmuş bir göyərçin gözləyərdi insanı sanki. Dimdiyində bir mücdə, bir gözəl xəbər, bir sevinc. O qutuları niyə ləğv etdiklərini bilmirəm. Amma son illər həyatımızdan o qədər gözəl şeyləri çıxarıblar ki, təəccüblənəcək bir şey də yox. Həmin qutuların sökülüb atılması hansısa inkişafın göstəricisi sayılsaydı, heç belə sızlanmazdım. Dərd budur ki, onların ləğv olunması ilə gündəlik mütaliənin, qəzet oxuculuğunun sıxışdırılması arasında bir mütənasiblik görünür. Bu mütənasiblik fonunda isə novruzəlilik cəhalətinin hələ də tüğyan etdiyi açıq-aydın ortada. Oyanışın, gözüaçıqlığın, inkişafın ilkin şərti oxumaqdır, bəlli. Bu oyanışı istəməyənlər üçün doğruları yazan bir qəzetin niyə qorxulu olduğunu anlatmağa da gərək yox…
Yəqin bilirsiniz, son aylar siyasi məhbuslarımıza qəzet qadağası qoyulub. Bunun onlar üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil. Günahsız yerə dörd divar arasına həbs edilmək azmış kimi, dünyadan bixəbər yaşamaq işgəncəsinə də qatlanmaq varmış. Şəraitin, şərtlərin, münasibətlərin gündən-günə ağırlaşdığını deməyə dəyməz. Yayın bu cırhacırında bir həbsxananın iki kilo ərzaq saxlayacaq soyuducusu yoxdursa, çimmək belə pulludursa, gerisini özünüz düşünün. Hələ mən başqa detallara toxunub, onlara iş açmaq istəmirəm. Reallığı özünüz yaxşı bilirsiniz…
Bir sistemdə normal həyatın özü işgəncədirsə, o yerdə həbsxana yasaqlarına və əzablarına təəccüblənməyə də dəyməz. Hüquqi baxımdan, həbsxana normal həyat şərtlərinin məhdudlaşdırılması və hərəkət azadlığının qadağan edilməsi deyilmi? O zaman bunu bizdəki kimi bir əzab, qisas, gilyotin mexanizminə çevirmək nə deməkdir ki? Məlumunuz olsun ki, yüksək dəyərləri mənimsəmiş ölkələr hazırda həbsxanaların birdəfəlik ləğv edilməsi məsələsi üzərində çalışır. Bu sahədə ən irəli getmiş ölkə Isveçdir. Iki il əvvəl hökumətin qərarı ilə ölkədəki 47 həbsxanadan 5-i ləğv edilib və hüquq-məhkəmə sistemində əsaslı yeniliklər edilib. Ölkənin həbsxanalar üzrə rəisi Nils Öberg həbsxanadan çıxdıqdan sonra cinayət edənlərin sayının xeyli azaldığını bildirib. O deyib ki, məhkum sayının azalması məhkəmələrin ağır cinayətlərdən mühakimə olunanlara belə yüngül cəzalar verilməsi ilə bağlıdır. Məqsəd insanları cəmiyyətə qazandırmaq üçün səylərin səfərbər olunmasına, məhbusların həbsxanalarda daha az qalmasına və onların sayının azalmasına nail olmaqdır. Bunun üçün xüsusi proqramlar hazırlanır və azadlıqdan məhrum edilmiş insanlara oxumaq, yeni iş bacarıqları əldə etmək imkanları yaradılır.
Isveçin məhkumlarla bağlı ən humanist addımlarından biri də “ayaq qandalı sistemi”dir. Illərdir özünü doğruldan bir sistemə görə, həbs müddətinin bitməsinə az qalmış və 6 aydan az cəza almış şəxslər məhkumluğu ev şəraitində çəkə bilərlər. Indiyə qədər ölkə üzrə 4528 nəfərə cəzasını elektron qandallı şəkildə öz evində çəkmək imkanı yaradılıb. Bəli, bax belə! Indi sən gəl, bunları bizimkilərə anlat görüm, necə anladırsan. Həbsxana sisteminə müdhiş bir qazanc yeri kimi baxan adamlara nə anladacaqsan Isveç modelindən! Elektron qandal hara, qəzet qadağası hara? Həbsxanaları ləğv etmək niyyəti hara, siyasi məhbusluq hara? Dünya harda, biz harda! Isveç harda, Azərbaycan harda!
Elektron qandal və qəzet qadağası
•