Sifarişlə həbs olunmuş Qarabağ əlilinə ağır cəza tələbi

Prokuror AXCP funksioneri Asif Yusifliyə 8 il həbs cəzası istədi

Fəxrəddin Mehdiyev: «Prokurorun çıxışı qanundan və ədalətdən çox uzaqdır»

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflinin məhkəməsi yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə təxminən bir aydır davam edən prosesdə artıq məhkəmə istintaqı yekunlaşıb. Dünən isə prokuror çıxış edərək, Asif Yusifliyə 8 il, onunla birlikdə mühakimə olunan Rafiq Hüseynova isə 13 il həbs cəzası verilməsini istəyib.

Xatırladaq ki, Asif Yusifli və Rafiq Hüseynov CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham olunur. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, bu iş üzrə zərərçəkmiş qismində tanınan Fəridə Zülfüqarova oğlunun ali məktəbə salınması üçün 6500 manat pul verib. Həmin vəsait Rafiq Hüseynova verilib. Sadəcə, Fəridə Zülfüqarova ilə Rafiq Hüseynovu Asif Yusifli tanış edib. Onu da əlavə edək ki, 6500 manat Fəridə Zülfüqarovaya geri qaytarılıb. O, məhkəmə prosesində verdiyi ifadədə də göstərib ki, pulu geri qaytarılıb və təqsirləndirilən şəxslərdən heç bir şikayəti yoxdur. Dünən prokurorun çıxışından sonra zərərçəkmiş Fəridə Zülfüqarovaya söz verilərkən o, bir daha bəyan edib ki, şikayətçi deyil.
 

Qarabağ müharibəsində sağlamlığını itirmiş Asif Yusifli ikinci qrup əlildir. O, əlinin bir hissəsini itirib, həmçinin əl ağacının köməyilə hərəkət edə bilir. Bütün bunlarla yanaşı, Asif Yusifli 3 azyaşlı uşaq atasıdır və ən dəhşətlisi odur ki, onlardan biri hazırda ağır xəstəlikdən müalicə olunur.
Təsəvvür edin ki, prokuror barəsində heç bir şikayət olmayan, özü və ailəsi belə ağır vəziyyətdə olan bir adama 8 il həbs cəzası istəyir. Burada yada salmaq yerinə düşər ki, keçmiş deputat Gülər Əhmədovaya qarşı 1 milyonluq dələduzluq ittihamı irəli sürülmüşdü. Və o pulun sahibinə bircə manat da qaytarılmamışdı. Bununla belə, elə həmin Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Gülər Əhmədovaya cəmi 4 il cəza istəmiş, məhkəmə də 3 illə kifayətlənmişdi. Ardınca Bakı Apelyasiya Məhkəməsi ümumiyyətlə, Gülər Əhmədovanın həbsdən buraxılması barədə qərar vermişdi…
Asif Yusiflinin hüquqlarını müdafiə edən vəkil Fəxrəddin Mehdiyev “Azadlıqa” açıqlamasında bildirib ki, prokurorun çıxışı tamamilə qanunsuz və ədalətsiz idi: “Biz ibtidai istintaqda da, məhkəmədə də bildirmişik ki, Asif Yusiflinin əməlində cinayət tərkibi yoxdur. Buna görə də onun barəsində cinayət işinə xitam verilməlidir.ÿDediklərimizi sübut etmək üçün konkret dəlilləri də ortaya qoymuşuq. Məhkəmədə bir daha sübut olundu ki, Asif Yusifli təqsirsizdir. Bu baxımdan, prokurorun çıxışı, guya, ittihamların öz təsdiqini tapması və Asif Yusifliyə belə ağır cəza istəməsi tamamilə qanundan və ədalətdən uzaq idi”.
Asif Yusifli özü də məhkəmədə ifadəsində heç bir təqsiri olmadığını, hökumətin ünvanına sərt tənqidlərinə görə sifarişlə həbs olunduğunu bildirib.
Qeyd edək ki, müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün hakimdən vaxt istəyib və bu səbəbdən məhkəmə prosesi iyulun 23-dək təxirə salınıb.

Aytən