Seçkidən sonrakı Türkiyəni nə gözləyir?

Elxan Şahinoğlu: «Türkiyədə insanlar artıq yenilik istəyirlər və Ərdoğanın prezidentlik üsul idarəsini dəstəkləmirlər»

 
Iyunun 7-də Türkiyədə keçirilən parlament seçkiləri başa çatdı. Gözlənildiyi kimi bu seçkilər sürprizlərlə yadda qaldı. Belə ki, hakim Ədalət və Dirçəliş Partiyası seçki ərəfəsində Konstitusiyanı dəyişdirərək Türkiyəni parlamentli respublikadan prezidentli respublikaya çevirməyi “hədəfləmişdi”. Amma seçkinin nəticələrinə görə, AKP nəinki bu hədəfə yetə bilmədi, əksinə, son 12 ildə keçirilən seçkilərdə təkbaşına iqtidar olsa da bu seçkidə təkbaşına iqtidar olmaq maneəsini belə aşa bilmədi.
Parlamentə daxil olan partiyalar sırasında ən çox millət vəkili 258 nəfər olmaqla AKP-dədir. Amma təkbaşına iqtidar olmaq üçün 276 millət vəkili sayına malik olmaq lazımdır. Beləliklə, 2012-ci illərdən bu yana seçkilərdə AKP ilk dəfə sarsıdıcı zərbə aldı. Millət vəkili sayına görə ikinci yerdə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CXP) gəlir. CXP-nin 132 millət vəkili var.
Sıralamada üçüncü yeri tutan Millətçi Hərəkat Partiyasının (MHP) isə 81 millət vəkili var. Həm də öncəki seçkilərlə müqayisədə partiya millət vəkili sayını 28 nəfər artırıb.
Bu seçkilərdə daha bir sürpriz Xalqlar Demokratiyası Partiyasının (XDP) partiya olaraq parlamentə daxil olmasıdır. Bu partiya əsasən kürdlər yaşayan bölgələrdə seçicilərin səsini alaraq parlamentə daxil olmaq maneəsini aşıb və parlamentdə 79 millət vəkililə təmsil oluna bilər. 
Seçkilərə qatılan 20-dən çox partiya parlamentə daxil olmaq üçün 10%-lik maneəni aşa bilməyiblər.
Indi Türkiyənin siyasi həyatında maraqlı bir səhnə yaranıb. 258 millət vəkili olsa da AKP təkbaşına iqtidar ola bilmir. Bunun üçün parlamentə daxil olan partiyalarla və ya onlardan birilə koalisiya qurulmalıdır. 
AKP-nin seçkidə bu cür nəticə əldə etməsinin səbəbi nədir? AKP-nin bu cür geriləməsi partiyaya nə vəd edir? Türkiyənin yeni koalisiyon höküməti necə qurula bilər?
Hazırda gündəmdə olan bu sualları “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluya ünvanladıq. E.Şahinoğlunun fikrincə, AKP-nin sanki qələbə qazandığı görsənsə də, partiya seçkidən birinci çıxsa da, əldə olunan nəticələr əslində məğlubiyyətdir. AKP-nin əvvəlki seçkilərlə müqayisədə 8-9 faiz az səs topladığını deyən E.Şahinoğlu vurğuladı ki, bu artıq AKP-nin höküməti təkbaşına formalaşdıra bilməyəcəyi anlamına gəlir: “Xalqlar Demokratiyası Partiyası on faizlik səddi aşmasa idi bu AKP-nin qələbəsi sayıla bilərdi. Amma alınmadı. Bunun müxtəlif səbəbləri olub. Öncə onu demək lazımdır ki, insanlar artıq yenilik istəyirlər. Ikinci səbəb o ola bilər ki, vətəndaşların bir qismi Ərdoğanın prezidentlik üsul idarəsinə keçməliyik ideyasına isti yanaşmadı. Bununla Ərdoğanın istəyinə nail olmasının qarşısı alındı”.
E.Şahinoğlunun fikrincə, Ərdoğan bu seçkilərin nəticəsində ikiqat zərbə aldı. Birinci məsələ odur ki, Ərdoğan prezident üsul idarədən vaz keçməlidir. Çünki Ərdoğan bunun üçün parlamentdə lazım olan səs çoxluğuna sahib deyil. Ikinci mühüm bir məqam isə Ərdoğanın hər zaman söylədiyi fikirdən daşınmağa məcbur olmasıyla bağlıdır: “Ərdoğan söyləyirdi ki, ”koalisiyalı hökümətlər Türkiyəni uçuruma aparır". Artıq Ərdoğan bu fikrindən daşınmalıdır. Çünki Ərdoğan öz əli ilə koalisiyon hökümətin yaranmasına yaşıl işıq yandırmalıdır".
 
Koalisiya kimlər arasında olacaq?
 
Türkiyədə hökümətin hansı qüvvələr arasında formalaşdırılacağına gəlincə isə E.Şahinoğlu bildirdi ki, AKP ilkin mərhələdə barağı keçmiş 3 partiya ilə danışıqlar aparacaq. Ehtimallara görə, hər üç partiya AKP-yə “yox” deyəcək. E.Şahinoğlu hesab edir ki, bu AKP-nin neçə illik iqtidarına güclü sillə olacaq. AKP-nin CHP ilə birliyinin mümkün görünmədiyini düşünən E.Şahinoğlu vurğuladı ki, MHP ilə isə birlik alına bilər: “Dövlət Baxçalı da bəyan edib ki, AKP ilə birlik mümkündür. Amma o, fikrindən daşına da bilər. Bu cür mövqedən çıxış edilməsi partiyaların daha çox şərt irəli sürə bilmək istəkləri ilə bağlıdır. Burada iki variant mümkündür. Ya MHP AKP ilə koalisiyaya girir, ya da AKP-yə kənardan dəstək verir. Bu MHP-yə AKP-yə nəzarət imkanı verir”.
XDP ilə AKP-nin birliyini də nəzərdən keçirən ekspert bildirdi ki, kürdlərin koalisiyada yer alması o demək olacaq ki, onlar bir çox istəklərini reallaşdırmağa çalışacaqlar: “XDP-nin də əsas istəyi Öcalanın sərbəst buraxılmasıdır. Bu cür fəaliyyət isə Türkiyəni qarışdıra bilər. Bu isə MHP-nin maraqlarına ziddir. Çünki MHP məsuliyyətli partiyadır. AKP XDP koalisiyası yaranmasın deyənə MHP bəlkə də AKP ilə koalisiyaya razılıq verə bilər”.
 
Azərbaycan üçün təhlükələr
 
Kürdlərin partiya olara parlamentə düşməsinin Türkiyə tarixi üçün bir yenilik olduğunu vurğulayan E.Şahinoğlu bildirdi ki, kürdlər tələblərini daha ucadan səsləndirəcək. Amma baş verənlərin müsbət tərəfləri də var. Çünki seçkinin nəticələri radikal kürdlərin əlindən bəhanələri alır.  
Koalisiyon hökumətin Türkiyə üçün xarici və daxili siyasətdə uğur vəd etmədiyini deyən ekspert bildirdi ki, yeni parlamentdə ermənilərin də təmsil olunması Türkiyə-Ermənistan sərhədlərinin açılmasının və “erməni soyqırımı”  məsələsinin gündəmə gələcəyini deməyə əsas verir: “Türkiyə parlamentinin hazırkı səviyyədə formalaşması Azərbaycan üçün müəyyən təhlükələr vəd edir. Təhlükələrdən biri budur ki, parlamentdə təmsil olunan 80 kürd millət vəkili yeni hökümətdən Ermənistanla sərhəddi açmağı tələb edəcək. Eyni zamanda erməni millət vəkilləri hələ seçkidən əvvəl Türkiyənin ”erməni soyqırımını" tanımalı olduğunu bildirmişdilər. Bu istiqamətdə də təşəbbüslər olacaq".
Xəyal