Sahibkarlıq sektorunda problemlər qaçılmazdır
Azərbaycan Mərkəzi Bankı 2015-ci ilin yanvar-mart aylarının nəticələri üzrə maliyyə sabitliyi icmalını açıqlayıb. Icmalda qeyd edilib ki, banklar arasında rəqabətin artması, yeni artım drayverlərinin axtarışı istehlak kreditləri bazarında aktivliyin sürətli artmasına səbəb olub.
Istehlak kreditlərinin müsbət makroiqtisadi və sosial təsirləri ilə yanaşı, izafi borclanma ilə bağlı potensial riskləri də nəzərə almaq lazımdır. Bu vəziyyətdə Mərkəzi Bank istehlak kreditləri bazarının tənzimlənməsi və izafi borclanmanın qarşısının alınması məqsədilə preventiv tədbirlər həyata keçirib. Nəticədə 2014-cü ildə istehlak kreditlərinin real artım tempi 20%-dək azalıb (müqayisə üçün 2013-cü ildə artım 38% olub). Belə ki, 2014-cü ildə avtomobil kreditləri 47%, digər istehlak kreditləri 40%, yaşayış sahəsinin tikintisi və kredit kartları müvafiq olaraq 23% və 24% azalıb.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, 21 fevral tarixində baş verən devalvasiyadan sonra ölkə iqtisadiyyatında bəlli proseslər gedib. Istehlak kreditlərinin azalması da məhz həmin məsələdən sonra baş verən olayların tərkib hissəsindən biridir. O.Haqverdiyev bu kreditlərin azalmasının gözlənilən olduğunu da bildirir:
“Problemli kreditlər məsələsi də həmin məsələni aktuallaşdırıb. Problemli kreditləri qaytarmaq üçün belə addım atırlar. 5 faizdən yuxarı yavaş-yavaş bank sisteminin böhranına çevrilir. Istehlak kreditlərinin azalması bununla bağlı ola bilər. Onun azalması sahibkarlıq fəaliyyətinin böhran keçirməsi deməkdir. Istehlak kreditlərini alanlar əsasən xaricdən məhsul alıb gətirənlərdir. Onların bu kredit resursundan əli kəsilirsə, əlbəttə, iqtisadiyyatda və istehlak kreditiylə əhaliyə xidmət sahəsində fəaliyyət göstərən sahibkarların fəaliyyətində müəyyən problemlər yarana bilər. Istehlak kreditləri ciddi şəkildə azalmasa da, bu tendensiya görünən həddədir. Bunun qarşısını alıb-almamaq artıq hökumətin məsuliyyətidir”.
Nigar