
Bakıda Avropa Oyunlarının açıldığı gün, iyunun 12-də Londonda çapdan çıxacaq kitab BP şirkətinin Azərbaycanın hökuməti ilə münasibətlərinə həsr edilib.
Britaniyanın Platform London təşkilatının buraxacağı yeni kitab “Parıldayan bütün şeylər – Azərbaycanda İdman, BP və Repressiya” adlanır. Bu kitabda deyilir ki, “həm Əliyev dinastiyasının, həm də Bakı Oyunlarının yaradılmasında BP mərkəzi rol oynayıb”.
BP-ə qarşı belə iradlar ilk dəfə səslənmir və şirkət belə iddiaları rədd edir. “O yerdə ki, insan haqlarının pis vəziyyəti bizim biznes fəaliyyətimizlə birbaşa bağlı deyil, biz düşünmürük ki, dövlətlərin insan haqlarını qoruması, onlara hörmət və icra etməsinə təsir göstərmək bizim rolumuza daxildir. Biz diqqətimizi öz fəaliyyətimizlə bağlı potensial insan haqları təsirlərinin və risklərinin aşkarlanması və onların həll edilməsi üzərində cəmləşdiririk” – BP-BBC Azərbaycancaya verdiyi açıqlamada deyilir.
Azərbaycan hökuməti Bakıda iyunun 12-də başlanacaq ilk Avropa Olimpiya Oyunları qabağı hər hansı tənqidi özünə qarşı kampaniyanın bir hissəsi hesab etdiyini deyir.
Kitab
BP şirkəti BBC Azərbaycancaya, çap edilməmiş kitabı şərh etməkdə çətinlik çəkdiyini bildirsə də, BP-nin insan haqlarının vəziyyətinə göz yummasına dair tənqidlərə cavab verib.
"Biz BMT-nin Biznes və İnsan Haqları üzrə Rəhbər Prinsiplərini dəstəkləyirik və inanırıq ki, bu prinsiplər insan haqlarının qorunması və onlara hörmət edilməsi üçün faydalı, konsensusa əsaslanan çərçivə verir. Bizim fəaliyyətimiz artıq bir çox insan haqları problemlərinin həllinə yönəlib və BMT Rəhbər Prinsiplərinin müvafiq hissələri ilə bundan sonra da yaxınlaşmaya doğru gedir və biz insan haqlarını podratçılarımızla iş, təsir qiymətləndirmələri və icmanın narahatlıqlarına cavab vermək prosesimizə inteqrasiya etmək istiqamətində çalışırıq”, şirkətdən BBC Azərbaycancaya verilən cavabda deyilir.
Kitabda deyilir ki, “idman korrupsiyalı rejimin və ona xidmət edən neft şirkətinin gözdən pərdə asması üçün vasitədir”.
Kitabda Avropanın tarixində ilk dəfə keçirilən Oyunlar “Neft oyunları” adlandırılıb.
“Avropa Oyunları ərəfəsində İlham Əliyev hökuməti Azərbaycanın vətəndaş cəmiyyəti üzərinə hücumlarını şiddətləndirərək jurnalistləri, hüquqşünasları, alimləri və demokratiya fəallarını həbs edib”, – kitabda deyilir.
Bu da vurğulanır ki, “Oyunların açıldığı gün rejim özünün ən sərt tənqidçilərindən birini məhkəmə qarşısına çıxarır. Rəsul Cəfərov həbsindən əvvəl “İdman İnsan haqları naminə” kampaniyasına başlamaq niyyətində idi. O, saxta ittihamlarla artıq 6 il yarım müddətinə azadlıqdan məhrum edilib”.
Kitabda qeyd olunur ki, hazırda Azərbaycanda təhqiqat jurnalisti Xədicə İsmayılova da daxil 100-dək siyasi məhbus var. Bu həbslər ABŞ Dövlət Departamenti, Britaniya Xarici İşlər Nazirliyi və Avropa İttifaqı tərəfindən pislənib.
“Bu gün Azərbaycanda insan hüquqlarının, demokratiyanın, söz, məlumat, sərbəst toplaşmaq azadlığının durumu heç bir dünya ölkəsindən geri qalmır”, Azərbaycan prezidentinin sözçüsü Əli Həsənov bir müddət öncə bildirib.
“Gələcəyi məhbus ölkə”
Platform London təşkilatından Emma Hughes kitabın nəşri ilə bağlı açıqlamasında deyib ki, “Bu Neft Oyunları BP-nin oyunlarıdır. Oyunların uğuru BP-nin uğuru olacaq. Onlar idmandan dünyanın gözünü dəhşətli reallıqlara kor etmək üçün istifadə edirlər. Azərbaycanda vətəndaş cəmiyyəti tamamilə əzilib. Jurnalistlər, hüquqşünaslar, alimlər, yazıçı və fəallar dəmir barmaqlıqlar arxasına salınıblar. Bütün bunlara baxmayaraq Oyunlara hazırlıq gedir. Bu ölkənin gələcəyi məhbus edilib və BP belə bir rejimlə əl-ələ verərək işləyir”.
“BP Azərbaycanda ən böyük investordur, – deyib Emma Hughes, – 1994-cü ildən bəri Əliyev rejimi öz xərcləmələri və birinci ailənin maliyyələşdirilməsində, eyni zamanda Bakının ABŞ, Avropa İttifaqı və Birləşmiş Krallığa möhkəm müttəfiqlik telləri ilə bağlanmasında BP-ə arxalanıb. BP-nin gətirdiyi neft sərvəti Əliyev rejimini möhkəmləndirib, azərbaycanıların əksəriyyəti üçünsə yaşayış səviyyəsini yüksəldə bilməyib”.
“2010-cu ildə Deepwater Horizon fəlakəti zamanı zəifləmiş BP dünyanın başqa neft mədənlərində çətinliyə düşəndə Əliyevlərin möhkəm dəstəyinə söykənib” – deyilir Platform təşkilatının bəyanatında.
Daha sonra bəyanatda deyilir: “Avropa Oyunları BP və Əliyevlər üçün həyati əhəmiyyət daşıyır. Bu şirkət Oyunların aparıcı sponsorudur, oyunların planlaşdırılmasında və icrasında çox yaxından iştirak edib. Oyunların davam edəcəyi 16 gündən Bakının beynəlxalq aləmə nümayiş etdirilməsi üçün istifadə olunacaq. Yarışan komandaların, qonaq gələn azarkeşlərin görə bilməyəcəkləri isə Azərbaycandakı kütləvi bərabərsizlik və artan narazılıq olacaq”.
“Bütün parıldayan şeylər” kitabı bu gizlinlərin üstündəki pərdəni qaldırmağa xidmət etdiyini iddia edir.
Azadlıq Radiosunun müxbiri Arzu Qeybulla deyir ki, “BP Azərbaycanda bu ölkənin lap erkən iqtisadi inkişaf dövründən olub, lakin ölkəyə çox az töhfə verib. Əslində bu, heç şirkətin vecinə də olmayıb. Hərçənd bir Britaniya şirkəti kimi BP insan haqları istiqamətinə müəyyən maraq göstərməli idi. Avropa Oyunlarına ev sahibliyinin, həyat şəraitləri arasında bu qədər dərin fərqlər olan bir ölkəyə verilməsi və bir şirkətin bu vəziyyətə töhfə verməsi və ədalətsizliyin davam etməsinə şərait yaratması sadəcə olaraq qeyri-məqbuldur”.
"Qarayaxma kampaniyası"
Məhbus jurnalsit Xədicə İsmayılova 2014-cü ildə baş vermiş həbsindən az əvvəl demişdi: “ BP Azərbaycanda baş verənlər üçün məsuliyyət daşıyır. Qərbin bu ölkədə baş verəcək hər hansı dəyişikliyə tərəddüdlə yanaşmasına əsas səbəblərdən biri də BP-dir. Əlyev rejimi BP-yə əl verir. Rejim BP-yə iş şəraiti yaradır, BP isə rejimin problemlərini həll edir. Siyasi təsir bu sövdələşmənin tərkib hissəsidir. BP-ni ata Əliyevi Azərbaycanda hakimiyyətə gətirməkdə günahlandırırlar. Lakin bu təkcə tarix deyil. Birləşmiş Krallığın hökuməti Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı sükutunu pozmur. Gündəliyi BP-nin maraqları diqtə edir”.
Bir sıra beynəlxalq qruplar oyunlardan əvvəl həbsdə olan fəalların azad edilməsinə səsləyərək Bakını insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsinə görə tənqid edirlər.
Azərbaycan rəsmiləri qərbdə səslənən bəyanatları qarayaxma kampaniyasının tərkib hissəsi kimi dəyərləndirirlər.
"…bu gün Oyunlar ərəfəsində bizə qarşı kampaniya aparılır. Güclü inkişaf edən, demokratiya qurmaq istiqamətində ciddi addımlar atan, regionda liderə çevrilmiş dövlətə qarşı belə kampaniyanın həyata keçirilməsi heç kimə başucalığı gətirmir", Prezident Administrasiyası rəsmisi Novruz Məmmədov deyib.
Ötən ilin sentyabr ayında Platform London təşkilatının fəalları "Əsrin Müqaviləsi"nin 20 illiyi münasibətilə BP-nin Londondakı qərargahı önündə aksiya keçiriblər.
Aksiya iştirakçıları Əliyev hakimiyyətindən "98 siyasi məhbusun azad edilməsi və başqa insan haqları müdafiəçilərinin həbs edilməyəcəyinə dair zəmanət" tələb etməsini istəyib və eyni zamanda şirkətin gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına sponsorluğunu dayandırmasını tələb edib.
Avropa Oyunları Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə təşkilatın 2012-ci ildə Romada keçirilmiş Baş Assambleyasında elan edilib.
Həmçinin oxuyun: Avropa Oyunları 2015 nədir, necə keçəcək, yarış nəyin uğrunda olacaq?