Azərbaycanda gizli savaş gedir

Ölkə xarici xüsusi xidmət orqanlarının nəzarətindədir?

 
Ümid Partiyasının sədri, deputat Iqbal Ağazadə “Qafqazinfo”ya müsahibəsində 15 nəfərin ölümü ilə nəticələnən yanğından danışarkən hadisənin təsadüf olmadığını söyləyib. Iqbal bəy Azərbaycana təhdidlərin göz önündə olduğunu vurğulayaraq, kimsə bunu pərdələməyə çalışsa da, bunun Rusiya tərəfindən edildiyinin fərqində olduğunu deyib: “Azərbaycan Rusiyanın basqısı altındadır. Qərb dünyası isə Rusiyanın basqılarını durduracaq gücdə deyil. Biz Avropaya inteqrasiyasını seçmişik. Amma Qərb də düşünməlidir ki, bu zaman Rusiyanın basqısından həmin ölkələri necə qoruyacaq? Bu mexanizm zəifdir”.
 Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər “Azadlıq”a açıqlamasında Iqbal Ağazadənin bu ittihamı irəli sürməsi üçün əldə kifayət qədər ciddi əsaslar olmasını vacib hesab edib. I.Ağazadənin millət vəkili, həmçinin partiya sədri olmasını nəzərə alan Sülhəddin bəy, onun belə ittihamlar səsləndirməsinin sıradan bir açıqlama olmadığını söyləyir:
“Bütün postsovet məkanında, eləcə də Azərbaycanda ABŞ, Avropa Birliyi, NATO ilə Rusiya arasında geopolitik savaş gedir.  Bu savaş açıq, bəzən də gizli aparılır. Ukraynada açıq şəkildə savaş gedirsə, Azərbaycanda bu, gizli şəkildə gedir. Ölkəmizin geopolitik məkanda olması onun həlledici mərhələyə daxil olduğunu göstərir. Bu mənada, Azərbaycanda adıçəkilən ölkələrin xüsusi xidmət orqanlarının gizli savaşının getdiyi açıq-aydın hiss olunur”.
Informasiya şöbəsi