Məhəmməd Əmin kişinin heykəlinin başına torba keçiriblər. Məhəmməd Əmin kişinin yox, onun heykəlinin. Çünki onun başına torba keçirə bilməyiblər, bilməyəcəklər də. O, regoinal hakimiyyət ötürücüləri səviyyəsində düşüncə sahibi deyildi. Bu düşüncə torbalara sığan düşüncə də deyil.
Bu olayla bağlı dartışma parlament səviyyəsini aşaraq ictimai müzakirələrə qədər yüksəlib. Müzakirələrdə iki mövqe diqqətimi çəkdi. Birinci “quda” cavabı, ikinci isə “dəliqanlı” təəssüfü.
Sabir bəyin qaldırdığı prinsipial məsələni hakimiyyət yandaşları bu səviyyələrdə lokallaşdırmağa və cılızlaşdırıb söndürməyə cəhd elədilər. Gözlənilən və qanunauyğun yanaşmadı.
Hiss edirsən ki, birinci cavabın müəllifi – geniş diapazonda fəaliyyət göstərən, geniş erudisiyalı millət vəkili Musa Urud 7 rəngli cavabına o qədər vurğun olub ki, məntiq yaddan çıxıb. Məncə o, bu cavabını öyündüyü publisistikasının şah əsəri sayır. Bu, açıq-aşkar sezilir. Bununla işim yox. Qoy sevinsin. Bu onun haqqıdı. Ümumiyyətlə, haqlı olmasa da.
Gələk məntiq məsələsinə.
Müəllif hesab edir ki, Məhəmməd Əmin kişinin heykəli olan park Nəqliyyat Nazirliyinin balansından Gəncə şəhər icra hakimiyyətinin balansına verilsə də, təhvil-təslim aktı rəsmiləşdirilmədiyindən şəhər icra hakimiyyətini nədəsə suçlamaq olmaz.
Çox güman ki, millət vəkilinin köməkçisi var və yəqin ki, o, hüquqçudu. Millət vəkili hüquqçu olmadığından qanunvericiliyi yaxşı bilməyə bilər. Amma o, köməkçisindən və ya parlamentin dünya şöhrətli hüquq başbilənlərindən soruşub məsələnin mahiyyətinə vara bilərdi.
Tutaq ki, təhvil-təslim aktı yoxdur. Bu iki orqan bir dövlətin orqanı deyilmi? Bəlkə onlardan hansısa Azərbaycan hakimiyyətinin yurisdiksiyası altında deyil və ya bu yurisdiksiyanı saymır? Sabitlik hökm sürdüyü, hamının bir nəfər ətrafında sıx birləşdiyi məmləkətdə belə ola bilməz. Ağlabatan deyil.
Azərbaycanda mövcud rejimin əməllərində Sabir bəy də daxil olmaqla bütün siyasətçilər, gerçək və yalançı müxalifət, hamı günahkardı. “Müstəqil, demokratik Azərbaycan”la öyünən adamlar 25 ildir ki, MÜSTƏQIL VƏ DEMOKRATIK Azərbaycanın qurucusu və cəfakeşinə heykəl qoymağa vəsait tapmır. Heydər Əliyevin isə bütün ölkə boyu yüzlərlə heykəli, muzeyi, məktəbi, parkları var. Bu, heç bir dövlətçiliyə, tarixə, soy-kökə münasibətə, siyasətə, əxlaqa sığan iş deyil.
Heykəllər iki cür olur: parklarda qoyulan heykəllər və qəlblərdə qurulan heykəllər. Birincilərin taleyini Leninin timsalında hamımız görmüşük. Amma qəlblərdə ucalmış heykəlləri kimsənin yıxmaq gücü yox. Belə heykəllərə qısqanclıqla yanaşmaq yox, onların heç olmasa birini ölkənin baş kəndinin mərkəzi meydanlarının birində maddiləşdirmək gərəkdi. Bu, çox heykəllərə qarantiya ola bilər. Insanlar hakimiyyətlərdən və siyasətçilərdən daha ədalətli olur.
Azərbaycanın gerçəkdən çox ağıllı və praqmatik siyasətçilərindən olan Fazil bəyin “dəliqanlı” təəssüfü mənə normal göründüyü qədər də acı təəssüf doğurdu. O, haqlı olaraq yazır ki, bu boyda ölkədə bir dəliqanlı tapılmadı ki, o heykəlin başından o torbanı çıxarsın. Buna görə məsuliyyət də yoxdur.
Başqa cür düşünən hər kəsin cibindən narkotik çıxdığı ölkədə belə arxayın danışmaq hansısa dəliqanlının günahına batmaqla sonuclana bilər. Bu, dəqiqdi.
Ikinci, siyasətçisi cib müxalifətinə, müxalifətçisi çuğula, araqarışdırana, mandat əsirinə, meyitşünasa və s. çevrilmiş cəmiyyətin dəliqanlısı olmur. Olmur, kişi, vallah olmur.
Bu dəliqanlını kim, harda, hansı partiyada, mühitdə yetişdirməli idi?ÿ
Indi dəliqanlılıq dəb deyil. Hamı ağıllı olmağa çalışır. Dəliqanlılıq, qəhrəmanlıq, vətənsevərlik, hətta sadəcə ləyaqətli olmaq belə cəzalandırılır. Orta statistik azərbaycanlı laqeydlik, xoşqeyrətlik, yaltaqlıq, ən azı müdrik susqunluqla karyerasını və şəxsi həyatını qurmağa üstünlük verən adamlar yığınına çevrilib.
“Qadını ər doğmaz yaltaq millətin”.
Məhəmməd Əmin kişinin indiki siyasətçilərdən başlıca fərqi məhz ləyaqətli cəmiyyət yaratmaq istəyi idi – bağımsız, özgür və ləyaqətli Azərbaycan. Bu Azərbaycan onun Azərbaycanı olmasa da, təkcə onun haqqı var ki desin:ÿ
“Sən bizimsən, bizimsən, durduqca bədəndə can,ÿ
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan".