Bir neçə gündür Azərbaycanda Türkiyənin “Kanal D” televiziya kanalının yayımına qadağa qoyulub. Ilk olaraq bu qadağa ölkədə fəaliyyət göstərən kabel televiziyalarına şamil olunub.
Kabel televiziyalarından birindən bildirilib ki, bu kanalın yayımdan qaldırılması şirkətin öz qərarı deyil: “Bizə bununla bağlı göstəriş verilib. Bu tapşırıq təkcə bizə aid deyil, ”Kanal D"nin yayımı bütün ölkədə qadağan olunub. Bundan sonra da heç vaxt yayıma buraxılmayacaq. Səbəbin nə olduğunu bilmirik. “Kanal D”nin yerinə bu gündən “TV 2" yayımlanır”.
“ATV Plus” kabel televiziyası özünün facebook hesabında məlumat yayaraq bildirib ki, CNN Türk, Kanal D və Samanyolu Haber kanallarının yayımı dayandırılıb.
Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, adıçəkilən kanallar “Azərspace” peykində test üsulu ilə yayımlanırdı: “Artıq test yayımı başa çatıb və kanallar yayımın davam etdirilməsi üçün ”Azərkosmos"la müqavilə bağlamalıdırlar. Hansı kanal ki, müqavilə bağlayıb onların yayımı davam etdiriləcək. Müqavilə bağlamayanlar isə yayımdan çıxarılır. Rusiyanın və Türkiyənin bir neçə kanalı müqavilə bağlamayıb".
Nazir müşaviri kabel televiziyaları ilə bağlı məsələyə də aydınlıq gətirib: “Azərbaycanda kabel televiziyalarının əksəriyyəti yayımını ”Azərspace" üzərindən edir. Buna görə onlarda da avtomatik olaraq eyni hal yaşanıb. Amma həmin kanallar “Türksat” peykində yayımlanır. Kim istəsə, oradan baxa bilər".
“Doğan Holdinq” “Hürriyet”, “Posta”, “Radikal” və “Fanatik” qəzetləri, “Kanal D”, “CNN TÜRK”, “Dream TV”, “Slow Türk”, “Radio D”ni özündə birləşdirir. Bir neçə gündür ki, hakimiyyətin nəzarətində olan media orqanları, xüsusilə “Yeni Azərbaycan” qəzeti “Doğan Holdinq”in rəhbəri Aydın Doğanı hədəfə alıb. Aydın Doğan Azərbaycana qarşı fəaliyyətdə ittiham olunur. Əslində isə məsələnin kökündə “Hüriyyət” qəzetində araşdırmaçı jurnalist Xədicə Ismayılın müdafiə olunmasıdır. Xədicə Ismayıl barədə məqalə yazan “Hüriyyət”in əməkdaşı Tolqa Tanış həm də Ilham Əliyevə qarşı birləşmiş araşdırmaçı jurnalistlərdən biridir.
Bu arada jurnalist Aqil Ələsgər gülənçilərlə bağlı geniş müsahibə verib. Jurnalist həmin müsahibədə bildirib ki, Aydın Doğan və Fətullah Gülən Azərbaycana qarşı fəaliyyətdədir. Aqil Ələsgər həmçinin bəyan edib ki, Azərbaycanda gülənçiləri həbs gözləyir. Bu müsahibəni hökumətin nəzarətində olan əksər qəzet və saytlar yayımlayıb. Bu da iqtidarda Gülənlə bağlılığı iddia olunan məmurlara qarşı yeni dalğanın başlayacağını deməyə əsas verir. Xatırladaq ki, bundan əvvəl Fətullah Gülənlə işbirliyində ittiham olunan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanov, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad Isgəndərov, deputat Ceyhun Osmanlı və digərləri cəzalandırıldı.
Bu məsələ həm də hakimiyyət daxilində intriqaların alovlanmasını şərtləndirə bilər. Yada salaq ki, hələ birinci dalğada “Azərbaycan” qəzeti Elnur Aslanovun işdən çıxarılması barədə prezidentin sərəncamını dərc etməmişdi. O zaman bu Elnur Aslanovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə izah olunurdu. “Azərbaycan” qəzeti də PA rəhbərinin nəzarətindədir.
Maraqlıdır ki, bu dəfə də “Gülən-Doğan kampaniyası”nda görünmür. Bu da hakimiyyət daxilində baş verənlərə münasibətin birmənalı olmadığını göstərir. Biz hələ ötən saylarımızda bildirmişdik ki, “nurçu kartı” əslində iqtidardaxili qruplaşmaların bir-birinə qarşı istifadə etməsi üçün lazımdır. Ona görə də bu dəfəki dalğada da qrupların üz-üzə gələcəyi gözləniləndir.