İŞİD hədəflərini göstərdi: Ağ ev, «Big Ben», «Eyfel» və İstanbul

İŞİD ilk dəfə olaraq türk dilində jurnal nəşr etdirib. 46 səhifəlik «Konstantiniyye» adlı jurnalda İŞİD-in təbliğatı aparılıb, dünya müsəlmanları təşkilatın sıralarına qoşulmağa dəvət olunub. Jurnalda İŞİD-in hədəflərindən birinin də İstanbulu fəth etmək olduğu açıqlanıb. «İstanbulun fəthi» başlıqlı məqalədə türklərdən seçkiləri «boykot» etmək və İŞİD-in nəzarətində olan torpaqlara hicrət etmək istənilir: «Hər zülmün sonu gəldiyi kimi, sizin də sonunuz yaxınlaşmaqdadır. Allahdan ən böyük arzumuz bizə zülm edənləri əlimizlə cəzalandırmağa yardım etməsidir. Böyük Allah bizə İstanbul və digər yerlərin fəthini nəsib etsin. Dünyanın dörd bir tərəfindən müsəlmanları, xüsusən də Türkiyə, Şimali İraq və İrandakı kürdləri İslam Dövlətinə hicrət etməyə, bu dövləti qorumağa və ucaltmağa çağırırıq».
 
İŞİD digər hədəflərinin də Ağ ev, «Big Ben» və «Eyfel» olduğunu da bildirib: «Ağ Evi, «Big Ben»i, «Eyfel»i havaya uçurduqdan sonra Parisi ələ keçirmək istəyirik».
 
Məqalələrin birində İŞİD İslam aləmini demokratiyaya qarşı savaşa çağırıb: «Demokratiya ilə İslam əsla yaxın anlayışlar ola bilməz. İslam heç bir din və ideologiya ilə eyniləşdirilə bilməz. Müsəlman sözünün yanına başqa heç bir ifadə yazılmamalıdır – demokrat müsəlman, sosialist müsəlman, yəhudi müsəlman – bunların heç biri mümkün deyil».
 
Nəşr İŞİD-ə qarşı xaç savaşının aparıldığını, düşmənlərinin yəhudilər, xaçpərəstlər, rafizilər və ateistlər olduğunu bildirib.
 
Gültəkin