Bakıda iqlim dəyişikliklərinin səbəbləri araşdırıldı

İstiləşmə Qafqaz regionu üçün də təhlükəyə çevrilib

 
Dünən “ADA” Universitetində “Iqlim dəyişiklikliyinin səbəbləri və həlli yolları: hökumət tərəfindən görüləcək işlər, vətəndaş cəmiyyətinin öhdəlikləri və texnoloji həll yolları” adlı konfrans keçirilib.
Fransa səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, Avropa Ittifaqının (AI) Azərbaycandakı səfiri Malena Mard, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər. Mövzu ətrafında geniş müzakirələr aparılıb, çıxışlar dinlənilib. Istiləşmənin Qafqaz regionu üçün də təhlükəyə çevrildiyi qeyd edilib. Çünki qlobal istiləşmə Qafqaz dağlarındakı buzlaqların əriməsinə səbəb ola bilər ki, bu da regiondakı çayların məcrasından çıxmasına səbəb olacaq.
Çıxışçılar müzakirə edilən mövzunun çox mühüm oluduğunu vurğulayıblar. Qeyd edilib ki, elə ADA kampusunun tikintisi zamanı iqlim dəyişikliyi, ətraf mühit məsələlərinə çox diqqət yetirilib. ADA regionda ilk müəssisədir ki, geotermal vasitələrdən istifadə edilib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye çıxışında bildirib ki, “ADA” yaşıl binanın gözəl bir nümunəsidir. Onun sözlərinə görə, əvvəllər iqlim dəyişikliyi o qədər ciddi problem deyildi, amma indi bu, ciddi bir problemə çevrilib: “Əsrin sonuna kimi qlobal istiləşməni ən azı 2 faiz həddində saxlamaq üçün konkret məqsəd qarşıya qoyulmuşdu. Məqsədlərə nail olmaq üçün 2010-cu ildə Yaşıl Fond yaradılıb və 33 ölkənin ianəsi ilə 10 milyard dollar toplanılıb, bunun 1 milyard dollarını Fransa ayırıb. Biz iddialıyıq, eyni zamanda ümidliyik. Çünki artıq bir çox dövlətlər yeni texnologiyalar, emisiyaların azaldılması istiqamətində müəyyən addımlar atıb. Bundan başqa, özəl sektor da iqlim dəyişikliyi ilə mübarizəyə qoşulmaqda maraqlıdır”.
Səfir vurğulayıb ki, Fransa yeni qanunvericiliyə keçir, bu, karbohidrogendən daha az, bərpa olunan enerjidən daha çox istifadəni nəzərdə tutur: “Iqlim dəyişikliyi hər birimizin məsuliyyətidir, bir çox vərdişlərin dəyişməsi iqlim dəyişikliyinə müsbət təsir göstərəcək. Düşünürəm ki, bu cür konfranslar mövzu ilə bağlı yeni istiqamətlər təqdim edəcək”.
Sonra nazir H.Bağırov qeyd edib ki, son 10-12 il ərzində Azərbaycanda meşə sahələri 11,4 faiz artıb: “Bakı və Abşeron yarmadasında son 3 ildə 4 min hektar ərazidə yaşıllıq salınıb”.
Xəyal