Saatlar 1 saniyə irəli çəkiləcək

Bu il iyulun 1-nə keçən gecə dünyadakı bütün əsas qurğular – kosmik gəmilər, peyklər və Yer kürəsi sakinləri öz saatlarını 1 saniyə qabağa çəkəcəklər. Məlumata görə, Rusiya dövlət vaxt və tezlik xidmətinin baş metroloji mərkəzinin rəisi İqor Blinov deyib ki, əlavə saniyə bütün beynəlxalq xidmətlər – uçuşların idarə olunması mərkəzi, Beynəlxalq Kosmik Stansiya, peyklər, qatarlar, təyyarələr, vağzallar, banklar, mobil telefon şirkətləri və s. tərəfindən əlavə olunacaq. 
Blinovun sözlərinə görə, dünyada 2 standart vaxtdan – astronomik və atom vaxtından istifadə olunur: 
“Yer kürəsi öz oxu ətrafında hərəkətini zəiflətdiyi üçün astronomik və atom sistemləri arasında vaxt hesablanması ilə bağlı ziddiyyətlər ortaya çıxıb. Onlar arasındakı fərq 1 saniyəyə çatırsa, atom vaxt sistemi korrektə olunur”. 
Rusiyalı ekspertin fikrincə, dünya vaxt sisteminin 1 saniyə irəli çəkilməsi hər hansı problem yaratmayacaq. (modern.az)