Keçmiş müdafiə naziri Rəhim Qazıyev üzləşdiyi haqsızlıqlarla bağlı “Azadlıq” qəzetinə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik:
Rəhim Qazıyev müdafiə naziri olmayıbmış
“Hörmətli ”Azadlıq" qəzetinin redaksiyası, mən sizin vasitənizlə ictimaiyyətə bildirirəm ki, son yazımda da qeyd etdiyim kimi, heç vaxt şəxsi problemlərimi içtimailəşdirmək fikrində olmamışam. Amma indi məcburam. Çünki yaşadığım hazırki problem iqtidarın mənim başıma açdığı ilk oyun deyil. 2005-ci ilin mart ayında cənab Ilham Əliyev mənə qarşı qaldırılan qərəzli, qeyri qanuni cinayət işilə bağlı verildiyi ən ağır cəzanın (ölüm hökmü, ömürlük həbs və 15 il) əsassız və ədalətsiz olduğunu dərk edərək çəkdiyim cəza müddətinin qalan hissəsindən heç bir əfv ərizəsi olmadan məni azadığa buraxdı. O zaman xeyli sevindim və gənc prezidentin qanunun aliliyini rəhbər tutaraq ölkəni ədaətli idarə edəcəyinə ümidləndim. Təəssüf ki, qəlbimi işıqlandıran bu ümid şöləsi tezliklə söndü. On iki il qeyri-insani şəraitdə həbs həyatı yaşadıqdan sonra hər hansı bir işin qulpundan tutub ailəmi dolandırmaq məcburiyyətində idim. Lakin bu istəyim sadəcə arzu olaraq qaldı. Çünki bu müddət ərzində Azərbaycanda ixtisasıma uyğun və yaxud da hər hansı bir işlə təmin olunmağım üçün döydüyüm qapıların hər birində kəskin etirazla qarşılandım. Məcbur olaraq keçmiş tanışlarım vasitəsilə Rusiyanın Perm vilayətinə yollandım və ağac emalı işilə məşğul olmaq üçün kiçik bir ərazi əldə etdim. Təəssüf ki, bu səylərim də puça çıxdı. Azərbaycan iqtidarının diktəsilə orada bu rejimə xidmət edənlərin bir neçəsi bütün gücü ilə fəaiyyətimə mane oldular. Nəticədə işlədiyim emalatxananı yandırdırlar. Elə bu ərəfədə Nefçala rayonunun Abasalı kəndində kənd təsərrüfatı işilə məşğul olmaq istədim. Çox ucuz qiymətə aldığım köhnə traktorları təmir edib fermerlərə icarəyə vermək istədim. Bu arzum da ürəyimdə qaldı. Həmin dövrdə, yəni 2009-cu ildə həmin rayonun polis rəisi olan, hazırda isə Türkiyədə Azərbaycan vətəndaşının öldürülməsi məsələsində adı halanan Rza Hacıyev yuxarıdan aldığı tapşırıqla bütün imkanlarından istifadə edib fəaliyyətimə qeyri-qanuni yollarla açıq müqavimət göstərməyə başladı. Hətta Abasalı kəndinə polis işçilərini göndərib orada kənd təsərrüfatı ilə məşğul olan şəxslərə Rəhim Qazıyevdən traktorları icarəyə götürməyi qadağan etdi. Həmin ərəfədə mən təqaüd yaşımın çatdığını nəzərə alaraq sənədləşmə işi üçün Müdafiə Nazirliyinə müraciət edərək məvacib cədvəlinin sürətini mənə verilməsini xahiş etdim. Yazılı xahişimə o dövrdə müdafiə nazirinin müavini olan general- leytenant Cingiz Məmmədovdan rəsmi bir cavab aldım: “Hörmətli Rəhim müəllim, sizin müdafiə naziri işlədiyinizə dair heç bir sənəd yoxdur”.
Bəhanəsi də o idi ki, istintaq orqanları o dövrdə sənədləri götürüb və geri qaytarmayıb.
Prezident Administrasiyası “Asan Xidmət”i çətinə salıb
Bundan sonra bu qənaətə gəldim ki, hazırki iqtidar bütün istiqamətdə yolumu kəsərək ölkəni tərk etməyə məcbur edir. Lakin bu da məni ruhdan salmadı.
Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən bu günə qədər ölkədə baş verən ədalətsizlikərin hamısına şahid olmuş bir insanam.
Nəhayət 2013-cü ildə 1976-ci ildən bu günə qədər yaşadığım doqquz mərtəbəli binanın doqquzuncu mərtəbəsində yerləşən evimi özəlləşdirmək fikrinə düşdüm. Üç il məni get-gələ salaraq evimi özəlləşdirmədilər. Hansı arayış istədilərsə təqdim etdim, amma heç bir nəticəsi olmadı. Mənzilimi özəlləşdirmək fikrindən tamamilə əl çəkmişdim ki, ölkə başçısının “Asan Xidmət” yaratdığını eşitdim. Mən də prezidentin vətəndaşlar üçün yaratdığı bu real imkandan yararlanmaq fikrinə düşdüm. Təəssüf ki, bu fikrə düşəndə Rəhim Qazıyev olduğumu nəzərə almadım. Çünki bu günə kimi başıma gələn bütün qanunsuzluqları təsadüf hesab edirdim. Lakim “Asan Xidmət”də işimin çətinə düşdüyü məqamdan sonra anladım ki, bu heç də sadə məsələ deyil. Bu, Rəhim Qazıyevi bezdirərək onu ya ölkədən getməyə, ya da hər hansı cinayətə sövq etmək yoludur. Mən bütün qayda-qanunlara əməl edərək “Asan Xidmət”in tələblərinə uyğun mənzilimi özəlləşdirmək üçün evin sənədlərini 30 aprel 2015-ci ildə Şərifzadə küçəsində yerləşən ofisinə təqdim etdim. Bütün sənədlər ciddliyilə yoxlandıqdan sonra tələb olunan rüsumları məndən qəbul etdilər və iyirmi gün ərzində cavab alacağımı bildirdilər. Təəssüf ki, deyilən vaxtda sənədlərimi götürmək üçün “Asan Xidmət”ə getdiyimdə fərqli bir vəziyyətlə rastlaşdım. Özəlləşdirmə üçün sənədlər hazır deyildi və buna heç bir səbəb də göstərilmirdi. “Asan Xidmət”in etik qaydalara riayət edən bir işçisi (adını çəkib ona problem yaratmaq istəmirəm) mənə bildirdi ki, bü günə kimi ilk belə hadisədir ki, səbəb göstərilmədən sənədləşmə işinin bu qədər yubanmasına şahidlik edir. O, mənə dedi ki, Əmlak Komitəsində Xudaverdiyev soyadlı bir şöbə rəisi deyib ki, özəlləşmə ilə bağlı prosesi bir ay müddətində gecikdirə bilərlər.
Rəhim Qazıyevin 3 otaqlı evi ölkəni böhrandan çıxara bilərmi?
Iki gün bundan öncə yenidən “Asan Xidmət”də çalışan şəxsdən məlumat əldə etdim ki, evimin özəlləşdirilməsi prosesi Prezident Aparatında müzakirəyə çıxarılıb. Prezident Aparatından “Asan Xidmət”ə bildiriblər ki, Rəhim Qazıyevin sənəd işinin həllində əsaslı bir bəhanə tapılaraq yubadılmaldır. Belə bir məqamda sovet dönəmində məşhur olan gürcü lətifəsini xatırladım.
Günlərin bir günü Ivan Ivanoviç adında bir şəxs Moskvadan Tiflisə yaradıcılıq ezamiyyətinə gedir. Ivanoviçin mədəsində yara olduğu üçün o yaxşı bilirdi ki, gürcü yeməkləri istiotlu olur və bu onun mədəsinə çox zərərlidir. Ivanoviç xeyli düşündükdən sonra ac qalmamaq üçün restoran xidmətçisindən 4 ədəd yumurtanı qabığını soymadan soyutma bişirməsini xahiş edir. Bu sifarişdən yarım saata qədər vaxt ötməsinə baxmayaraq sifariş gəlib çıxmaq bilmir. Əsəbləşən Ivanoviç inzibatçını çağırır və əsəbi halda yarım saaat ərzində 4 yumurtadan soyutma hazırlamağın niyə bu qədər gec başa gəldiyini soruşur. Gürcü administrator çox böyük hörmətlə qonağa izah etməyə çalışır ki, o, heç də narahat olmasın, yumurtalar çoxdan hazırdır. Administrator bildirir ki, problem ondandır ki, restoranın baş aşpazı yarım saatdır yumurtaları sındırmadan istiotu yumurtanın içinə necə yeritməyin mümkünlüyünü düşünür. Sən demə sifarişin ləngimə səbəbi də məhz bu imiş.
Görəsən ölkədə bu qədər gərginliyin yaşandığı bir dövrdə qeyri-qanuni, sahibi bəlli olmayan, xalqın qanı-canı, ondan oğurlanmış pullar hesabına tikilmiş villaların yerlə-yeksan edildiyi, harın oliqarxların heç bir girov qoymadan götürdükləri yüz milyonlarla kreditin qaytarılmadığı bir dövrdə Rəhim Qazıyev üç otağlı evini hökumətə bağışlasa, bu ölkənin iqtisadi durumuna müsbət təsir edərmi?
Cənab prezident Ilham Əliyev təxminən iki-üç gün öncə keçirdiyi müşavirədə ona və atasına qarşı edilən haqsızlıqlar barədə bəzi məqamları acı təəssüf hissilə xatırlatdı. Mən isə cənab prezinetə onu da xatırlatmaq istəyirəm ki, o, daima kişi kimi mübarizə apardığını qeyd edib. Indisə sual edirəm ki, son 39 ildir yaşadığım mənzilin özəlləşdirilməməsi nə qədər insani bir davranışdır? Doğrudan da bu gün düşdüyümüz iqtisadi böhrandan qurtulmaq üçün üç otaqlı evimi özəlləşdirilmədən çox böyük məmnuniyətlə dövlətimizə bağışlaya bilərəm.
Son olaraq onu bildirmək istəyirəm ki, varlığım qədər sevdiyim möhtərəm xalqıma olan məhəbbətimi hər hansı qeyri-insani üsullarla məndən almaq mümkün deyil. Mən nə hər hansı xarici ölkələrə müraciət edənəm, nə də apardığım 25 illik mübarizədən əl çəkən. Bu mənim ədalətli mübarizə yolumdur. Son nəfəsimə kimi bu yola sadiq olacağam!"