Əflatun Amaşov Facebook-a qarşı tədbirlər görməyə çağırdı

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov cümə günü KİV rəhbərləri ilə görüş keçirib.
 
Ə.Həsənov Avropa Oyunlarına hazırlığı “peşəkar səviyyədə” işıqlandırdığına görə media rəhbərlərinə təşəkkür edib.
 
Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov Avropa Oyunlarına qarşı çıxanlarla mübarizəyə səfərbər olduqlarını qeyd edib. O bildirib ki, Azərbaycan jurnalistikası Birinci Avropa Oyunlarının ayrı-ayrı məqamlarının tarixdə qalması üçün fəaliyyət göstərəcək.
 
“Ancaq sosial şəbəkələrdə problemlərə rast gəlinir. Məsələn, sosial şəbəkədə profili açılıb, orada Vahid Mustafayevi, məni, Arif Alışanovu, Bəxtiyar Sadıxovu və digərlərini ittiham edirlər ki, guya hakimiyyət bizi ömürlük icarəyə götürüb”, – o gileylənib.
 
“Azərbaycan “Facebook” və digər sosial şəbəkələrin rəhbərləri ilə danışıqlar aparmalı, belə profillər bağlanmalıdır. İnsanların ailələri, qohumları var, belə məqamlara yol vermək olmaz”, – Ə.Amaşov vurğulayıb. 
 
Ə. Həsənov isə belə hallara fikir verməməyi tövsiyə edib:
 
“Belə hallara fikir verməyin. Bunları idarə edən qərb dövlətlərində öz liderləri ilə bağlı belə saytlara, profillərə rast gələrsiniz? Böyük Britaniya kral ailəsi ilə məhkəmə çəkişməsində uduzan “Guardian” qəzetinə kral ailəsi haqqında yazı yazmaq qadağan olunub. Təsəvvür edin ki, Azərbaycanda hansısa media orqanına prezident və ailəsi haqqında yazmaq qadağan olunsa, nə baş verərdi, bu, necə qiymətləndirilərdi? BMT-nin İnsan hüquqları üzrə nümayəndəsini, ATƏT rəsmilərini belə Azərbaycana qarşı ikili standartlarla çıxış etməyə vadar edirlər. Qərbin demokratiyası budursa, bizə belə demokratiya lazım deyil. Azərbaycanda sağlam jurnalistika həmişə belələrinə qarşı olub və olacaq. Sosial şəbəkələrdə təhqiramiz hallara yol verənlər öz mahiyyətlərini ortaya qoyur”. 

 
BMT-nin İnsan hüquqları üzrə nümayəndəsini, ATƏT rəsmilərini belə Azərbaycana qarşı ikili standartlarla çıxış etməyə vadar edirlər. Qərbin demokratiyası budursa, bizə belə demokratiya lazım deyil”, – Ə.Həsənov bildirib.
 
“Bəziləri müsəlman ölkəsi olan Azərbaycanın uğurlarından əndişə keçirir. Biz nəzərə çatdırmallyıq ki, Azərbaycan uğurları ilə Qərb dövlətlərindən geri qalmır. Biz dünyaya çatdırmalıyıq ki,  Azərbaycan mediasının durumu subyektiv mülahizə ilə çıxış edən “komissarlar”ın, “sərhədsizlər”in göstərdiyi kimi deyil”, – o vurğulayıb.
 
O həmçinin deyib ki, milli mətbuatın 140 illiyi münasibətilə jurnalistlərə medal və fəxri adlar veriləcək. (contact.az)