Azərbaycanın bərbad məhkəmə sistemi AŞ PA qətnaməsində

Müzəffər Baxışov: «Mövcud sistem dəyişməsə, ölkəni ciddi fəlakət gözləyir»

 
Avropa Şurası Parlament Assambleyasının iyunda baş tutacaq yay sessiyasında Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşməsi, ölkədə repressiyaların artmasına dair məsələnin müzakirəsi nəzərdə tutulub. AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ölkəmizdəki vəziyyətlə bağlı qətnamə layihəsi hazırlayıb. Monitorinq Komitəsinin qəbul etdiyi bu sənəd AŞ PA-nın sessiyasında müzakirəyə çıxarılacaq. Qətnamə layihəsində Azərbaycanın məhkəmə sistemindəki vəziyyətə də geniş yer verilib.
Qeyd edilib ki, cinayət işləri üzrə məhkəmə proseslərində prokurorluq hökmran mövqedən çıxış edir. Prokurorluğun təqdim etdiyi sübutlar kifayət qədər araşdırılmadan əsaslı sayılır, ittiham olunan şəxsin hüquqları kifayət qədər təmin olunmur. Bu da məhkəmə sisteminin nüfuzuna xələl gətirir. Həmçinin bildirilir ki, Azərbaycanda vəkillərin fəaliyyəti üçün şərait də pisləşib. Hüquq müdafiəçilərini, jurnalistləri, ictimai təşkilatların təmsilçilərini müdafiə edən vəkillərə qarşı güclü təzyiqlər var. Bir sıra vəkillər qanunsuz olaraq Vəkillər Kollegiyasından uzaqlaşdırılıb, bəziləri hüquqlarını müdafiə etdikləri şəxslərin işləri üzrə şahid qismində cəlb olunaraq müdafiə prosesindən uzaqlaşdırılıb.
Qətnaməni hazırlayanlar yada salıb ki, Bakıya son səfər zamanı istər prezident, istərsə də baş prokuror Avropa Məhkəməsinin Ilqar Məmmədovla bağlı qərarını qəbul etmədiklərini bildiriblər. Həmin qərarda bu həbsin siyasi motivli olduğu vurğulanıb. Qətnamədə daha sonra qeyd edilib:
“Azərbaycanın Cinayət Prosessual Məcəlləsində məhkəməyə qədər şəxsin barəsində seçilmək üçün 10 növ qətimkan tədbiri nəzərdə tutulub. Lakin təcrübədə məhkəmələr heç bir əsaslandırma olmadan, əksər hallarda həbs-qətimkan tədbiri seçməyə üstünlük verir.
Hüquq-mühafizə orqanları və ya onların yüksək vəzifəli şəxsləri, həmçinin hökumət təmsilçiləri istintaq altında olan müəyyən şəxslər barədə tələsik bəyanatlar verərək, məhkəmə hökmü olmadan onları “cinayətkar” elan edirlər. Bu da təqsirsizlik prezumpsiyasının pozulmasıdır".
Hüquqşünas Müzəffər Baxışov “Azadlıq”a açıqlamasında söyləyir ki, ölkənin məhkəmə sistemi barədə qətnamədə göstərilənlər tam həqiqəti əks etdirir. Müzəffər bəy bu qətnaməylə bağlı Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciətlə Avropanın bütün ölkələri üçün tövsiyə xarakteri şəklində təqdim edilən, hakimlərin seçkisinə əsasən seçilən hakimlərin hər gün cinayət etdiyini söyləyir:
“Bu hakimlər hər gün qanunsuz qətnamə, hökm, qərardad çıxarmaqla cinayət əməli törədirlər. Ölkə vətəndaşları Suriyaya getdikləri üçün Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarıldı və onlar məhkum edildilər. Amma onlara verilən ittihamların əsasını təşkil edən, yəni Cinayət Məcəlləsinin 12.1-ci maddəsi, Azərbaycan vətəndaşlarına və burada daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərə o vaxt tətbiq edilə bilər ki, onların törətdiyi əməllər həmin dövlətin cinayət məcəlləsiylə də cinayət sayılsın. Həmin cinayət işində Cinayət Məcəlləsinin 279.1-ci maddəsiylə nəzərdə tutulan cinayətin, yəni qanunvericilikdə nəzərdə tutulmayan silahlı qrupların və  birləşmələrin yaradılmasında, onların fəaliyyətində iştiraketmə və 218.2-ci maddəsiylə, yəni mütəşəkkil cinayətkar birlik və təşkilat yaratmaya görə həmin əməllərin Suriyada cinayət olması barədə heç bir sübut cinayət işinin materiallarında yox idi. Azərbaycan məhkəmələri qanunun bu tələbini ciddi şəkildə pozaraq həmin şəxslər barəsində ittiham hökmü çıxardılar. Ölkə məhkəmələri çox biabırçı vəziyyətdədir. Hansı ittihamla  iş məhkəməyə göndərilirsə, prokuror hansı cəzanı istəyirsə, məhkəmə də cəzanı notarius kimi təsdiq edərək ittiham hökmü çıxarır və bununla da məsələ həllini tapır. Azərbaycanda istintaq orqanı tərəfindən heç bir zərurət olmadan cinayət törədilməsində şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Banklardan kredit götürən iş adamları barəsində Nərimanov rayon məhkəməsində onlar barəsində sifarişlə həbs qətimkan tədbiri seçildi, beş gündən sonra yenə həmin sifarişlə həbs qətimkan tədbirini dəyişərək pullarını alıb buraxdılar. Hətta Cinayət Prosessual Məcəllənin 155-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər törədən şəxslər barəsində həbs qətimkan tədbirinin tətbiqini bir qayda olaraq qadağan edir. Ali Məhkəmə bu məsələni araşdırarkən məlum olmuşdu ki, 98 nəfər barəsində böyük ictimai təhlükə törətməyən cinayətlərə görə də həbs qətimkan tədbiri seçilib”.
M.Baxışov Azərbaycanda vəkillik fəaliyyətinin sıfır vəziyyətdə olduğunu deyərək onun formal xarakter daşıdığını  söyləyir. O, ölkədə məhkəmə sisteminin olmadığını deyərək sadəcə olaraq, hakimlərin sifarişlərlə qərarları icra etdiyini və bundan şəxsi mənfəət güddüklərini vurğulayır. Müzəffər bəyin təbirincə, ölkədə mövcud sistemin dəyişməyəcəyi təqdirdə, Azərbaycanı çox böyük fəlakətlər gözləyir.
Nigar