
Sabunçu rayonu Icra Hakimiyəti Modern.az saytında yer alan “Bakıda icra başçılarının sahib olduqları restoranlar, ticarət obyektləri, tikinti şirkətləri – SABUNÇU” başlıqlı məqaləsinə cavab verib. Qeyd edək ki, həmin yazıda bildirilir ki, Adil Vəliyev Sabunçu rayonuna icra başçısı vəzifəsinə gətirilməzdən öncə birinci müavini Şakir Alıyevlə birlikdə şərikli biznes fəaliyyəti ilə məşğul olub.
O, “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olub və bu, indi də davam edir.
Icra başçısının Azərbaycanda böyük tikililəri, mağazaları, şadlıq evlərinin də olduğu bildirilir.
Maraqlıdır ki, icra başçısının köməkçisi Müslüm Mahmudov reallığı əks etdirdiyini bildirib: “Doğrudur Adil Vəliyevin icra başçısı təyin olunmazdan əvvəl həqiqətən də ”Sarı gəlin" şadlıq sarayı olub. 3 il əvvəl icra başçısı təyin olunan zaman Adil müəllim şadlıq sarayını satıb. Amma məqalədə qeyd etdiyiniz kimi o, Şakir Alıyevlə ortaq olmayıb. Şakir Alıyev “Sarı gəlin” şadlıq sarayının direktoru vəzifəsini icra edib. Hazırda isə rəsmi olaraq Adil Vəliyevə məxsus şadlıq sarayı yoxdur".
Müslüm Mahmudov avtomobillərlə bağlı məqamın da reallığı əks etdirdiyini vurğulayıb: “Bəli, Adil müəllim ”Volkswagen", “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur. Sadəcə vəzifədə olduğundan bu işlərlə oğlu Ənvər Vəliyev məşğul olur. Icra başçısı şəxsən bizneslə məşğul deyil".
Adil Vəliyevin Sabunçu ərazisində ticarət obyektləri, çoxmərtəbəli binalarının olduğu barədə məsələyə isə aydınlıq gətirilməyib.