abs-azerbaycan2

Azərbaycan-ABŞ münasibətlərində ciddi çat yaranıb

Ağ ev Əliyev hakimiyyətinin bütün addımlarını boykot edir

 
Dəfələrlə yazmışıq ki, Azərbaycan-Qərb münasibətlərində ciddi çat yaranıb. Təbii ki, bu, bizim proqnozumuz və təhlilimiz deyil. Müşahidə etdiklərimiz, Qərbdən gələn çağırışlar və Azərbaycan hakimiyyətinə qarşı sərt münasibət real vəziyyəti ifadə edir.
Dünənə qədər hansısa beynəlxalq ekspert, hüquq müdafiə təşkilatları, xarici media Azərbaycan hakimiyyətini hədəf seçirdisə, indiki vəziyyətdə dünyanın nəhəng ölkələrindən, beynəlxalq təşkilatlardan sərt təpkilər gəlir. Artıq enerji məsələləri, kürü diplomatiyası, xaricdəki lobbiçilərə milyonlar xərcləmək vəziyyəti xilas də bilmir. Azərbaycan hakimiyyətinə qarşı birmənalı mövqe formalaşır və ölkədə baş verənlər hakimiyyətin üzünə çırpılır.
Son zamanlar ABŞ-la münasibətlərdəki gərginlik xüsusilə qabarıq şəkildə üzə çıxır və tərəflər arasındakı “pərdə”nin götürüldüyü görünür. Əvvəlcə, Azərbaycan hakimiyyəti ABŞ prezidentini, dövlət katibi Con Kerrini ittiham etməyə başladı və hökumət mətbuatında ABŞ əleyhinə tənqidi materiallar yer aldı. Təbii ki, bütün bunların səbəbi ABŞ hökumətinin siyasi məhbuslara azadlıq istəməsi, demokratik öhdəliklərə əməl edilməsini tələb etməsi oldu. 
Son günlər tərəflər arasındakı gərginlik daha da artıb. Belə ki, bugünlərdə Azərbaycanda “Caspian Oil and Gas” sərgisi keçirildi. Hər il bu sərginin keçirilməsi münasibətilə ABŞ prezidentinin rəsmi təbrik məktuba olurdu. Bu dəfə isə nəinki Barak Obamanın təbriki olmadı, Xəzər regionunun əsas neft-qaz layihələrinə və enerji təhlükəsizliyinin təminatına həsr olunan ən yüksək səviyyəli tədbirə okeanın o tayından rəsmi nümayəndə də gəlmədi.
Xatırlayırsıza, bayramda da Con Kerri xalqı təbrik etdi, ABŞ prezidenti isə Cümhuriyyət dövrü ilə bağlı müsbət fikirlərini səsləndirdi və demokratik Azərbaycanı dəstəkləyəcəklərini bildirdi.
“Xəzər Neft və Qaz” sərgisinə Barak Obamanın təbrik məktubu göndərməməsinə ABŞ-ın Azərbaycandakı səfiri cənab Sekuta da münasibət bildirib. Amma onun münasibətində də iqtisadi əməkdaşlığın, siyasi əməkdaşlıqla eyni inkişaf etdirilməsinin mesajı var.
Qeyd edək ki, bir müddət öncə ABŞ Dövlət Katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Bakıya səfər etmişdi və vətəndaş cəmiyyəti, demokratikləşmə məsələləri üzrə Amerika-Azərbaycan xüsusi dialoq formatının yaradılması ilə bağlı ilkin razılıq əldə olunmuşdu.ÿAmma Azərbaycan hakimiyyəti bundan öncəki razılaşmalara əməl etmədiyi kimi, bu razılaşmaya da əməl etmədi. ABŞ-ın ölkəmizdəki səfiri cənab Sekuta da bu məsələnin yenidən müzakirə olunacağına işarə vurdu. 
Bugünlərdə isə ABŞ Dövlət Katibinin insan haqları üzrə köməkçisi Malinovskinin ölkəmizə gözlənilən səfəri təxirə düşdü. ABŞ ekspertlərindən biri mətbuata açıqlamasında “səfərin ləğvi düzgün qərardır, çünki indiki durumda Bakı ilə dialoq mənasızdır” söyləmişdi.
Yəni ümumi xətti nəzərdən keçirdikdə, məlum olur ki, Azərbaycan hakimiyyəti ilə danışıqların mənası yoxdur və ABŞ hökuməti də yalan vədlər üzərində siyasət qurmaq istəmir.
Bakıda keçirilən “Xəzər Neft və Qaz” sərgisinə ABŞ prezidentinin təbrik məktubu göndərməməsi, ABŞ nümayəndə heyətinin iştirak etməməsi də Azərbaycan hakimiyyətinə qarşı münasibətin göstəricisidir.
Bütün bunlar onu göstərir ki, artıq enerji məsələləri 5-ci dərəcəlidir və ABŞ-ın siyasəti bu amil üzərində qurulmur. Azərbaycan hakimiyyətinin xarici siyasəti tam iflasa uğrayıb və hakimiyyət etibarlı tərəfdaşlar siyahısından çıxır.
Tendensiya onu göstərir ki, ABŞ-Azərbaycan münasibətlərində yaranmış çat, daha da genişlənməkdədir.
Akif