Saray qəsəbəsində torpaq sahəsi “itib”

YAP üzvünə verilən torpaq sahəsi «axtarılır»

 
Abşeron rayon Saray qəsəbəsi Adil Mənsimov küçəsi 27-də yaşayan Məhərrəmov Cəbrayıl Fazil oğlu qəzetimizə yazaraq bildirir: “2012-cu ildə mərhum atam Fazil Məhərrəmov bacım Pərvanənin 8 il yataq xəstəliyindən əziyyət çəkdiyini, onun müalicəsinin Almaniya və Israildə (40.000AZN) mümkün olduğunu, ailəmizin maddi vəziyyətinin müalicəni qarşılamadığına görə maddi yardım üçün Abşeronun icra başçısı Zakir Fərəcova müraciət etmişdi”.
Ailəyə maddi yardım ayrılmasa da
Abşeronun icra başçısı Z.Fərəcov ailənin imkansızlığını nəzərə alaraq Saray Qəsəbə Bələdiyyəsinin F.Məhərrəmova 0.06 ha (6 sot) torpaq sahəsi ayrılmasına dair göstəriş verib. Başçının göstərişinə əsasən mərhum Bələdiyyə sədri Ənvər Pirəliyev qəsəbə bələdiyyəsinin toplantısında Fazil Məhərrəmova 0.06 (6sot) torpaq sahəsi verilməsinə dair qərar çıxarıb. Torpaq sahəsi ölçülərək ailə üzvlərinin şahidliyi ilə yeri göstərilib.
Torpaq sahəsinin verilməsi haqqında icra başçısının müavini Iradə xanım Gülməmmədovaya Saray Qəsəbə Bələdiyyəsinin 92 saylı məktubuyla məlumat verilib.
Mərhumun varisi C.Məhərrəmov Z.Fərəcovun göstərişinə əsasən verilən torpaq sahəsinin sənədləşdirə bilmir. Bələdiyyədə səbəb kimi həmin yerin mövcud olmadığını göstərirlər.
C.Məhərrəmov bildirir ki, Bələdiyyənin vermiş olduğu qərarı Qəsəbə Bələdiyyə üzvlərinə təqdim edib. Bələdiyyədən ona bildirilib ki, sizə ayrılmış torpaq sahəsinin sənədləşdirilməsini növbəti seçkidən sonra formalaşacaq Bələdiyyə həyata keçirəcək. 
Faktiki olaraq mövcud Bələdiyyə məsuliyyəti üzərindən ataraq sənədləşdirməni növbəti seçkidən sonra formalaşacaq Bələdiyyənin üzərinə qoymuş olur.
Saray Qəsəbə Bələdiyyəsindən varisə bildirilib ki, onlara ayrılmış sahənin yeri itdiyindən tapa bilmirlər. Çox maraqlıdır, torpaq sahəsi “itib”.
Bura möcüzələr ölkəsi olduğundan hər şeyin it-bat olduğu kimi torpaq sahəsi də itə bilir. C.Məhərrəmov atası Fazil Məhərrəmovun YAP üzvü olduğunu təsdiqləyən vəsiqəsinin surətini də redaksiyamıza göndərib. 
Sonda C.Məhərrəmov Abşeronun icra başçısı Z.Fərəcovdan, YAP-ın rayon təşkilatı rəhbərliyindən Saray Qəsəbə Bələdiyyəsindən atası Məhərrəmov Fazil Cəbrayıl oğluna verilmiş 0.06 ha (6 sot) torpaq sahəsinin “axtarılaraq” tapılıb ona qaytarılmasını tələb edir.
Şakir Həsənsu