Mayın 29-da hakimiyyətə bağlı mətbuat Milli Məclisin iclasından “Xaricdə təhsil alan tələbələrə əsgərlikdən möhlət hüququ verilməyəcək” başlıqlı xəbər yaydı. Xəbərdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsindən danışılırdı və burada MM-in sədri Oqtay Əsədovun, onun müavininin də fikirləri yer almışdı. Azərbaycan tarixindən silinməyəcək biabırçılığı da elə həmin Əsədovun sözlərindən oxuduq.
“Lazımsız təhsillə, diplom almaqla məşğul olmağın qarşısı alınmalıdır” deyə Oqtay Əsədov xaricdə təhsil almağı açıqca hədəfə almışdı həmin çıxışında.
Üzvləri saxta seçkilərlə, əvvəlcədən tutulan siyahı ilə formalaşdırılan parlamentdə ona cavab verən tapılmamışdı. Amma cəmiyyətdə çox böyük nifrətlə qarşılandı bu sözlər. Görün bu parlamentdə oturanlar qanunundan nə qədər uzaq adamlardır ki, “Təhsil haqqında” Qanunun 32-ci maddəsində “təhsilalanların təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək hüququ var” cümləsinin yazılmasını sədrlərinə xatırlatmadılar. Heç özləri də nəzərə almadılar ki, hər kəs özü müəyyən edə bilər hansı ali təhsil ona lazımdır, hansı təhsil lazım deyil.
“Lazımsız” təhsil nəyə deyirlər?
Görün lazımsız idarəçilər özünü nə yerinə qoyublar? Bəlkə hesab edirlər ki, insanların yerinə təhsil seçimi də etməlidirlər? Vətəndaşın konstitisyon hüququ da bunların idarəsindədir? Bəlkə gənclərin təhsil seçimi də polimer bina üzlüyüdür, onu da bunlar istədikləri kimi vurub-sökməlidirlər? Zatən savadları, bacarıqları, təhsil səviyyələri və məsuliyyətləri təzəcə bəlli olub ölkəyə, faciə ilə, yanğınla, 15 nəfərin ölümü ilə. Tamahları ilə düşünən bu insanlar artıq Konstitusiyanın və Konstitusiya Qanunlarının əleyhinə qanunlar qəbul edirlər. Milli Məclisin xaricdə oxuyanlara hərbi xidmətdən möhlət verilməsini məhdudlaşdırılması qərarı da qanunlara zidd ayrı-seçkilik olmaqla yanaşı, həm də xaricdə keyfiyyətli təhsil almaq cəhdlərinin qarşısını almaqdır.
Təhsil hüququ – keyfiyyətli təhsilə olan hüquqdur
Hər bir vətəndaşın təhsil hüququ var – bunu Konstitusiya deyir, Insan Haqları Konvensiyası deyir. Konstitusiyanın 42-ci maddəsi həm də keyfiyyətli təhsil hüququ deməkdir, məsələ sadəcə təhsil almağa və ya harada, hansı ixtisas üzrə təhsil almağa azad seçimlə bağlı deyil. Xaricdə təhsil bütün dünyada ona görə mövcuddur ki, insanlar daha keyfiyyətli təhsil dalınca başqa ölkələrə gedir, öz təhsil hüquqlarını gerçəkləşdirirlər. Dünyanın ən yaxşı universitetlərinə sahib olan ABŞ-dan hər il minlərlə gənc bəzi ixtisasların güclü olduğu Yaponiya, Çin, Sinqapur və digər ölkələrin ali məktəblərinə üz tutur. Kimsə bunu lazımsız saymır, əksinə, dövlət onlara dəstək verir. Dövlət özünün pulsuz təhsil sistemi və ya xaricdə təhsil imkanı yaratmaq proqramları ilə kadr təminatını stimullaşdıra, qəbul planları ilə bunu nizamlaya bilər. Amma dövlətin vətəndaşa “sən bunu oxu, onu oxuma”, yaxud “burada oxu, orada oxuma” deməyə hüququ yoxdur. Bu mənada MM-in qərarı vətəndaşların təhsil hüququnu məhdudlaşdırır.
Bərabərlik hüququnun pozulması
Sual olunur ki, Azərbaycanın rüşvət basmış, heç bir reytinq siyahısında adı olmayan universitetlərində oxuyanların niyə hərbi xidmətdən möhlət hüququ olur, amma nüfuzlu ali məktəblərdə oxuyanların bu hüququna məhdudiyyət qoyulur. Bu ki ayrı-seçkilikdir. Deməli, Konstitusiyanın 25-ci maddəsini (Bərabərlik hüququ) Milli Məclis pozub. Hamı qanun və məhkəmə qarşısında bərabərdir və bu maddənin IV bəndinə əsasən heç kəsə ayrıca güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud heç kəsə güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Amma sözügedən dəyişiklik kimlərəsə imtiyaz verir, kimlərəsə yox.
Fasiləsiz təhsil hüququ
“Təhsil haqqında” Qanunun 32-ci maddəsində təhsilalanların hüquqları sırasında sadalananlardan biri də fasiləsiz təhsil almaq hüququdur. Milli Məclisin qərarı bu hüququ da məhdudlaşdırır. Təsəvvür edin ki, dünya lideri Massaçusets Texnologiya Institutunda (MIT) təhsil alan azərbaycanlının fasiləsiz təhsil almaq hüququ tanınmır, amma adını unutduğumuz Azərbaycan Texniki Universitetinin, yaxud normal lisey səviyyəsində olmayan bir ali məktəbin tələbəsinin bu hüququ təmin edilir.
Təhsil naziri niyə “lazımsız” təhsil alıb?
“Lazımsız təhsil” sözləri ilə əsl niyyətlərini açan MM rəhbərləri əslində hərbi xidmətdən yayınmanı bəhanə ediblər. Tutaq ki, kimsə avtomobillə adam vurur, buna görə avtomobili qadağan etmirlər ki?! Hərbi ekspert Üzeyir Cəfərov çox tutarlı sual qoydu bu bəhanə ilə bağlı: bəs onda niyə Hərbi Prokurorluq hər il hesabat yayır ki, hərbi xidmətdən yayınma halları yox səviyyəsindədir? Üzeyir bəyin daha bir sualı vardı: dövlət hara baxır ki, kimsə hərbi xidmətdən yayınır?!
Olmaya qanunsuz tikilən villaların sahibini tapa bilməyənlər çağırışçıların yerini də tapa bilmir? Başqa bir sual da var, bilirəm ki, hər kəsin qəlbini yırtır. Məgər xaricə oxumağa getməyənlər hərbi xidmətdən yayınmır? Kasıb balalarının yeri deyil hər zaman əsgər ölümləri ilə yadda qalan ordumuz?
Ən maraqlı məqam odur ki, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov vəzifəyə təyin ediləndə bəh-bəhlə onu cəmiyyətə xaricdə təhsil almış kadr kimi qələmə verdilər. Bəs nə əcəb “lazımsız” təhsil alan birini nazir qoyursunuz? Indi həmin adam hansı ali məktəbin lazımlı, hansının lazımsız olduğunu müəyyən edəcək?
Çünki, yeni dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanı hansı xarici universitetdə oxuyanlara hərbi çağırışdan möhlət verilməsini müəyyən edəcək. Bu da gözdən pərdə asmaqdır, hüquq ya hamıya verilir, ya da heç kimə. Mikayıl Cabbarov özü həmin möhlətdən istifadə etmiş adamdır, indi o necə kiməsə bu möhləti tanıyacaq, kiməsə yox. Nazir Konstitusiyanın adından hüquq müəyyən edə bilməz axı.
Konstitusiya Məhkəməsi ləğv etməlidir
29 may dəyişikliyi xaricdə təhsilə, ümumilikdə təhsilə zərbədir, azad ruhlu və zəkalı gəncliyinin səflərini dağıtmaq, pərən-pərən salmaq, onları əngəllərlə üzləşdirməkdir. Unutmayaq ki, Azərbaycan Respublikasını xaricdə oxuyan bir qrup ziyalı qurmuşdur. Indi onun parlamentində xaricdə təhsili lazımsız sayan insanlar oturur, çünki onlara mandat verən siyasi hakimiyyət xaricdə oxuyan gənclikdən qorxur, mütərəqqi dünyanın tanıyan zəkalardan çəkinir. Çünki xaricdə oxuyanların böyük kəsimi vaxtı keçmiş bu rejimi qəbul edə bilmir. Bu səbəbdən əminliklə deyə bilərik ki, bu dəyişikliyin arxasında siyasi məkr dayanır, nəticə olaraq şəxsi maraqlar naminə ölkənin gələcəyinə dərin yaralar vurulur, Konstitusiya pozulur, vətəndaşların hüquqları tapdanır, ayrı-seçkilik salınır. Normalda Konstitusiya Məhkəməsi belə bir dəyişikliyi ləğv etməlidir.