Ömürlük şikəst qalan şəxs prezidentə üz tutur

O, hüquqlarının tapdandığını bəyan edir

 
“Azadlıq”a müraciət edən, 1-ci qrup əlillik dərəcəsi olan Vüsal Qafarovun qanuni nümayəndəsi Almaz Hüseynli  üzləşdikləri problemin həll olunmamasndan bəhs edib. Prezident Ilham Əliyevə növbəti dəfə üz tutan şikayətçi  məhkəmə rəhbərlərinin ucbatından oğlunun Avstriyaya müalicəyə gecikdiyini, nəticədə ömürlük şikəst qaldığını bildirib. Şikayətçinin məktubunda deyilir:
“Mən 20.05.2015-ci ildə Apelyasiya məhkəməsinin sədri Iman Nağıyevin qəbulunda oldum. O dedi ki, Ali Məhkəmənin qərarında yazılanları edəcəklər. Iman Nağıyev Ali Məhkəmənin qərarını mülki cavabdehin xeyrinə şərh etmək istəyir. O, ədalətli məhkəmə araşdırılması hüququnu pozur və bu özbaşınalıq hakimlərin müstəqilliyini şübhə altına salır. Mənim iddiam tam təmin olunmalıdır. Çünki tələbim pul tələbi deyil, mənzil tələbidir. Eləcə də, mən müalicə-müayinə zərəri kimi cavabdehdən 1 otaqlı mənzil tələb etməmişəm. Mülki cavabdehin təqsirindən oğlum kirayədə yaşadığı üçün 1 otaqlı mənzil tələb etmişəm. Lakin Iman Nağıyev Ali Məhkəmənin qərarını mülki cavabdehin xeyrinə şərh etmək istəyir. Onun fikrincə, guya Ali Məhkəmə qərarında əlavə xərclər kimi təmin edilmiş 50.000 manatdan 35.000 manatın çıxılmasını göstərib. Iman Nağıyev vaxtilə Avstriyaya  müalicəyə gecikdirdiyi gənci bu gün də mənzilsiz qoymaq istəyir. Dövlət vətəndaşına sahib çıxmalı və onun yaşayış tərzini təmin etməli, hüquqlarını müdafiə etməlidir. Oğlumun hüquqları yerini tapmasa, məhkəmə günü özümə qəsd edəcəyəm. Buna məni məcbur edirlər. Oğlumun bu vəziyyətə düşməyində özümü mənəvi günahkar bilirəm. Çünki oğlumun sağlamlığını qoruya bilmədim. Avstriyada müalicəsi mümkün olduğu halda, onun hüquqlarını müdafiə edərək xaricdə müalicəsini etdirə bilmədim. O, ömürlük şikəst qaldı. Buna görə də kirayələrdə yaşamaq məcburiyyətində qaldığından mən onun mənzillə təmin olunması üçün hüquqlarını təmin edə, bir ana kimi övlad qarşısında borcumu verə bilmədim. Bu səbəbdən yaşamağa haqqım yoxdur”.
Sosial şöbə