NİDA-çıların işi yenidən məhkəmədə

Bu gün Ali Məhkəmədə NİDA Vətəndaş Hərəkatının üzvləri – Üzeyir Məmmədli, Rəşad Həsənov və Şahin Novruzlu barəsində olan hökmdən kassasiya şikayəti üzrə proses keçirilib.
 
Bu barədə vəkil Nemət Kərimli məlumat verib. Prosesə hakim Fərhad Kərimov sədrlik edib.
 
Vəkilin bildirdiyinə görə, NİDA üzvləri günahsız olduqları üçün barətverici əsaslarla cinayət təqibinə xitam verilməsini istəyiblər. Ali Məhkəmə onların kassasiya şikayəti təmin etməyib. Vəkil Nemət Kərimli Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8 il, İlkin Rüstəmzadə 8 il , Rəşadət Axundov 8 il, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7 il, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən apelyasiya şikayəti verilsə də məhkəmə şikayətləri təmin etməyib.
 
Onu da qeyd edək ki, B.Quliyev, Ş.Novruzlu, Ü.Məmmədli və Z. Qurbanlı prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar. (virtualaz.org)