Kanadada siqaret çəkənlərə 12 milyard dollarlıq kompensasiya

Kanada məhkəməsinin qərarı ilə 3 tütün şirkəti siqaret çəkənlərə rekord məbləğ təşkil edən 12 milyard dollarlıq kompensasiya ödəyəcək.
İndiyədək məhkəmə belə böyük məbləğdə kompensasiya barədə qərar çıxarmayıb.
Imperial Tobacco, Rothmans Benson & Hedges və JTI-MacDonald şirkətlərinə qarşı iddialar 1998-ci ildən qaldırılsa da, işlər üzrə proses 2012-ci ildə başlayıb.
İddiaçı rolunda çıxış edən Kvebek siqaret çəkənləri deyirdilər ki, tütün firmaları onlara siqaret çəkməyin riskləri barədə xəbərdarlıq etməyib.
Imperial Tobacco Canada, Rothmans Benson & Hedges və JTI-MacDonald şirkətləri məhkəmə qərarına qarşı apellyasiya verəcəklərini bildiriblər.
Şirkətlər iddia edirlər ki, kanadalılar artıq 1950-ci illərdə siqaret çəkməyin sağlamılq üçün riskləri barədə məlumatlı olublar.
“Həmin xəbərdarlıq həm də son 40 ildə buraxılan siqaret qutularının üstündəki yazılarla da edilib” – JTI-Macdonald şirkətinin bəyanatında deyilir.
Lakin Kvebek Ali Məhkəməsinin qərarına görə iddiaçılar bu qənaətdədirlər ki, tütün şirkətləri xəbərdarlığı lazımınca etməyiblər və əslində “başqa şəxsə xəsarət yetirməmək” prinsipini pozublar.
Sayı az qala 1 milyon olan iddiaçıların əksəriyyəti siqareti tərgidə bilməyənlər və ya boğaz və ağ ciyər xərçəngindən, habelə emfizemadan əzab çəkənlərdir. (BBC azeri)