Serbiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ivitsa Daçiç dünən Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində o, Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləntilərini dilə gətirib: “Cənab Daçiçin səfərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa irəliləyiş olacağını gözləyirəm.
Bütün tərəflər münaqişənin həllində maraqlıdır. Həmsədr ölkələr də çalışır ki, məsələ yerindən tərpənsin. Ola bilsin ki, yaxın vaxtarda həll üçün görüş olmasa da, hansısa yol seçilməsi üçün görüş baş tutsun. Təbii ki, bu, Minsk qrupu formatı çərçivəsində olacaq”.
Dağlıq Qarabağ probleminin mövcud olduğu onilliklər ərzində istər münaqişə tərəfləri, istərsə də Minsk qrupunun həmsədrləri arasında bu kimi fikirlər dəfələrlə səslənib. Reallıq isə ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli mexanizmi indiyədək işlək olmayıb. Elə politoloqlar da deyir ki, Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupu fakitiki olaraq münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına siyasi nəzarət etməklə kifayətlənir.
Politoloq Fuad Qəhrəmanlı hesab edir ki, Elmar Məmmədyarovun son açıqlaması bugünkü reallığa uyğun deyil. Onun sözlərinə görə, Azərbaycan tərəfi məsələyə Rusiyanın münaqişədə hazırkı mövqeyinə əsaslanaraq fikir bildirir: “Bir müddət əvvəl Elmar Məmmədyarov münaqişənin həllilə əlaqədar Rusiyaya səfər etmişdi. Görünür, Rusiyanın Xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan tərəfində müəyyən ümidlər yaranıb”.
ATƏT-in fəaliyyətdə olan sədri I.Daçiçlə görüşün nəticəsinə gəlincə, Fuad Qəhrəmanlının fikrincə, bu görüşün münaqişənin həllinə müsbət təsir göstərəcəyinə ümid bəsləmək yersizdir: “Elmar Məmmədyarovun bu açıqlaması ictimai rəyə hesablanmış taktiki gedişdir. Çünki Azərbaycan hakimiyyəti iyirmi ildən artıqdır münaqişənin həllilə bağlı konkret addım atmayıb, səmərəli nəticə əldə etməyib. Hakimiyyət çalışır ki, Qarabağ münaqişəsilə bağlı pozitiv fikirlər səsləndirib, cəmiyyətdə ümid yaratsın. Hakimiyyət ATƏT-in Minsk qrupuna qarşı aqressiv münasibət sərgiləməklə, problemin həll olunmamasının səbəbkarı kimi bu qurumu qələmə verməyə çalışır. Bu cür yanaşma hakimiyyətə sərf edir. Çünki bu yolla özlərini Azərbaycan xalqı qarşısında məsuliyyətdən azad etməyə çalışırlar”.
Emil