Deputatdan 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı ilginc iddia

Vahid Əhmədov: «Bu məsələnin bir ucu «yuxarı» ranqlı məmurlara gedib çıxır. Yuxarıda bu keyfiyyətsiz materialların istifadəsinə icazə verən şəxslər var»

 
“Binəqədidə 15 mərtəbəli binadakı yanğın  çox ciddi məsələdir və bu hadisə də, şübhəsiz, öz sözünü deyəcək. Dövlət başçısı bunu çox ciddi müzakirə etdi. Indi deyirlər ki, bir nəfəri ordan tutdular, bir nəfər burda həbs olunub. Mən bunlara o qədər də önəm vermirəm. Bu, adi həbslərdir”. Bu sözləri deputat Vahid Əhmədov strateq.az saytına müsahibəsində deyib.
Vahid Əhmədov daha sonra əlavə edib ki, yanğın hadisəsinin izi yüksək rütbəli məmurlara gedib çıxır: “Bu məsələnin bir ucu ”yuxarı" ranqlı məmurlara gedib çıxır. Yuxarıda bu keyfiyyətsiz materialların istifadəsinə icazə verən şəxslər var. O materiallar mütləq laboratoriyadan keçməli idi. Buna elə adi səviyyədə icazə verilmir ki? Əgər Azərbaycanda 260 bina üzlənirsə, deməli, bunlar adi adamlar deyil, kimlərsə bunlara yuxarı səviyyədə icazə verib. Mən indi gedib desəm ki, bir bina verin üzləyim, verəcəklər? Əlbəttə, yox!"
Deputat bildirib ki, bu hadisəni şərtləndirən amillərdən biri də monopoliyadır: “Ölkədə ən ciddi problem monopoliya, inhisardır. Biz bunun qarşısını ala bilmirik. Cənab prezident 2006-cı ildə Milli Məclisə ”Rəqabət Məcəlləsi" haqqında qanun layihəsi göndərib. Biz onu bu günə qədər də qəbul edə bilmirik. 2 oxunuşda qəbul edilib, amma 3-cü oxunuşda keçmir. 8 ildir qalıb Məclisdə! Hər iclasda da bu məsələyə toxunmuşam. Mənə təzyiqlər də olub. Bunu mən özüm üçün eləmirəm, heç bir biznesim-filanım, heç balaca mağazam da yoxdur. Amma görürəm axı, monopoliya Azərbaycana nə qədər ziyan vurur. Yanğına səbəb də elə həmin o monopoliyadır. Biz Azərbaycanda sahibkarın sərbəst işləməsinə imkan verməliyik. Sahibkar ancaq istehsal və vergi ödəməyi fikirləşməlidir. Heç kim onun işinə müdaxilə etməməlidir. 1-2 il əvvəl sahibkarlığa nəzarətlə bağlı qanun qəbul etdik. Böyük ajiotaj oldu. Biz qəbul etmək istəmirdik. Sahibkarı hər yoldan ötən gəlib yoxlaya bilməz. Bu gün onlarla təşkilat var ki, gəlib sahibkarı yoxlayır. Ölkədə 8-ə yaxın istintaq orqanı var. Hər nazirliyin tərkibində belə orqan var. Nəyə lazımdı bu? Istintaq orqanı bir dənə olar. Lazım olar, baş prokurorun, prezidentin tabeliyində olar. Amma hər nazirlik bir istintaq orqanı yaradıb, sahibkara da əziyyət verir, insanlara da. Müəyyən əyri yollara da gedirlər Yəni, həll ediləsi problemlərimiz hələ çoxdur və islahatlar mütləq aparılmalıdır".