Bu yazı heç kəsə cavab deyil. Bizimlə üz-üzə durmağa mənəvi haqqı olmayanlara cavab vermək fikrimiz və öhdəliyimiz yoxdu.
Bu yazı tək mənim yazım deyil. Bu yazı Intiqamın, Leyla xanımın, Xədicə xanımın, Tofiq bəyin, Ilqar bəyin, Rəsulun, nidaçıların və müstəqil, demokratik AZƏRBAYCAN uğrunda çarpışanların yazısıdı. Biz belə Azərbaycanın dustaqlarıyıq. Kimisi içəridə, kimisi çöldə.
Biz içində dustaq olanların inkarıyıq. Bunu hamıdan yaxşı onlar bilir. Onları cırnadan, qəzəbləndirən, hiddətləndirən, qısqandıran, əzən, məhv edən də elə budur. Sən kimin buyruq qulu olduğunun fərqində deyilsənsə, sənə bir qoz. Sən cavab haqqı olan varlıq deyilsən.
Oğrunun qaypınmadan doğrunun üstünə bağırdığı məmləkətdə yaşayırıq.
Başqaları ilə işim yox, hüquqçulardan danışacam.
Hüquq nə qədər siyasi hadisə olsa da, mənəviyyata, əxlaqa söykənməyən hüquq hüquq deyil. Hüququ zordan ayıran onun cövhərində dayanan nəsnədi. Bu nəsnə haqdısa, hüquq da haqdı. Belə deyilsə, o, hüquq deyil. Haqq-ədalətə söykənməyən hüquq haqq ola bilməz. Böyük Hüqo demişkən, “mərhəmətli olmaq qaydadı, ədalətli olmaq isə müstəsna bir şeydi”. Biz müstəsna dəyərlərin yolçularıyıq.
YOLÇULUQ yolçuluq deyil. Dilənən kimsələrin heç dinlənilmək haqqı da yoxdu. Onda qalmış cavab haqqı ola.
Azərbaycan hüquqçuları da istər-istəməz seçim qarşısında dayandılar. Nəyə görə Səfa Mirzəyev, Lətif Hüseynov, Əli Hüseynov və başqaları məktəb yarada bilmədilər. Amma Intiqam Əliyev yaratdı. Böyük, şərəfli, sabahlı məktəb. Ona görə ki, birincilər zora söykənən hüququ, ikinci isə haqqa tapınan hüququ seçdi. Hər kəsin seçimi isə onun mahiyyəti və fəlsəfəsidi. Biz seçimləri anlamalı və ya ona hörmət etməliyik. Seçim sənindi, möhtərəm və ya əziz oxucu.
“Hər kəsin fəlsəfəsi necədisə, həyatı da elədi”.
Bu gün cmiyyətin, o sıradan hüquqçuların seçim qarşısında dayanması acı reallıqdı. Hüquqçu toplumunun sortlara, çeşidlərə, dəstələrə bölünməsi də acı gerçəklərimizdəndi. Amma hər bir seçim acı reallıqlarla yanaşı haqq-ədalətə söykənməlidi. Bu ilahi, əbədi nemətə söykənməyən seçim keçicidi, müvəqqətidi, öləridi. O, bu gün praqmatik seçim sayıla bilər. Amma hakimiyyətlərin müvəqqəti, keçisi dəyər olması ömrünü başa vuranda bu seçimin də dəyəri bilinəcək.
Bizi ittiham edənlər bizdən daha bədbəxt adamlardı.
Bizim hamımızı tarixin mühakiməsi yerbəyer eləyəcək. Biz ancaq onun qarşısında məsuliyyət daşımaqdan narahatıq. Çünki ancaq ona tapınmaq zorundayıq. Bu “zor” o zordan deyil. Bu “zor” haqqın zorudu. “Qalib haqqın zorakılığa ehtiyacı yoxdur”. Haqqın qarşısında isə hamımız acizik. Nə qədər güclü olsaq belə.
Başqa cür düşünənləri həbsə atmaq cılız intiqam hissinin cıxılmazıdı. Çıxılmazdan isə çıxış yolu olmur. Bunu dərk eləməmək faciədi. Ağılın faciəsi. Faciənin isə gələcəyi olmur. Olmur.
“Biz hamımız bu Vətən uğrunda çalışmalıyıq”. Bu vətən uğrunda yox. Müstəqil, azad, ləyaqətli Vətən uğrunda. Insan haqlarını haqq bilməyən vətənə Vətən deyilməz. Deyilməz. Əsla deyilməz.
Biz bu gün mühakimə olunuruq və heç bir halda bəraət almırıq. Buna imkanımız yoxdu. Bəlkə də yaxşı ki, yoxdu. Natəmiz əllərdən, məhkum hakimlərdən alınan bəraət və azadlığın dəyəri varmı? Bizə oxunan hökmlər əslində onlar üçün matəm marşı, bizim üçün qələbə himnidi. Bugünün gerçəyi budur.
Üzülmürük. Çünki biz ədalət mühakiməsi qarşısında deyilik. Bizi mühakimə edənlər yazdırılan hökmünü höccələyib qurtarqıqdan sonra bizdən acizanə surətdə xahiş edirlər ki, qərardan şikayət edək. Bu xahiş nə qədər miskin xahiş olsa belə, biz qalibiyyətimizi görürük. Bu qalibiyyət zahirən heç nə demək olmasa belə, bu, qalibiyyətdi. Haqqın nahaqq üzərində qalibiyyəti.ÿ
Hətta miskin mühakimə qarşısında qalibiyyət də qalibiyyətdi. Haqqın qalibiyyəti mühakimə olunmaz.
“Olsan öz haqqının köləsi belə, əri öz içində öləzi, belə. Ondan inciyənin beləsi belə”…
Biz kimsədən incimirik ki. Ləyaqətli düşməndən, dəyərli dostdan inciyərlər. Qarşımızda inciyəsi kimsə varmı? Yoxsa, bu bizim suçumuz deyil.
Məğlub haqqın qalibiyyəti olursa, o, bizim haqqımızdı.