“Azadlıq”a müraciət edən Bakının Yasamal rayonu, Şərifzadə küçəsi ev 54, mənzil 27 sakini Adil Həmzəyev Ali Məhkəmənin Inzibati-Iqtisadi Kollegiyasının çıxardığı qərarın icra olunmamasından bəhs edib. Şikayətçinin məktubunda deyilir:
“Ali Məhkəmənin 17 dekabr 2014-cü il tarixli qərarı icra olunmaq üçün ”Kapital Bank" ASC-yə göndərilib. Lakin bank məhkəmənin qərarına məhəl qoymayıb və qərəzli şəkildə bu işi icra etməyib. Bankın bu hərəkəti Konstitusiyamızın 129-cu, Inzibati Prosessual Məcəllənin 78-ci, “Icra Haqqında” qanunun 3-cü maddəsi, prezidentin 14 mart 2012-ci il tarixli fərmanının tələbinin kobud şəkildə pozulmasıdır.
Tanınmış tədqiqatçı, dilçi alim, Vətən müharibəsi veteranı, əlili Teyyub Həmzəyevin sovet dövründən qalan 17,714 manat (rubl) əmanəti Yasamal rayon əmanət bankı tərəfindən vəzifə saxtakarlığına yol verilərək oğurlanıb. Iki gərgin məhkəmə prosesi və araşdırmasından sonra sözügedən əmanətin Yasamal rayon əmanət şöbəsi tərəfindən mənimsənilməsi Ali Məhkəmənin qərarında öz təsdiqini tapıb. Həmin məsələni törədənlərə qarşı cinayət işinin qaldırılması barədə məhkəmə proseslərində vəsatət versəm də 1 saylı Inzibati-Iqtisadi Məhkəmənin hakimi Şərafət Məmmədova onu ört-basdır edərək vəsatəti rədd edib. Ali Məhkəmənin qərarı əsasında oğurluq faktı təsdiqini tapsa da əmanəti mənimsəyənlər hələ də azadlıqda gəzir və hüquq-mühafizə orqanları tərəfindən onlara qarşı heç bir tədbir görülmür".
Sosial şöbə