Bir manatın sərgüzəştləri V yazı

Daha yerimi biləcəm

Orxan Valehli

Bildiyiniz kimi, mən çox özündənrazı və lovğa biri olmuşam. Düşünürəm ki, bu mənim günahım deyil. Gözümü açdım, hər kəsi özümdən aşağı gördüm. İnsanlar öz dilləri ilə deyirdilər ki, Avrodan sonra mən bütün pullardan dəyərliyəm. Nə olsun ki, ömürlük sanksiya qoyulmuşdu və ölkədən kənarda bir heç idim. Müharibə illərində insanlarla birgə vuruşmuş məndən əvvəlki pullara yuxarıdan aşağı baxdım və onlarla dostluq etmədim. Onlar kişilik görmüşdü, onlar mərdlik görmüşdü, onlar insanlıq görmüşdü. Bəs mən? Bir manat olmağıma baxmayaraq, neçə-neçə cinayətə, neçə rüşvətə şahidlik etmişdim. Özümdən üstünlərin danışdıqları isə, tam bir kabus idi. Ən ağrılısı da budur ki, bütün ölkələri dolaşan və bütün ölkələrdə keçərli olan dollarla dalaşdım. Axı mənə deyən lazım idi ki, ”sən kimsən”! Mənim başıma gələn bu dərd, bu xəstəlik, bir tərəfdən də yaxşı oldu. Ona görə yaxşı oldu ki, insanların sözünə inanıb, onlara güvənməyin hər zaman doğru olmadığını anladım. Özüm öz başımın çarəsinə baxmağı öyrənməliyəm. İnsan ruhunu idarə edən Allah, cismini idarə edən bizik. Qətiyyən mənə gülməyin. Əvvəl-əvvəl, mən də sizin kimi düşünürdüm. Düşünürdüm, necə ola bilər ki, bizdən qat-qat güclü olan, yeri gələndə bizi bir an içində tapdaya bilən insanın iradəsi belə yenik düşər? Təcrübəmə əsaslanıb deyirəm ki, düşər. Elə bir düşər ki, onu heç fələk də qurtara bilməz. Çox az insan gördüm ki, məndən ötrü əyilməz və tükünü də tərpətməz. Təəssüflər olsun ki, belə insanları qorumaq əvəzinə, onları “dəli” adlandırırlar. Namuslu adamları isə cəmiyyətdən təcrid etməyə çalışırlar. Təkcə ona görə yox ki, onlar pula əyilmirlər, həm də ona görə ki, pula əyilənləri ifşa edib, onları cəmiyyətə tanıdırlar. Siz siz olun, mən də mən. Neçə ki varam, ən vicdanlı və ən şərəfli insanların dadına çatacam. Qoymaram ki, onlar da sizin kimi olsun. Onlara az-az görünəcəm. Ola bilsin, onlar bizi topa-topa görsələr belə, yenə dəyişməzlər. Amma yox, mən bu riskə getmərəm. Ey, siz! Gözümü elə qırıbsınız ki, dostlarımı onların cibinə yaxın buraxmaram. Hər gecə on-on beş dostumla onlara qonaq getsəm, yetər… Bilirəm, sizə qəribə gələcək ki, ”necə oldu, adi bir manat povest yazmağa başladı. Axı bu mümkün deyil!”. Məni buna siz məcbur etdiniz. Gözüm üzərinizdədir. Neçə ki, zülm və rüşvətxorluq davam edir, əlimə qələm alıb yazacam…