Moskva polisini öldürən azərbaycanlı həbs edildi

 
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada polis serjantını öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşını həbs edib.
 
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, məlumatı bu gün Rusiya İstintaq Komitəsi yayıb.
 
Komitədən bildirilib ki, 1990-cı il təvəllüdlü Nemət İlham oğlu Rəşidova bu gün ittiham olunacaq və barəsində həbs-qətimkan tədbiri seçiləcək.
 
Qeyd edək ki, mayın 27-də axşam Moskva Dairəvi Avtomobil Yolunun 25-ci kilometrliyində polis serjantını qətlə yetirən Azərbaycan vətəndaşı axtarışa verilmişdi.
 
Moskva polisinin mühafizə idarəsinin əməkdaşı olan serjant Andrey Bannov dairəvi yolda hərəkət edən şübhəli avtomobili saxlamağa cəhd edərkən qətlə yetirilib.
 
Qatilin kimliyini onun avtomobildə atıb qaçdığı mobil telefonla müəyyən etmək mümkün olub.
 
Xəbərə görə, serjant həmkarları ilə birlikdə şübhəli maşını görərək onu təqib etməyə başlayıb. Sürücü dayanmaq tələbinə məhəl qoymayıb, patrul polisi maşını saxlamaq üçün yolu bağlayıb. Bu zaman maşında olan şəxslər düşərək yolun kənarındakı meşəyə qaçıblar.
 
Bannov onların dalınca qaçıb, bu zaman şübhəlilərlə polis arasında əlbəyaxa dava başlayıb. Onlardan biri bıçağı çıxararaq polis serjantını vurub. Serjant aldığı xəsarətlərdən yerində keçinib.