Əli Kərimli qanı batırılan əsgər ölümündən yazdı

AXCP sədri Əli Kərimli Facebook səhifəsində Gədəbəydə müammalı əsgər ölümü ilə bağlı fikirlərini bölüşüb:
 
Ordumuzda daha bir dəhşətli hadisə. Müəmmalı şəkildə öl(dürül)müş hərbi qulluqçu, 25 yaşlı Miriyev Səməd Əli oğlunun anasının türkürpədən açıqlamalarını mütləq oxumaq lazımdır. 
Ana oğlunun dörd nəfər tərəfindən öldürüldüyünü, faktın ört-basdır edilməsi üçün aidiyyatı orqanların onlara təzyiqlər etdiyini bildirir: “Meyitini belə yumağa imkan vermədilər. İcra başçısının təzyiqi ilə oğlum dəfn edildi. Oğlum dəfn edildiyi günün səhəri Qazağın hərbi prokuroru Şahin Zamanovun qəbuluna getdim. Ekspertin cavabını almadan dedi ki, özü özünü vurub. Dedim ki, nə üçün ekspert rəyi olmadan belə deyirsən? Oğlum ölməmişdən qabaq qardaşı Nicata mesaj yazıb. MAXE Hacıyev telefonu açaraq, mesajı silib. Yazıb ki, mən ölürəm. Qanımı Cavadov, Əbilov, Hacıyev və Qarayevdən alarsan… Oğlum bankdan 1200 manat kredit götürüb, MAXE (müddətdən artıq xidmət keçən hərbi qulluqçu) işinə girdi… Süpürgəçi işləyirəm, kasıb adamam. Öldürənlər puldan verib, oğlumun qanını batırırlar…”.
Allah rəhmət etsin, anasına, doğmalarına bu acını daşımağa güc, qüvvət versin.
Nə deyirsiniz, hər kəs sakitcə növbənin ona çatmasınımı gözləsin, yoxsa ordudakı cinayətkarlığın, özbaşınalıqların durdurulmasını tələb edək?