4 ay ərzində qardaş ölkədə Azərbaycana aid 60 şirkət yaradılıb
2015-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitallı 60 şirkət, o cümlədən 16 səhmdar cəmiyyət yaradılıb. “Turan”nın yaydığı məlumata görə, bu barədə Türkiyənin Palatalar və Birjalar Birliyindən bildirilib. Səhmdar cəmiyyətlərin kapitalında Azərbaycan investorlarının iştirakı 76,5 faizdir (4 milyon 391,5 min lirə). Azərbaycan sahibkarları məhdud məsuliyyətli şirkətlərin kapitalına isə 3 milyon 392 min lirə qoyub. Investorlarımız əsasən ticarət, ictimai iaşə, turizm, nəqliyyat və s. sahələrə sərmayə yatırır.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı söyləyir ki, bu sərmayə əsasən neft sənayesində istifadə olunmaq üçün yatırılır. Ekspertə görə Azərbaycan üçün əsas prioritet neft sahəsidir və bu sektorda olan biznes maraqları daha rahatdır:
“Nəinki neftin birbaşa ixracatında, eyni zamanda tədarükündə, infrastruktur yaranmasında şübhəsiz ki, neft şirkətləri, xüsusilə də transmilli korporasiyalar, podratçı və subpodratçı şirkətlər maraqlı olurlar. Çünki bu sektorda həm rentabellik, yüksək gəlir əldə etmək imkanı var, həm də kifayət qədər də zəmanətli bir sahədir. Orda müəyyənləşmiş oyun qaydaları var və bu çərçivədə həyata keçirilən investisiya layihələri də birmənalı şəkildə rentabelli olur. Maraq da təbii ki, həmin sahəyədir və bu sektorda gəlirlilik səviyyəsi, hasilat ona marağı artırır. Harda gəlir varsa, investorların marağı da həmin sahəyə olacaq. Investorların həmin sektora marağı başadüşüləndir. Əsas qeyri-neft sektorunun inkişaf etdirilməsidir ki, ora da neft sektoruna olan stimullar yaransın”.
Qeyd edək ki, aprel ayında “Bloomberg”in yaydığı məlumatda deyilirdi ki, təkcə fevral ayında Türkiyəyə daxil olan mənşəyi naməlum kapitalın həcmi 4.3 millyard dollar olub. Bu kapital axını hesabına Türkiyə tədiyyə balansını yaxşılaşdırıb, valyutaya tələbatını xeyli dərəcədə ödəyib, cari hesablar balansının kəsirini 4.2 faiz azaldıb.
Iqtisadçılar bu kapitalda Azərbaycanın da payının ola biləcəyini ehtimal edirdilər. Yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitallı 60 şirkətin, o cümlədən 16 səhmdar cəmiyyətin yaradılması bu ehtimalların heç də əsassız olmadığını göstərir.