Siyavuş Novruzov hansı şəffaflıqdan danışır?

Ölkənin sərvətlərini offşorlara daşımaq, seçkiləri saxtalaşdırmaq, vətəndaşı aldatmaqdırmı şəffaflıq?

 
Təzadların at oynatdığı, ziddiyyətlərin rəqs etdiyi, paradoksların meydan suladığı ölkədə yaşayırıq. Hakimiyyət təmsilçiləri şəffaflıqdan, təmizlikdən, qanunun aliliyindən elə həvəslə danışırlar ki, düşünürsən bunlar behişti təmin etmiş adamlardı. Indi də YAP-çı deputat Siyavuş Novruzov şəffaflıq məsələsinə fikir bildirib və siyasi partiyalardan maliyyə hesabatı zamanı auditor rəyinin tələb olunacağı məsələsinə aydınlıq gətirib.
“Siyasi partiyalar həm dövlət büdcəsindən aldığı vəsait, həm də özünün topladığı üzvülük haqqı, ianələr və digər vəsaitlər haqqında Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməlidir. Götürək ki, hər hansı bir xarici təşkilat ilə şərik olan təşkilat və yaxud dövlət qurumu ilə şərik olan təşkilatlar, dini qurumlar və digər təşkilatlar siyasi partiyalara ianələr köçürə bilməz. Buna görə də, hesabat təqdim olunanda orada maliyyənin mənbəyi də göstərilməlidir. Bu baxımdan auditor rəyinin təqdim edilməsi də vacibdir” – deyə Siyavuş Novruzov bildirib.
Şəffalığa həssaslıq nümayiş etdirən Siyavuş müəllim necə də gözəl deyib. Həqiqətən də partiyaların maliyyələşməsi məsələsində şəffaflıq olmalıdır. Amma şəffaflığı dərin biri quyuya salıb üzərini basdırmış hakimiyyətin şəffaflıq axtarışı xüsusilə “fenomenal” hadisədir. 
Məsələn, qərargahı partladılmış, üzvləri şərlənərək həbs edilmiş, fəaliyyəti bütün qanunsuz yollarla məhdudlaşdırılmış AXCP-dən maliyyə hesabatı tələb etmək, tarixi bir hadisədir. Amma məsələ bununla da bitmir.
Bu hakimiyyət mövcud olduğu 22 il ərzində şəffaflıq tələb edənləri sıradan çıxarmaqla məşğul olub. Indi Siyavuş Novruzovun şəffaflığa köklənməsi qəribə görünür.
Məmurların gəlir deklorasiyası, rəqabət məcəlləsi, Tibbi sığorta haqqında qanunların qəbul olunması da şəffaflığa xidmət etmirmi? Niyə bu qanunlar həyata vəsiqə ala bilmir? Siyavuş Novruz bir millət vəkili kimi bu məsələlərdə niyə israr etmir?
Bu hakimiyyətin dövründə şəffaflıq nadir tapıntıya çevrildi. Ölkəyə gətirilən bütün mallar məmurların inhisarındadır. Icra başçıları, nazirlər, komitə sədrləri bəlli maaş aldıqları halda, milyonluq villalara, şirkətlərə, avtomobillərə sahib olublar. Hakim ailənin biznes imperiyası haqqında araşdırma yazıları, sənədli filmlər dünyaya səs salıb və.s
Son yanğın hadisəsi zamanı müşahidə olunanlar da göstərdi ki, sintetik üzlük istehsal edən şirkət də hakimiyyətə bağlıdır. 15 insanın ölümünə səbəb olmuş hadisə məhz qeyri-şəffaflığın nəticəsdir. Sonda isə JEK müdirini, icra başçısının sabiq müavini həbs etməklə, “şəffaf”lığı təmin etdilər.
Hər il “Gül bayramı” adı altında 10 milyonlarla manat havaya sovrulur. Amma hər hansı rəsmi məlumat verilmir. Indi də Avropa oyunlarına 8 milyard vəsait xərclənib və bununla bağlı şəffaf hesabat yoxdur. Dünyanın müxtəlif yerlərində dəyəri milyonlarla ölçülən xeyriyyə layihələri həyata keçirilir. Bunun hesabatını kim verəcək?  
Prezidentin 245 milyona 5-ci şəxsi təyyarəni almasının şəffaflığı necə təmin olunacaq?  
Siyavuş Novruzovun təmsil olunduğu partiyanın kağız üzərində  600 mindən çox üzvü var. Amma bu adamlar məcburən partiya üzvü edilib və bu adamlardan üzvlük haqqı alınır. YAP-çılar isə bu 600 mindən artıq insanı, hakimiyyətin siyasətini dəstəkləyənlər kimi təqdim edir. Budurmu şəffaflıq?
Nəhayət, bu hakimiyyət nə vaxt şəffaf seçki keçirib, müsbət nümunə göstərəcək? MSK-nın özü şəffaf qurumdurmu? 
Yaxşı olar ki, Siyavuş Novruzov erməni lobbisindən, ikili standartlardan, dünyanın Azərbaycana paxıllıq etməsindən danışsın. Şəffaflıqdan danışıb, daha da qeyri-şəffaf mənzərə yaratmış olur.