Hərbçilər Azərbaycandan ancaq yazılı icazə ilə çıxa bilər

«Hərbi xidmətkeçmə haqqında Əsasnamə»yə edilən dəyişikliklər təsdiqləndi

 
Dövlət başçısı Ilham Əliyev “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə edilən dəyişikliklərin təsdiqlənməsinə dair fərman imzalayıb. Əsasnaməyə dəyişikliklər bir müddət əvvəl “Hərbi qulluqçuların statusu haqqında” qanuna edilən dəyişikliklərlə əlaqədardır.
Dövlət başçısının fərmanı ilə qüvvəyə minən yeni qaydalara görə, Azərbaycan Silahlı Qüvvələrində, eləcə də qanuna uyğun fəaliyyət göstərən digər silahlı birləşmələrdə xidmət edən, həmçinin Azərbaycandan kənarda beynəlxalq hərbi təlimlərə, anti-terror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan hərbi qulluqçular bundan sonra yalnız müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olanda ölkəni tərk edə biləcəklər.
Yeni qaydaları şərh edən hərbi ekspert Üzeyir Cəfərov “Azadlıq”a açıqlamasında bildiribÿki,ÿhərbi qulluqçuların ölkədən sərbəst çıxışına məhdudiyyətlər əvvəllər də olub. Onun sözlərinə görə, hərbi qulluqçular xidməti pasportla ezamiyyətə bəzi hallarda yuxarı komandanlığın icazəsilə gedə bilirdilər. Indi isə onların ölkədən çıxışı qanunla bir qədər də sərtləşdirilib.
“Son dövrlər Azərbaycanın müdafiəsi və təhlükəsizliyilə bağlı məsələlər daha çox ön plana keçdiyi üçün bu qanun bur qədər sərt xarakter alır”, – deyə Üzeyir Cəfərov bildirib.
Ekspert onu da qeyd edib ki, hərbi qulluqçularin ölkədən çıxmasının icra hakimiyyətlərinə qətiyyən aidiyyəti olmamalıdır: “Bu məsələyə məsul olan qurumlar Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi və buna bənzər digər qurumlardır. Yeni qanuna əsasən, hərbi qulluqçu ölkədən çıxmaq istəyərsə, bu qurumlar tərəfindən hər hansı məhdudiyyətlərlə üzləşəcəkdir. Hərbi qulluqçular arasında elə şəxslər var ki, onlar ölkənin təhlükəsizliyilə bağlı müəyyən məlumatlara malikdilər. Bu baxımdan, onların ölkədən çıxışı ilə bağlı müəyyən razılaşdırmaların olması, məhdudiyyətlərin tətbiqi bütün dünyada qəbul olunmuş normal bir haldır”.
Emil