Azərbaycan iqtisadiyyatında dollarlaşma təhlükəli həddə

Valyuta bazarı və manatın məzənnəsindəki vəziyyət açıqlandı
 

Azərbaycan Mərkəzi Bankı Valyuta bazarı və manatın məzənnəsi ilə bağlı son məlumatları açıqlamışdır.  
 
Bankın Yanvar-Mart ayları üzrə Pul siyasəti icmalında deyilir ki, hesabat dövründə Mərkəzi Bank məzənnə siyasətini xarici valyutaya tələbin əhəmiyyətli artması şəraitində həyata keçirmişdir.
 
“2014-cü ilin sonlarından etibarən qlobal əmtəə bazarlarında enerji daşıyıcılarının qiymətlərinin kəskin aşağı düşməsi, eyni zamanda ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya meyillərinin güclənməsi- nin psixoloji təsiri daxili valyuta bazarında xarici valyutalara, xüsusilə ABŞ dollarına tələbi yüksəltmişdir.
 
Xarici valyutaya tələbin yüksəlməsi daxili valyuta bazarının hər iki seqmenti – nağd və qeyri-nağd valyuta bazarları üzrə müşahidə olunmuşdur”, – İcmalda deyilir.
 
Hesabat dövründə valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 dəfə artmışdır. Əməliyyatların 91%-i ABŞ dollarında, qalan 9%-i isə digər valyutalarda aparılmlışdır. Ötən ilin eyni dövrünə nəzərən ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi 2.3 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2.4 dəfə artmışdır.
 
20 MİLYARDLIQ ƏMƏLİYYAT OLUB
 
Belə ki, ABŞ dolları ilə əməliyyatların həcmi,  2014-cü ilin 1-ci rübündə 7 milyard 789 milyon dollar təşkil etdiyi halda, bu ilin müvafiq dövründə 18 milyard 341 milyon dollar təşkil edib. Avro ilə əməliyyatların həcmi, isə 612 milyon avrodan 1 milyard 491 milyon avroya yüksəlmişdir. Ümumilikdə (dollar və avro daxil), ilk rübdə valyuta bazarında dövriyyənin həcmi 19 milyard 832 valyuta vahidi olmuşdur.
 
BANKLAR ƏHALİYƏ 4,6 MİLYARDLIQ VALYUTA SATILIB
 
Banklar tərəfindən əhaliyə xalis satılan nağd valyutanın həcmi 2.1 dəfə artmışdır. Bank şöbələrinin xalis satdığı nağd xarici valyuta, ötən ilin 1-ci rübündə 2 milyard 191 milyon ABŞ dolları təşkil etmişdirsə, bu ilin ilk rübündə məbləğ 4 milyard 620,5 milyon dollara çıxıb. Bu məbləğin 4 milyard 332.4 milyon dolları Dollar ilə, 288.1 milyon dolları Avro ilə satılıb.
 
İcmalda qeyd olunur ki, valyuta bazarında yaranmış vəziyyəti nəzərə alaraq, AMB-nin İdarə Heyətinin qərarı ilə 21 fevral 2015-ci il tarixinə ABŞ dollarının manata qarşı məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilmişdir.
 
“Bu qərarın qəbulu ərəfəsində manatın partnyor ölkələrin valyutalarına qarşı bahalaşması səviyyəsi özünün pik həddinə çatmışdı. Belə ki, 2014-cü ilin əvvəlindən 2015-ci ilin fevral ayının ortalarınadək manat ticarət tərəfdaşlarının valyutalarına nəzərən orta çəkili hesabla 30% bahalaşmışdı. Bu dövrdə ABŞ dollarına nəzərən Rus rublu 86%, Avro 20%, Qazax təngəsi 20%, Turkmən manatı 22%, Moldova leyi 17%, Belarus rublu 52%, Ukrayna qrivnası 169%, Turk lirəsi 13%, İran realı 12%, Gürcü larisi 31% dəyərdən düşmüşdü. Məzənnənin 33.55% korreksiyası manatın qeyd olunan valyutalara qarşı baş vermiş orta çəkili bahalaşmasını neytrallaşdıra bildi”.
 
Valyuta bazarında yaranmış yeni şəraiti nəzərə alaraq Mərkəzi Bank eyni zamanda hesabat dövründə məzənnə siyasətinin əməliyyat çərçivəsində dəyişiklik etmişdir. Belə ki, məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə başlanmışdır.
 
VALYUTA SƏBƏTİNİN MAHİYYƏTİ
 
“Səbət mexanizminin mahiyyəti  odur ki, dünya bazarında Avro/dollar məzənnəsindəki dəyişiklik qismən Dollar/Manat və Avro/Manat məzənnələri arasında bölüşdürülür. Eyni zamanda valyuta bazarındakı vəziyyətdən, inflyasiya, maliyyə sabitliyi kimi vəzifələrdən asılı olaraq səbətin dəyəri də tənzimlənir. Başqa sözlə, dəyəri tənzimlənən səbət mexanizmi bir tərəfdən avro/dollar məzənnəsinin dəyişməsini, digər tərəfdən isə tədiyə balansının vəziyyətini məzənnədə əks etdirməyə imkan verir.
 
Dəyəri hədəflənən səbətin hədəflənən ikitərəfli məzənnədən üstünlüyü odur ki, bu mexanizm son nəticədə manatın bütün valyutalara qarşı çoxtərəfli məzənnəsinə məqsədyönlü təsir imkanları yaranır. Bu həm də məzənnənin tədricən bazar amilləri əsasında formalaşmasını təmin etməklə Mərkəzi Bankın pul kütləsi və faiz dərəcələrinə təsirini daha da artırır.
 
Səbətə Avro və dolların daxil edilməsi ölkənin xarici iqtisadi əlaqələrinin məhz əsasən bu valyutalarda həyata keçirilməsi ilə əlaqədardır. Eyni zamanda digər xarici valyutaların məzənnələri dolların və avronun məzənnəsinin təsiri altında formalaşdığından onlar “dollar qrupun”a aid olan valyutalar və “Avro qrupu”na aid olan valyutalar kimi qiymətləndirilə bilər”,- İcmalda deyilir.
 
Hazırda tətbiq etdilən rejimdə də Mərkəzi Bank valyuta bazarının fəal iştirakçılarından biri kimi qalır. Mərkəzi Bankın valyuta bazarında müdaxilələri müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnəsi arasında diapazon) həyata keçirilir.
 
SUBYEKTLƏR ADAPTASİYA OLURLAR
 
İcmalda qeyd olunur ki, hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadırlar. Nəticə etibarilə I rübün sonuna manatın əksər partnyor ölkələrin valyutalarına nəzərən nominal ikitərəfli məzənnəsi ucuzlaşmışdır. Manatın nominal ikitərəfli məzənnələrinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə də təsir göstərmişdir. Manatın real ikitərəfli məzənnəsi ABŞ dollarına qarşı 21.1%, Avroya qarşı 10.7%, Türkiyə lirəsinə qarşı 13.2%, Rus rubluna qarşı 21.1% ucuzlaşmış, Belarusiya rubluna qarşı isə 2.5% bahalaşmışdır.
 
Hesabat dövründə real effektiv məzənnə (qeyri-neft ticarət çəkili) 15.9% ucuzlaşmışdır. Bu nominal effektiv məzənnənin 17.3% ucuzlaşması hesabına baş vermişdir.
 
Real effektiv məzənnənin ucuzlaşması qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir edən, idxalı əvəzləyən və ixrac sahələrinin inkişafını stimullaşdıran amildir. (Marja)