Yeni tədris ilindən təhsil haqqı artırılacaq?

Ali məktəblərə tələbə qəbulunun başladığı dönəmdə təhsillə bağlı bütün məsələlər aktuallaşır. Bu mənada Təhsil Nazirliyi ali məktəblərdə 2015-2016-cı tədris ili üçün qəbul aparılan bəzi ixtisaslar üzrə təhsil haqlarının artırılması məsələsinə münasibət bildirib.
Nazirlikdən “Trend”in sorğusuna cavab olaraq bildirilib ki, ali məktəblərdə artıq adambaşına maliyyələşdirmə mexanizmi tətbiq edilir. Bununla əlaqədar ali təhsil müəssisələri gəlir və xərclərini özləri müəyyənləşdirirlər.
Belə ki, ayrı-ayrı ixtisaslar üzrə təhsil haqlarının müəyyənləşdirilməsi ali təhsil müəssisələrinin səlahiyyətindədir.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu söyləyir ki,  təhsilhaqqının artırılması ali məktəblərin səlahiyyəti çərçivəsində olan məsələdir. Ekspertə görə  təhsilhaqqının artırılmasının nə qədər etik məsələ olması isə başqa bir nüansdır. Insanların sosial vəziyyətinin olduqca aşağı olduğunu vurğulayan ekspert, xüsusilə manatın məzənnəsinin aşağı düşməsindən sonra iş yerlərinin sıradan çıxmasını nəzərə alanda, alıcılıq qabiliyyəti aşağı düşən əhalinin gəlirləri baxımından təhsilhaqqını artırmağı tamam yersiz sayır:
“Belə bir şəraitdə insanların övladının təhsilhaqqısını  ödəmək onların imkanı xaricindədir. Hökumət bir tərəfdən xaricə təhsil almağa gedən tələbələrin qarşısını almağa çalışaraq maliyyə axınını ölkəyə yönəltməyə çalışır, digər tərəfdən də belə sərt şərtlər irəli sürür. Təhsil haqqının günü-gündən artırılması insanları daha ucuz təhsilin ardınca getməyə məcbur edir. Gələn il üçün təhsil haqqının artırılması bir daha iqtisadi cəhətdən sübut edir ki, milli valyuta güclü şəkildə dəyərdən düşüb”.
Nigar