Yanan bina ilə bağlı “tender əməliyyatı”

Binanın təmiri Bəylər Əyyubovun adamına tapşırılıb

 
Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mayın 19-da Binəqədi rayonu Azadlıq prospektində yanan binanın təmir edəcək şirkətin adını açıqlayıb. O, bu barədə “Yeni Müsavat”a deyib: “Tender vasitəsilə bir şirkət seçilib, həmin şirkət tərəfindən bina yüksək səviyyədə təmir olunacaq. Narahatçılığa heç bir əsas yoxdur.
Mənzil Kommunal Təsərrüfat Birliyi birbaşa sifarişçidir. Nazirlər Kabinetinin qərarı ilə birbaşa müqavilə bağlanılması təklif  olunub. Ona görə də, ”Aqrartikinti" ASC hazırda həmin 16 mərtəbəli binanı təmir edir. Bu şirkət tenderin qalibi olub. Nazirlər Kabinetinin qərarı var. Bakı Şəhər Icra Hakimiyyətinə ümumilikdə bu məsələləri həll etmək üçün ilkin məbləğ olaraq, 5 milyon manat ayrılıb. Tikinti-təmir işlərinin aparılması üçün bu şirkətlə müqavilə bağlanıb və hansı işi görəcəklərsə, o qədər də pul ödəniləcək. Ancaq bu vəsait təkcə təmir-bərpa üçün deyil, sakinlər üçün vəfat edənlər, yaralananlar və kirayə evlərə yerləşdirilməyə görə kompensasiyaların ödənilməsi də buraya daxildir. Kompensasiyalar ödəniləndən sonra qalan vəsait tikintiyə sərf olunacaq".
“Tender haqqında” Qanunda qeyd olunur ki, tenderin elan olunması barədə mətbuatda məlumat dərc olunmalıdır. Məlumat üçün deyək ki, yanan binanın təmir olunması ilə bağlı açıq tender keçirilməlidir. Qapalı tenderə təmir-tikinti işləri daxil deyil. Qanun belə deyir. Açıq tenderin elan olunması barədə isə qanunun 11.1-ci maddəsində bildirilir: “Açıq tenderin elan olunması haqqında mətbuatda ilk məlumat tender prosedurunun keçirilmə günündən azı 30 bank günü, ikinci dəfə isə tender prosedurunun keçirilmə günündən azı 20 bank günü əvvəl azı iki dəfə verilir. Tenderdə xarici iddiaçıların iştirakı nəzərdə tutulduğu halda elan eyni müddətlərdə beynəlxalq miqyasda yayılan mətbuatda da verilir”.
Yanğın mayın 19-da baş verib. Qanuna müvafiq olaraq tender prosedurunun keçirilməsindən 30 gün əvvəl  onun təmiri ilə bağlı tender elan olunmalı idi. Amma yanğından 6 gün sonra Hacıbala Abutalıbov artıq tenderin keçirildiyini və qalibin müəyyənləşdirildiyini deyir. Bu qısa müddətdə tenderin elan olunması, şirkətlərin xidmətlərinin dəyərləndirilməsi sadəcə mümkün deyil. Digər tərəfdən tender elan olunması barədə  ümumiyyətlə heç bir məlumat yoxdur.
“Aqrartikinti” ASC-yə gəlincə, bu şirkətin rəhbəri deputat Ağalar Vəliyevdir. Onun prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın şəxs olduğu deyilir. Qeyd edək ki, dünənki sayımızda binaların yenidən üzlənməsinin Ağalar Vəliyevə tapşırıldığı barədə məlumat vermişdik.