“Global Construction”un Mingəçevirdəki “əl işləri” sökülür

Şirkət bu şəhərdə 15-dən artıq binanı şikəst edib

 
Mayın 19-da Bakıdakı yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnən faciəvi yanğından sonra Mingəçevir şəhərində də binaların fasadlarına vurulmuş sintetik və odadavamsız üzlüklərin sökülməsi prosesinə start verilib. Söküntü işlərinə şəhərin N.Rəfibəyli küçəsindəki beşmərtəbəli yaşayış binasından başlanılıb. Mingəçevir şəhər Icra Hakimiyyətindən “Azadlıq”a bildiriblər ki, şəhər ərazisində yalnız poliuretanla üzlənmiş binaların fasadına vurulmuş sintetik üzlüklər söküləcək. Sökülən üzlüklərin hansılarla əvəz olunacağına dair heç bir məlumat verilmir.
Qeyd edək, Mingəçevir şəhərində yaşayış binalarının fasad və interyerinə poliuretan örtüklərinin quraşdırılmasını həyata keçirən şirkətlərdən biri də adı məlum yanğın qalmaqalında hallandırılan və rəhbərliyi barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci –  ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci – ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanan “Global Construction” MMC-dir.
Şirkət ümumilikdə son 2 ildə Mingəçevirdə iki 3, iki 4, səkkiz 5, iki 9, iki 12 mərtəbəli yaşayış binasının fasad və interyerinə poliuretan örtüklərinin quraşdırılmasını həyata keçirib. Və xoşbəxtlikdən bu binaların, demək olar, tən yarısının yalnız magistrala, prospektə baxan hissələri bəzədilib, arxa küçələr isə bərbad gündə qalıb.
Yeri gəlmişkən, Satınalmalar üzrə Dövlət Agentliyinin saytında “Global Construction” MMC-yə 2013 və 2014-cü illər ərzində Mingəçevir şəhərində yüksəkmərtəbəli yaşayış binalarının fasad hissələrinin təmiri, üzlənməsi və işıqlandırılması işlərinin satın alınması üçün 13999119,05 manat vəsait ayrıldığı qeyd olunub.
Azər