
Əvvəla, məmur başa düşməlidir ki, bu adamlar hakimiyyətin məsuliyyətsizliyinin qurbanına çevrilmiş adamlardı. Deməli, insanları təmkinlə dinləmək, qaneedici cavablar vermək lazımdır. Indiki halda isə bu məmurun ətrafdakılara münasibəti növbəti yanğın təsiri bağışlayır. Hakimiyyət binalardan tezalışan üzlükləri sökdüyü kimi, hər sözü yanğına səbəb ola biləcək məmurları da tərbiyə etməlidir. Evini, pulunu, doğmasını itirmiş adamlara kobud cavab vermək, bu insanları ikinci dəfə yandırmaq deyilmi?
Necə ki, “çıxış yolu” kimi sintetik üzlüklü binaların ətrafına yanğınsöndürən maşınları düzmüsünüz, eləcə də bu “yanğın yaradan” məmurların ətrafına “stop” deyə bilən nəzarətçilər yerləşdirin. Prezidentin qarşısında ikiqat əyilib, hər cümləsindən sonra “möhtərəm, cənab” deyən məmurlar, vətəndaşın şikayətinə, jurnalistin sualına niyə eyni sayğı ilə cavab vermir? Bu məmurlar xalqın xidmətçisi deyilmi?
Onsuz da bu yanğın hadisəsi hamını aqressiv edib. Yaxşı olar ki, bu “penoplast məmurlar” da öz məsuliyyətini başa düşsün. Yoxsa, onların bu kobudluğu elə bir yanğın yaradacaq ki, heç kimin söndürməyə həvəsi olmayacaq.
Hakimiyyətin kadr defisiti
Xatırlayırsıza, bir müddət öncə PA rəhbəri Ramiz Mehdiyev etiraf etdi ki, Prezident Aparatında işə götürmək üçün savadlı hüquqşünas tapa bilmirlər. Amma ümumi mənzərəni nəzərdən keçirəndə məlum olur ki, hakimiyyətin, ümumiyyətlə, kadrı yoxdur. Yəni, cəmiyyətə müsbət enerji verən, səmimi təsir bağışlayan, insanların simpatiyasını qazanmış, ətrafa intellekt saçan kadr göz dəymir. Şəhərin meri “ölkədə bir nəfər kişi var, o da cənab prezidentdir” deyir. Baş nazirin müavini vətəndaşa “nağıl danışma” söyləyir. Bir deputat enerji siyasətimizi Rusiya ilə razılaşdırmağı təklif edir. Başqa bir deputat Avropa oyunlarına görə sevinməyənləri “ermənidən betər” adlandırır. PA-nın şöbə sədri “Tvitter”də Qərbi korrupsioner, terrorist adlandırır. Başqa bir PA rəsmisi müxalifəti “ermənilərdən maliyyələşməkdə” ittiham edir. Xarici işlər naziri “Görüş uğurlu alındı, amma heç bir irəliləyiş yoxdur” açıqlaması ilə çıxış edir. Belə faktlar 100-lərlədi. Hakimiyyət komandasında mötəbər qəbul edilən, adamların həvəslə dinləyə biləcəyi kadr yoxdur. Tağı Əhmədovun, Hacıbala Abutalıbovun çıxışları gülüş hədəfinə çevrilib. Yəni hakimiyyətin kadrları, kadra çevrilməmiş adamlardan ibarətdir.
Görünür, analoqsuz ölkəyə çevrilmək üçün, analoqu olmayan kadrlara sahib olmaq lazımdır. Son yanğın hadisəsindən sonra da həbs etməyə kadr tapmadılar. JEK müdirini, icra başçısının sabiq müavinini hədəf seçdilər.