DIN-dən Cəlalilabaddakı intiharla bağlı açıqlama

“Bir sıra KIV-lərdə Cəlilabad rayonunun Göytəpə şəhər  sakini  Mirtahir  Mürsəlovun döyülməsi və təhqir olunması ilə bağlı etdiyi müraciətlərə baxılmadığına görə özünü yandırması barədə yayılan məlumatlar, əslində, baş vermiş hadisənin mahiyyətinin təhrif olunmuş formada çatdırılmasına xidmət edən, ictimai rəyi məqsədli şəkildə çaşdırmağa yönəlmiş dezinformasiyalardır”.
Bu sözləri “Azadlıq”a DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Cəlilabad sakini Mirtahir Mürsəlovun müraciətlərinə baxılmadığına özünü yandırması barədə gedən xəbərlərə münasibət bildirərkən deyib. O daha sonra deyib ki, 2014-cü il və cari ilin ötən dövründə Mirtahir Mürsəlov Cəlilabad Rayon Polis Şöbəsinə və rayon prokurorluğuna ən müxtəlif məsələlərlə bağlı 4 dəfə müraciət edib, bütün hallarda da həmin müraciətlər əsasında zəruri araşdırmalar aparılıb və qanunvericiliyə uyğun olaraq müvafiq qərarlar qəbul edilib: “Indi yaxınları tərəfindən əsassız olaraq Qarabağ müharibəsinin veteranı və 20 Yanvar hadisələrinin iştirakçısı kimi təqdim olunan Mirtahir Mürsəlov hələ sovet dönəmində ordu sıralarında qulluq edərkən hərbi xidmətdən yararsız kimi tərxis olunub. O, heç bir halda müharibə veteranı və ya 20 Yanvar hadisələrinin iştirakçısı olmayıb.
Cari il mayın 19-da axşam sərxoş halda Göytəpə PB-yə gələn M.Mürsəlov bir neçə şəxs tərəfindən döyüldüyünü iddia edib, əməkdaşlar tərəfindən bu barədə müvafiq ərizə ilə polisə müraciət etmək təklif olunsa da o, bundan imtina edib. M.Mürsəlovun ailə üzvlərinin yerli hüquq-mühafizə orqanları tərəfindən incidilməsi və təqib olunması barədə səslənmiş ittihamlar da əsassızdır.
Araşdırmalar zamanı müəyyən  edilib  ki, 1987-ci ildən indiyədək soyğunçuluğa, xuliqanlığa və digər cinayətlərə görə 6 dəfə məhkum olunmuş Mirtahir  Mürsəlovun Cinayət Məcəlləsinin anoloji maddələrilə təqsirləndirilməsinə  dair  sonuncu iş üzrə məhkəmənin  04.04.2005-ci  il  tarixli  qərarına  əsasən,  o, cinayət  məsuliyyətindən  və  cəzadan  azad  edilməklə, barəsində tibbi  xarakterli  məcburi  müalicə tədbiri tətbiq  edilib. Xatırladaq ki, bu şəxs 2001-ci ildən ruhi  əsəb  xəstəlikləri dispanserində qeydiyyatda olub". 
Xatırladaq ki, Mirtahir Mürsəlov mayın 19-da Cəlilabad Rayon Polis Idarəsinin qarşısında ailəsinə qarşı olunan haqsızlıqlara etiraz əlaməti olaraq özünü yandırıb.